AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ÜZVLƏRİNİN MANDATLARI TƏSDİQLƏNMİŞDİR
X X X
Monitorinq komitəsinin yanvarın 24-də keçirilmiş yığıncağının Azərbaycan nümayəndə heyətinin üzvlərinin mandatları məsələsinin AŞPA sessiyasının gündəliyə çıxarılması barədə qərarı ilə razılaşmayan A.Qross prosedura qaydalarına uyğun olaraq, qurumun katibliyinə ərizə ilə müraciət etmiş və Monitorinq komitəsinin bu məsələyə yenidən baxılması tələbini qoymuşdur.
Onun ərizəsi əsasında yanvarın 25-də Monitorinq komitəsinin növbəti toplantısı keçirildi. Əvvəlki qərarında israrlı olan komitə yenə məsələnin sessiyanın gündəliyinə çıxarılmasını qərara aldı. Səsvermə zamanı komitə üzvlərindən 21 nəfəri bunu dəstəklədi. 10 nəfər isə qərarın əleyhinə səs verdi.
Sessiyada məsələ ilə bağlı Böyük Britaniyadan olan deputat Toni Lloyd məruzə etdi. Məruzəçi Azərbaycanda demokratik islahatların aparıldığını, bu sahədə nəzərəçarpacaq irəliləyişlər olduğunu, noyabr ayında keçirilmiş parlament seçkilərinə Avropa Şurasının xüsusi diqqət yetirdiyini deputatların diqqətinə çatdırdı, bununla yanaşı, seçkilər zamanı bəzi nöqsanlara yol verildiyini bildirdi. O, bunun gənc demokratik dövlətlər üçün ilk dövrlərdə xarakterik bir hal olduğunu bildirdi və Avropa Şurasını həmin ölkələrlə ciddi işlər aparmağa çağırdı.
Məruzə ətrafında çıxış edən Azərbaycan üzrə həmməruzəçilər A.Qross və A.Herkel, hollandiyalı deputat Leo Platvoet həmişə olduğu kimi, yenə də ölkəmizə qarşı qara yaxmağa səy göstərdilər. Onlar guya Azərbaycan xalqının özləri kimi deputatlardan kömək umduqlarını, seçkilərdə “ciddi nöqsanlara yol verildiyini” bəhanə gətirərək, nümayəndə heyətimizin üzvlərinin müvəqqəti olaraq səsvermə hüququndan məhrum olunmasını təklif etdilər.
Lakin onların bu təklifi dəstəklənmədi. Deputatlardan Eduard Linter (Almaniya), Maykl Hankok və Robert Valter (İngiltərə), Leonid Slutski (Rusiya) öz çıxışlarında qara yaxmaqla məşğul olan A.Qrossa, A.Herkelə və Leo Platvoetə layiqli cavab verərək, gənc müstəqil ölkədə istər iqtisadi, istərsə də demokratik sahələrdə böyük inkişaf olduğunu, seçkilər zamanı baş vermiş nöqsanların heç də bilərəkdən baş vermədiyini, avropalı deputatların Azərbaycan xalqı ilə birlikdə işləməsi və hərtərəfli kömək göstərməsinin vacibliyini, Azərbaycanda gedən uğurlu islahatlara göz yummağın bağışlanmaz hal olduğunu bildirdilər.
Onlar bəzi deputatların Azərbaycana qarşı belə qərəzli mövqeyini başa düşmədiklərini söyləməklə yanaşı, may ayında bəzi dairələrdə təkrar seçkilərin daha demokratik keçəcəyinə əmin olduqlarını bildirdilər.
Türkiyəli deputat Mövlud Çavuşoğlunun çıxışı xüsusi təsir bağışladı. Qardaş ölkənin millət vəkili çıxışında A.Qrossun özünü guya sadə xalq kütləsinin dostu kimi göstərməklə avropalı deputatların rəğbətini qazanmağa ümid etdiyini, əslində isə, bu hərəkəti ilə demokratik inkişaf yolunu tutmuş bir xalqın uğurlarına kölgə saldığını xüsusi vurğuladı.
A.Çavuşoğlu deputatların bir tərəfdən, Azərbaycanda mühüm dəyişikliklər və inkişaf olduğunu qeyd etdikləri halda, digər tərəfdən, dediklərini inkar etmələrini başa düşmədiyini bildirdi.
Deputatlarımız Səməd Seyidov, Gültəkin Hacıyeva, Aydın Abbasov və Əli Hüseynov Azərbaycan üzrə həmməruzəçilərin ölkəmizə qarşı həmişə qərəzli münasibət bəslədiyini vurğuladılar, Azərbaycana qarşı sanksiyaların tətbiqində israrlı olan bu deputatların nə üçün ərazilərimizin 20 faizini işğal etmiş təcavüzkar Ermənistana qarşı sanksiyalar tələb etmədiklərini soruşdular. Demokratiyanın bir neçə ildə deyil, uzun bir proses zamanı formalaşdığını, seçkilər zamanı barmaqların rənglənməsinin və min beş yüzdən artıq namizədin deputat mandatı uğrunda mübarizə aparmasını xatırladan deputatlarımız seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirdilər və qeyd etdilər ki, bütün bu faktlar əsil demokratiyadan xəbər verir.
Ölkəmizin Avropaya inteqrasiya etdiyini və Avropa Şurasının prinsiplərini əsas tutduğunu xatırladan deputatlarımız Azərbaycan barədə qərarın seçkilər tam baş çatdıqdan sonra verilməsinin vacibliyini bir daha vurğuladılar. Eyni zamanda, bildirdilər ki, demokratik inkişaf yoluna qədəm qoymuş gənc və suveren Azərbaycanda bəzi problemlər vardır və ölkə rəhbərliyi bunların aradan qaldırılmasına ciddi səy göstərir.
Çıxışlardan sonra məsələ ilə bağlı qətnamə layihəsinə düzəlişlərin müzakirəsi keçirildi. Leo Platvoet layihəyə azərbaycanlı deputatların iyun ayına qədər səsvermə hüququndan məhrum olunmasına dair bəndin daxil edilməsinə səy göstərdi. Amma səsvermə zamanı 141 deputat bu düzəlişin layihəyə salınmasının əleyhinə çıxdı.
Axırda qətnamə layihəsi səsə qoyuldu.139 deputat Azərbaycan nümayəndə heyəti üzvlərinin öz səlahiyyətlərini davam etdirməsinin və onların mandatlarının təsdiq olunmasının lehinə səs verdi. 20 nəfər isə əleyhinə çıxdı. Beləliklə, nümayəndə heyətinin gərgin işi sayəsində deputatlarımızın mandatı təsdiq edildi.
İclasdan sonra AZƏRTAC-ın müxbiri deputatlarımızın bir neçəsindən müsahibə almışdır.
ƏLİ HÜSEYNOV: Bir daha hamı üçün aydın oldu ki, Avropa Şurası özünün demokratiya ideallarına sadiqdir. Avropa Şurası ayrı-ayrı şəxslərin emosiyasını və şəxsi ambisiyasını rəhbər tutmadı. Demokartiya ideallarını və Avropa standartlarını özünün əsas prinsipi kimi bir daha göstədi və göründüyü kimi, bu cür qərar qəbul edildi.
Nümayəndə heyətimiz də bir daha sübut etdi ki, o, Azərbaycan Avropa ailəsinin tamhüquqlu üzvüdür. Müəyyən problemlərə və çətinliklərə baxmayaraq, Azərbaycan hakimiyyətinin, ölkəmizin Prezidentinin islahatlar aparmaq, ölkəni daha da demokratikləşdirmək iradəsi bəyan edilib və həyata keçirilir. Bu, bir daha hamıya aydın oldu.
Mən əminəm ki, məhz Prezident İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində qarşıdakı təkrar seçkilər daha uğurlu, daha demokratik olacaqdır. Azərbaycan nümayəndə heyəti də AŞPA-dakı fəaliyyətini davam etdirəcək və bununla da ölkəmizin Avropaya inteqrasiyasına öz töhfəsini verəcəkdir. Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə dediyi kimi, həm Azərbaycan Avropa Şurasına öz töhfəsini verəcək, həm də Avropa Şurası Azərbaycandan bəhrələnəcəkdir. Bu fikir indi də aktualdır. Nümayəndə heyətimiz ulu öndərimizin bu xəttinə daim sadiq qalacaqdır.
AYDIN MİRZƏZADƏ: Bu, ölkəmizin Avropa Şurasına üzv olduğu beş il ərzində bizim üçün ən ağır və gərgin günlər idi. Azərbaycanın Avropaya inteqrasiyasında maraqlı olmayan, ölkəmizi demokratik görmək istəməyən qara qüvvələrin cəhdləri bir daha iflasa uğradı. Onlar burada təxribat yaradaraq, Azərbaycanı Avropa Şurasının divarlarından kənarda qoymaq və bu təşkilatla ölkəmiz arasında uçurum yaratmaq arzusunda idilər. Amma iki gün ərzində Monitorinq komitəsində gedən müzakirələrdə və eyni zamanda, sessiyadakı müzakirələrdə Avropa Şurası nümayəndələrinin ümumən, Azərbaycana etimad göstərdiklərinin, ölkəmizdə gedən demokratik dəyişiklikləri dəstəklədiklərinin bir daha şahidi olduq.
Avropa Şurası Azərbaycanla əməkdaşlığa ciddi diqqət yetirdiyini, onun demokratik inkişafında irəliləyişlər olduğunu bir daha vurğuladı və səsvermənin nəticəsi bunun bariz nümunəsidir.
Azərbaycan nümayəndə heyəti bundan sonra da AŞPA çərçivəsində səmərəli işləməyi, Azərbaycan həqiqətlərini bu yüksək tribunadan beynəlxalq ictimaiyyətə çatdırmağı, ölkəmizin problemlərinin həllində bu qurumun potensialından istifadə etməyi özünün əsas məqsədi sayacaqdır. bizim yolumuz Avropaya inteqrasiyadır, demokratiya yoludur, bizim yolumuz qabaqcıl Avropa dövlətlərinin təcrübəsinin Azərbaycanda qəbul edilməsidir.
ƏKRƏM ABDULLAYEV: Sessiya başlandığı gündən onun işində yaxından iştirak edirik. Bu müddət ərzində nümayəndə heyətimizin səlahiyyətləri ilə bağlı müəyyən problemlər var idi. Bu gün nəhayət ki, siyasi qrupların yekun rəyinə və Monitorinq komitəsinin son qərarına əsasən, Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri təsdiqləndi. Sözsüz ki, AŞPA-nın deputatları arasında ölkəmizi istəməyən və azərbaycanlı deputatların mandatlarının təsdiq edilməsinə maraq göstərməyənlər var. Nümayəndə heyətinin və ölkəmizin Avropa Şurası yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində məsələ öz müsbət həllini tapdı.
X X X
Sessiyanın sonunda kommunist rejimi cinayətlərinin beynəlxalq səviyyədə pislənilməsi ilə əlaqədar məsələ müzakirə olunmuşdur.