AZƏRBAYCAN POEZİYASI XARKOVDA UKRAYNA DİLİNDƏ SƏSLƏNMİŞDİR
Konsertdən əvvəl ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev həmvətənlərimizə və xarkovlulara təbrik nitqi ilə müraciət etmişdir. O, azərbaycanlıların həmrəyliyi ideyasını dövlət siyasəti səviyyəsinə qaldıran ulu öndər Heydər Əliyevin millətin hər vasitə ilə gücləndirilməsi çağırışının vacibliyini vurğulayaraq bildirmişdir ki, hazırda bu xətti onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir.
Sonra Azərbaycan və Ukraynanın milli bayraqları ilə bəzədilmiş səhnədə bayram konserti olmuşdur. Bakıdan gəlmiş müğənnilər - Tacir Allahverdiyev və Aygün Əliyeva musiqiçilər üçlüyünün müşayiəti ilə Azərbaycan xalq mahnılarını və müasir mahnılar ifa etmişlər. Xarkov vilayətinin “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin “Azərbaycan inciləri” ansamblı üzvlərinin ifasında milli rəqslərimiz və Ukrayna rəqsləri də alqışlarla qarşılanmışdır.
Elə həmin günün axşamı “Vyana evi”ndə ikicildlik “Azərbaycan poeziyası antologiyası”nın Ukrayna dilində təqdimatı böyük uğurla keçmişdir.
Gecədə çıxış edən səfir Tələt Əliyev Xaqanidən tutmuş müasir söz ustadlarınadək Azərbaycan şairlərinin ən yaxşı əsərlərinin toplandığı və Səməd Vurğunun 100 illiyinə həsr olunmuş antologiyadan söhbət açmış, nəşrin əsas sponsoru, xarkovlu sahibkar Niyazi Xəlilova minnətdarlığını bildirmişdir.
Gecədə tanınmış alim, professor Eldar Vəliyevin, “Dostluq” cəmiyyətinin sədri, professor Murad Ömərovun, Ukrayna Azərbaycanlıları Konqresi Xarkov regional təşkilatının sədri Qurban Abbasovun, Kiyev rayon sovetinin deputatı Şahin Ömərovun və başqalarının diasporun fəaliyyətinin gücləndirilməsi işindəki xidmətləri xüsusi qeyd olunmuşdur.
Xarkov vilayəti hökumətinin başçısı Yaroslav Yuşşenko, Ali Radanın deputatı Valeri Kamçatnı, Beynəlxalq Slavyan Universitetinin rektoru Xristian Rakovetski və başqaları “Azərbaycan poeziyası antologiyası”nın nəşrini iki dost ölkənin mədəni həyatında nadir hadisə adlandırmış, Xarkovda yaşayan azərbaycanlıların vilayətin və şəhərin ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini vurğulamışlar.
Antologiyanın tərtibçisi, bu il 60 illik yubileyini və Azərbaycan poeziyasının tərcüməsi sahəsində fəaliyyətinin 30 illiyini qeyd edən şair Nikolay Miroşniçenko təşkilati və maliyyə dəstəyinə görə təşəkkürünü bildirmişdir.
Gecədə Xarkov Mədəniyyət Akademiyası tələbələrinin, aşıq Məmməd Əliyevin ifasında Azərbaycan poeziyası nümunələri səslənmişdir.
Sonra Ukraynanın əməkdar rəssamı, heykəltəraş Seyfəddin Qurbanova, sahibkar-mesenat Niyazi Xəlilova, Azərbaycan səfirliyinə, Xarkov vilayəti hökumətinə, Azərbaycan diasporunun fəalları Eldar Vəliyevə, Murad Ömərova və başqalarına Ukrayna Dövlət Milli Miqrasiya İşləri Komitəsinin fəxri fərmanları təqdim olunmuşdur.