AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NAXÇIVANA GƏLMİŞDİR
İyunun 15-də Azərbaycan Prezidenti Heydər Əliyev Naxçıvana gəlmişdir. Vətənimizin bu qədim diyarında minlərlə insan hər bir azərbaycanlı üçün əziz olan əlamətdar bayram günündə - Milli Qurtuluş günü dövlətimizin başçısını qarşılamaq, xalqımızın müdrik oğluna hörmət və ehtiramını bildirmək üçün küçə və meydanlara çıxmışdı.
Bayramsayağı bəzədilmiş Naxçıvan hava limanı xüsusilə izdihamlı idi. Azərbaycan Prezidenti Heydər Əliyevi təyyarənin pilləkəni yanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev qarşıladılar. Milli geyimli qızlar dövlətimizin başçısına gül dəstələri, şərbət təqdim etdilər.
Hava limanına toplaşan Muxtar Respublika ictimaiyyətinin nümayəndələri Prezident Heydər Əliyevi hərarətli alqışlarla qarşıladılar. Dövlətimizin başçısı onu qarşılayanları səmimiyyətlə salamladı.
Azərbaycan Prezidentinin gəlişi şərəfinə hava limanında, respublikamızın rəhbərini müşayiət edən maşın karvanının keçdiyi yolboyu qurban kəsildi.
Prezident Heydər Əliyevi hava limanında, Naxçıvanın küçə və meydanlarında qarşılamağa çıxanlar əllərində respublikamızın dövlət bayraqlarını, “Azərbaycan xalqının müdrik rəhbərinə eşq olsun!”, “Xalqımızın xilaskarı Heydər Əliyevlə fəxr edirik”, “Doğma yurdunuza xoş gəlmisiniz, əziz rəhbərimiz!” sözləri yazılmış transparantlar, dövlətimizin başçısının portretlərini tutmuşdular.