AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV SOÇİYƏ GƏLMİŞDİ
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 1-də Adler şəhərinə gəldi. Ölkəmizin rəhbərini hava limanında Krasnodar diyarı icra hakimiyyətinin başçısı Aleksandr Tkaçov, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Valeri Luşinin, Soçi şəhərinin meri Leonid Mostovoy və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan Prezidenti Heydər Əliyev maşın karvanının müşayiəti ilə Adler şəhərindən Soçiyə - onun üçün ayrılmış Daqomıs iqamətgahına gəldi. Respublikamızın rəhbərini burada MDB-nin icraçı katibi Yuri Yarov mehribanlıqla, səmimiyyətlə qarşıladı.
Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Daqomıs iqamətgahında təkbətək görüşü oldu. Dövlət başçıları Azərbaycan-Qazaxıstan əməkdaşlığının perspektivləri, Xəzər dənizinin statusu və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş müzakirələr apardılar.
Elə həmin gün Daqomıs iqamətgahında Azərbaycan Prezidenti Heydər Əliyev ilə Ermənistan Prezidenti Robert Koçaryan arasında təkbətək görüş keçirildi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə ətraflı müzakirələr oldu.
Dövlət başçıları görüşdən sonra jurnalistlərin suallarına cavab verdilər.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Soçi