AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TRABZONA GƏLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün aprelin 30-da Trabzona gəlmişdir.
Dövlətimizin başçısını hava limanında Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, ölkəmizin Ankaradakı səfiri Məmməd Əliyev, İstanbuldakı baş konsulu Xeyrəddin Qoca və digər rəsmi şəxslər mehribanlıqla qarşıladılar.
Hava limanında Azərbaycan rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyev türk əsgərlərini salamladı.
Dövlətimizin başçısı avtomobil karvanının müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha - “Zorlu Qrand” mehmanxanasına gəldi. Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi burada böyük hörmət və ehtiramla qarşıladı.
X X X
Həmin gün “Zorlu Qrand” mehmanxanasında Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət başçılarının zirvə görüşü başlandı. Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər zirvə görüşünü açaraq nitq söylədi. O, dost və qardaş Azərbaycan və Gürcüstan prezidentlərini səmimiyyətlə salamladı, onun dəvətini qəbul edərək Trabzona gəldikləri üçün xüsusi təşəkkürünü bildirdi.
Sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze nitq söylədilər (Azərbaycan Prezidentinin nitqi qəzetin birinci səhifəsində dərc olunur).
X X X
Aprelin 29-da “Zorlu Qrand” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər arasında görüş oldu.
Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, bölgədə vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin təhlükəsizliyinin təmin olunması və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi etdilər.
X X X
Daha sonra “Zorlu Qrand” mehmanxanasında Azərbaycan Prezidenti Heydər Əliyev ilə Gürcüstan Prezidenti Eduard Şevardnadze arasında görüş keçirildi.
Prezidentlər hər iki ölkənin üzləşdiyi münaqişələrin tezliklə sülh yolu ilə həll edilməsi, Azərbaycan-Gürcüstan əməkdaşlığının perspektivləri, boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması və ölkələrimizi maraqlandıran digər məsələlər ətrafında müzakirələr apardılar.
X X X
Aprelin 29-da axşam “Zorlu Qrand” mehmanxanasında Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin şərəfinə rəsmi ziyafət verildi. Prezidentlər ziyafətdə nitq söylədilər.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Trabzon