SİYASƏT
AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ ALMANİYA BUNDESTAQINA SEÇKİLƏRDƏ BEYNƏLXALQ NƏZARƏTÇİLƏR KİMİ İŞTİRAK ETMİŞLƏR
Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Almaniya bundestaqına seçkilərə nəzarət etmək məqsədi ilə sentyabrın 19-dan 23-dək Berlində olmuşlar. Azərbaycan müşahidəçilər qrupunun tərkibinə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclisin deputatı Nairə Şahtaxtinskaya və Milli İstiqlal Partiyasının təmsilçisi Nazim İmanov daxil idilər.
Cənubi Qafqaz dövlətlərindən, o cümlədən Azərbaycandan gəlmiş nəzarətçiləri elə həmin gün Almaniya bundestaqının sədri Volfqanq Tirze və Berlin Mərkəzi Seçki Komissiyasının sədri Severin Holman qəbul etmişlər. Onlar Qonaqları Berlinin Pankov rayon seçki dairəsində seçkilərə hazırlıq işləri haqda ətraflı məlumatlandırmışlar.
Sentyabrın 20-də qonaqlar Berlində Almaniya Xarici Siyasət Cəmiyyətinin dəvəti ilə “Cənubi Qafqazda münaqişələr” mövzusunda simpoziuma cəlb olunmuş, çoxsaylı suallara cavab vermişlər. Hər birinə 10 dəqiqə şərh və açıqlama vaxtı verilən Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri Cənubi Qafqaz regionunda siyasi vəziyyətin, o cümlədən Ermənistan-Azərbaycan, gürcü-abxaz münaqişələrinin həllində mövcud durumun təhlilini vermişlər.
Ermənistan parlamenti sədrinin müavini Abramyanın Ermənistan-Azərbaycan münaqişəsi barədə uydurmalarına Azərbaycan nümayəndələri əsaslı və tutarlı cavablar verərək qətiyyətlə qeyd etdilər ki, Dağlıq Qarabağ və onun ətrafındakı bölgələri işğal etməklə Ermənistan Respublikası Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürmüş, onun ərazi bütövlüyünə müdaxilə etmişdir.
Azərbaycan nümayəndələri vurğuladılar ki, münaqişənin tez bir zamanda sülh yolu ilə aradan qaldırılması, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətində Azərbaycan tərəfinin səyləri Ermənistanın qeyri-konstruktiv sərt mövqeyi ilə qarşılanır.
Nümayəndələrimiz simpoziumda iştirak edən siyasətçilərin bu günlərdə Bakıda təməl daşı qoyulan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istiqamətləri və Ermənistanın bu regional əməkdaşlıqdan təcrid olunması haqda suallarına birmənalı şəkildə cavab verdilər ki, Ermənistanın regional əməkdaşlığa qoşulması Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi əsasında ədalətli həllindən sonra mümkün ola bilər.
Elə həmin gün qafqazlı müşahidəçilər Reyxstaqın binasında olmuş, bundestaqın vəzifələri və iş üsulu ilə tanış olmuş, parlamentin Qafqaz ölkələri ilə əməkdaşlıq qrupunun sədri Vinfrid Mante ilə görüşmüşlər. Söhbət zamanı Cənubi Qafqazda baş verən münaqişələr, onların aradan qaldırılmasının konstruktiv yolları, Almaniya və Cənubi Qafqaz dövlətləri arasında əlaqələrin indiki vəziyyəti, inkişaf perspektivləri diqqət mərkəzində olmuşdur.
Sonra qafqazlı beynəlxalq müşahidəçilər Almaniyanın mərkəzi televiziya kanalı ZDF-in binasında olmuş, studiyanın baş direktoru Peter Freyin “Kütləvi informasiya vasitələrinin seçkilərdə rolu” mövzusunda məlumatını dinləmiş və fikir mübadiləsi aparmışlar.
Seçkilərin keçirildiyi bazar günü - sentyabrın 22-də müşahidəçilər “Siyasi hakimiyyət uğrunda mübarizədə siyasi partiyaların rolu” mövzusunda söhbətdə iştirak etdikdən sonra Berlin Şəhər Seçki Komissiyasının sədri Puşkaşın və 76 nömrəli seçki dairəsinin rəhbəri Aysnerin müşayiəti ilə 514, 517, 519, 520 nömrəli seçki məntəqələrini gəzmiş və seçkilərin gedişi ilə tanış olmuşlar.
Həmin gün seçkilərin sona yetməsi ərəfəsində müşahidəçilər Sosial- Demokrat Partiyasının Villi Brandt adına mərkəzində SDP -nin bundestaq seçkilərində qazandığı səslərin ilkin nəticələrinə yekun vurulmasına nəzarət etmişlər.
Bundestaqa seçkilərin ilkin vəziyyəti və nəticələri belədir: XDB/XSB-38,9, SDP-38,1, Yaşıllar - 8,8, ADP-7,5, DSP-3,8, digər partiyalar - 2,9 faiz.
Yusif Xəlilov,
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin