AZƏRBAYCAN OMBUDSMANI XİROSİMA ŞƏHƏRİNDƏ BEYNƏLXALQ FORUMDA İŞTİRAK ETMİŞDİR
Yaponiyanın Xirosima şəhərində Uşaqlar üçün Qlobal Dini Şəbəkə (UQDŞ) tərəfindən üçüncü beynəlxalq forum keçirilmişdir. Forumda ölkəmizi Azərbaycan Respublikasının insan hüquqları üzə müvəkkili Elmira Süleymanova təmsil etmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, 30-dan çox ölkədən 300 iştirakçının - dini liderlər, beynəlxalq ekspertlər və BMT-nin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçirilən forum “Ariqato” Fondu və onun çərçivəsində yaradılmış Uşaqlar üçün Qlobal Dini Şəbəkə tərəfindən təşkil edilmişdi.
Beynəlxalq tədbirin keçirilməsində əsas məqsəd bütün dünyada uşaqların hüquqlarını və onların rifahını müdafiə etmək barədə BMT-nin öhdəliklərinin həyata keçirilməsini gerçəkləşdirməkdən ibarətdir.
Konfransda əsasən uşaqların təlim-tərbiyəsi, hüquqlarının müdafiəsi barədə müzakirələr aparılmışdır.
E.Süleymanova erməni təcavüzünün nəticələri barədə ətraflı məlumat vermiş, respublikamızda insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər, ombudsmanın bu istiqamətdə fəaliyyəti barədə danışmışdır.
Forum zamanı yoxsulluq, zorakılıq və ətraf mühit mövzularında müzakirələr aparılmış, regionlar üzrə müzakirələr keçirilmişdir.
Tədbir çərçivəsində 7 regiondan olan ölkələrin sərgisi keçirilmişdir. Azərbaycan Ombudsmanının təşəbbüsü ilə ölkəmizə dair sərgi təşkil edilmişdir.
Forumun sonunda iştirakçılar yekun sənəd olan Xirosima Deklarasiyasını qəbul etmişlər.