AZƏRBAYCAN PRAVOSLAV XRİSTİAN İCMASINA
Müqəddəs Pasxa bayramı münasibətilə sizi - Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Vicdan və dini etiqad azadlığının bərqərar edildiyi müstəqil Azərbaycan Respublikasında davamlı tolerantlıq mühiti, müxtəlif konfessiyaların çoxəsrlik ənənələrə söykənən azad və dinc yanaşı fəaliyyəti, dini-milli adət-ənənələrin, bayram və mərasimlərin qorunub saxlanması günümüzün gerçəkliyidir. Pasxa bayramı da hər il respublikamızda geniş qeyd olunan belə dini mərasimlərdəndir.
Ölkəmizin xristian icması Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi, demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi işində böyük əzmkarlıq və əsil vətəndaşlıq mövqeyi nümayiş etdirir. Ümidvaram ki, dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, respublikamızın bütün vətəndaşları doğma vətən qarşısında övladlıq borcunu bundan sonra da ləyaqətlə yerinə yetirəcək, Azərbaycanın daha da tərəqqisi, xoşbəxt gələcəyi naminə səy və bacarıqlarını əsirgəməyəcəklər.
Pasxa əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət bayramıdır. Qoy bu nurlu bayram ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2006-cı il.