AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV SANKT-PETERBURQA GƏLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 8-də günortadan sonra Sankt-Peterburq şəhərinə gəlmişdir.
Rusiyanın şimal paytaxtının Pulkovo hava limanı Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət bayraqları ilə bəzədilmişdi.
Prezident Heydər Əliyevi Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanov və Sankt-Peterburq şəhərinin yüksək vəzifəli şəxsləri səmimiyyətlə və mehribanlıqla qarşıladılar. Şəhərdə yaşayan azərbaycanlıların uşaqları - milli geyimli qız və oğlan dövlətimizin başçısına gül dəstəsi təqdim etdilər.
Sankt-Peterburqda yaşayan həmyerlilərimizin nümayəndələləri də Azərbaycan rəhbərini qarşılamaq üçün hava limanına gəlmişdilər. Onların əllərində Azərbaycan bayraqları, “Hörmətli Prezident, azərbaycanlı gənclər Sizi salamlayırlar” sözləri yazılmış transparant var idi.
Prezident Heydər Əliyev soydaşlarımıza yaxınlaşaraq, onları salamladı, hal-əhval tutdu. Həmvətənlərimiz dövlətimizin başçısını hərarətlə salamladılar, onun Sankt-Peterburqa səfərə gəlməsindən məmnun olduqlarını bildirdilər.
Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha - “Astoriya” mehmanxanasına gəldi. Mehmanxananın qarşısına toplaşmış xarici turistlər və şəhər sakinləri Azərbaycan Prezidentini mehribanlıqla salamladılar.
Prezident Heydər Əliyev burada maşından düşərək, bir müddət şəhəri piyada gəzdi. Respublikamızın rəhbəri Qoroxovo küçəsindəki 6 nömrəli binanın qarşısına gəldi. Vaxtilə həmin binada SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbi yerləşirdi. Prezident Heydər Əliyev gənclik illərində həmin məktəbdə oxumuşdur. Dövlətimizin başçısı binanın birinci mərtəbəsinə daxil oldu, burada təhsil aldığı dövrü xatırladı, sonra isə xatirə şəkli çəkdirdi.
Prezident Heydər Əliyev şəhəri bir qədər də piyada gəzdikdən sonra “Astoriya” mehmanxanasına qayıtdı.
İyunun 8-də axşam Azərbaycan Prezidenti Heydər Əliyev və səfərdə onu müşayiət edən nümayəndə heyətinin üzvləri katerlə Neva çayında gəzintiyə çıxdılar.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq