ŞƏRH
Azərbaycan planetimizi düşündürən taleyüklü məsələlərin həllinə öz töhfələrini verir – ŞƏRH
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycanın COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artmasına və regiondakı liderlik mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı, ekoloji problemlərin həlli, iqlim dəyişiklikləri ilə mübarizə Azərbaycanın iqlim siyasəti ilə bağlı bir çox mühüm məsələləri gündəmə gətirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
Azərbaycanın iqlim dəyişiklikləri ilə bağlı mübarizədə fəal rol oynadığını deyən deputat bildirib ki, ölkənin enerji keçidi və dayanıqlı inkişaf strategiyasında bərpaolunan enerji mənbələrinə yönəlməsi, xüsusilə karbon emissiyalarının azaldılması və ekologiyanın qorunması çərçivəsində yanaşmaları bunun bariz nümunəsidir.
Dövlətimizin rəhbərinin COP29-un açılış mərasimindəki əhatəli nitqi real mənzərənin qiymətləndirilməsi kontekstində də olduqca əhəmiyyətlidir.
“Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycanın beynəlxalq imicini zəiflətmək, müstəqil xarici siyasətinə təsir göstərmək və strateji təşəbbüslərini gözdən salmaq məqsədilə bəzi Qərb dairələri COP29 ərəfəsində anti-Azərbaycan ritorikasını genişləndiriblər. Həmin qüvvələr, xüsusilə Ermənistanın havadarları müxtəlif yalan və feyk xəbərlərlə uğurumuzu gözdən salmağa çalışırlar. Lakin bütün cəhdlər nəticəsizdir", - deyə Günay Ağamalı bildirib.
O əlavə edib ki, Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edir və planetimizi düşündürən taleyüklü məsələlərin həllinə öz töhfələrini verir.