Azərbaycan nümayəndə heyəti Qətər Milli Muzeyinin yeni binasının açılış mərasimində iştirak edib
Bakı, 29 mart, AZƏRTAC
Qətər dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Əl-Saninin himayəsi altında Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Muzeyinin yeni binasının təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva təmsil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, muzeyin rəsmi açılış mərasimində Qətər dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Əl-Sani çıxış edərək ölkəsinin tarixi, onun mədəniyyəti və zəngin irsi haqqında qısa məlumat verib.
Sonra tədbir iştirakçıları Qətərin tarixini və mədəniyyətini özündə yaşadan Qətər Milli Muzeyinin müasir və möhtəşəm arxitekturası, göz oxşayan interyeri, ekspozisiya və sərgi zalları, nümayiş olunan eksponatlar və onların tarixləri, habelə muzeyin gələcək fəaliyyəti ilə yaxından tanış edilib. Muzeydə Qətərin qədim tarixi məişət əşyaları, xalça və tikmə məmulatları, döyüş silah növləri, dünya incəsənəti nümunələri və müasir əl işləri nümayiş etdirilir. Məşhur fransız memarı Jan Nuvel tərəfindən modernləşdirilmiş muzeyin yeni binasında ən son müasir texniki avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunub.
Muzeylə tanışlıqdan sonra Qətər Əmirinin adından qonaqların şərəfinə ziyafət verilib.
Ziyafətin sonunda Şeyx Təmin bin Həməd Əl-Sani ilə görüşən nazir müavini Sevda Məmmədəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını, möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik etməsini Qətər dövlətinin rəhbərinə çatdırıb. Qətərin Əmiri isə öz növbəsində Qətər xalqının önəmli günündə Azərbaycan nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və ölkə rəhbərliyinə öz dərin təşəkkürünü bildirib.
Daha sonra nazir müavini Qətərin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd, Qətər Muzeyləri direktorları şurasının sədri Şeyxa əl-Mayassa bint Həməd bin Xəlifə Al Sani və Qətər Təhsil, Elm və İcma İnkişafı Fondunun sədr müavini və icraçı direktoru Şeyxa Hind bint Həməd bin Xəlifə Al-Sani ilə görüşərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın salamlarını çatdırıb və muzeyin açılışı münasibətilə bağlı öz xoş təəssüratlarını bölüşüb.
Sevda Məmmədəliyeva Qətər Muzeyləri direktorları şurasının sədri ilə görüşü zamanı Azərbaycan ilə Qətər muzeyləri arasında əməkdaşlığın qurulmasından söhbət açıb və Azərbaycan Milli İncəsənət Muzeyinin fondundan “Azərbaycan El Sənəti”, habelə ölkəmizin xalçaçılıq sənətinə aid “Stars of Caucasus” adlı kitabları ona hədiyyə edib.
Qətər Muzeyləri direktorları şurasının sədri Şeyxa əl-Mayassa bint Həməd bin Xəlifə Al Sani Azərbaycan ilə Qətər arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılmasını, iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulması üçün zəruri tədbirlərin görüləcəyini qeyd edib və Azərbaycan tərəfinin Qətər Milli Muzeyinin açılış tədbirində iştirakı ilə bağlı öz minnətdarlığını bildirib.
Sözügedən tədbirlərdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov da iştirak edib.