Azərbaycan nümayəndə heyəti Türkiyədə səfərdə olub
İstanbul, 12 mart, AZƏRTAC
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədovun daxil olduğu nümayəndə heyəti Türkiyənin Mersin vilayətində səfərdə olub.
Səfər Bakının Xətai rayonu ilə Türkiyənin Mersin şəhəri, eləcə də Mersinin Xətai rayonu ilə qardaşlaşmış Tarsus rayonu arasında əməkdaşlıq əlaqələri çərçivəsində həyata keçirilib. Bu əlaqələrin nəticəsi olaraq Tarsusda 2,5 hektar ərazidə salınan Heydər Əliyev Parkında yenidənqurma işləri tamamlanmaq üzrədir. Səfər çərçivəsində nümayəndə heyətimiz, eləcə də azərbaycanlı və türkiyəli mütəxəssislər Heydər Əliyev Parkında görülən işlərlə tanış olublar. Ərazinin abadlaşdırılması, idman meydançaları, uşaqlar üçün əyləncə meydançalarının yaradılması, peyzaj işləri ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyətinin qonaq kimi iştirakı ilə Mersin Bələdiyyə Məclisinin toplantısı keçirilib. Toplantıda Xocalı soyqırımının pislənməsi ilə bağlı qətnamənin qəbul edilməsi məsələsi Məclisin gündəliyinə daxil edilib. Yaxın günlərdə qəbul edilməsi nəzərdə tutulan qətnamə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin nəticəsi olacaq.
Toplantıdan sonra Mersin Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, deputat Hüseynbala Mirələmov və nümayəndə heyətinin digər üzvləri Xocalı soyqırımı ilə bağlı qəbul edilən mühüm qərara görə Mersin Bələdiyyəsinə minnətdarlıqlarını bildiriblər.
Bələdiyyə sədri Burhanəddin Kocamaz bu addımı Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, 2012-ci ildə Bakıya etdiyi səfər zamanı paytaxtımızda gördüyü inkişafın onda yaratdığı xoş təəssüratlar barədə danışıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanları haqqında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətimiz Xətai rayonu ilə geniş əməkdaşlıq tarixinə malik olan Tarsusda da olub.
Xatırladaq ki, 2007-ci ildə başlanan əməkdaşlıq çərçivəsində 2011-ci ilin mart ayında Tarsusdakı Berdan çayı üzərindən salınan körpüyə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.
Körpü ilə Tarsusun məşhur şəlaləsi arasındakı 2,5 hektar ərazidə park yaradılıb. Hazırda Heydər Əliyev Parkında aparılan əsaslı yenidənqurma işləri tamamlanmaq üzrədir. Məqsəd son illərdə tarsusluların, rayonun qonaqlarının sevimli istirahət yerlərindən biri kimi tanınan parkın daha müasir standartlara uyğun istirahət mərkəzinə çevrilməsidir.
Nümayəndə heyətinin üzvləri Tarsus bələdiyyəsində də olublar.
Görüşdə Tarsus və Xətai rayonunun yeni seçilmiş bələdiyyə sədrləri Şövkət Can və Teymur Məmmədov əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul