AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ÜMUMDÜNYA FORUMUNDA İŞTİRAK ETMİŞDİR
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova AZƏRTAC-ın müxbirinə demişdir ki, tədbiri bu sahədə aparıcı dövlətlərdən biri olan Almaniyanın İqtisadi İnkişaf və Əməkdaşlıq, Ətraf Mühit Məsələləri və Təbiəti Mühafizə nazirlikləri təşkil etmişdir.
Forumun məqsədi bərpa olunan enerji resurslarından istifadə sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, inkişaf etmiş dövlətlər, beynəlxalq bank və qurumlar, fiziki, hüquqi şəxslər tərəfindən bu sahəyə sərmayələri cəlb etmək olmuşdur.
Müxtəlif ölkələrdən 1000-ə yaxın nümayəndənin iştirak etdiyi Forumun sonunda siyasi deklarasiya qəbul olunmuşdur.
Azərbaycan parlament nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirmiş, Azərbaycanda bərpa olunan enerji resurslarından istifadə qaydaları, bu sahədəki problemlər və digər məsələlər barədə ətraflı söhbət açmışlar.