AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NAXÇIVANA YOLA DÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 15-də Naxçıvan Muxtar Respublikasına yola düşmüşdür.
Prezident HEYDƏR ƏLİYEV Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə qısa müsahibə vermişdir:
- Bayramınız mübarək olsun! Sizi təbrik edirəm. Mən bu gün xarici səfərə getmirəm, öz ölkəmizin ərazisi olan Naxçıvana gedirəm. Güman etmirdim ki, burada mətbuatın nümayəndələri toplaşacaqlar. Ona görə də mən bəyanat verməyə ehtiyac duymuram. Çünki oraya gedirəm, orada Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə böyük olimpiya kompleksi yaranıbdır. Onun açılışında iştirak edəcəyəm. Sonra da ola bilər, Naxçıvanda bəzi işlərlə də məşğul olum. Ona görə də sual-cavaba ehtiyac yoxdur.
Hamınızı bir daha təbrik edirəm. Sizə cansağlığı, uzun ömür, bayramı yaxşı keçirməyi arzulayıram. Sağ olun.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyevi Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər yola salmışlar.