RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏNİN BAŞ NAZİRİ TANSU ÇİLLƏRİ QƏBUL ETMİŞDİR
Görüşdə iki dost və qardaş ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olundu.
Söhbət zamanı respublikamızdakı ictimai-siyasi vəziyyətdən bəhs edildi, iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı görülən tədbirlərdən danışıldı.
Görüşdə Çeçenistan hadisələri ilə əlaqədar iqtisadi blokada vəziyyətinə düşən respublikamızın çətinliklərindən də bəhs edildi. Bildirildi ki, Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsində Türkiyənin bir çox şirkətləri və ayrı-ayrı iş adamları ilə əlaqələrimizin daha da sıxlaşdırılmasının mühüm əhəmiyyəti vardır. Qeyd olundu ki, hər iki tərəf bu istiqamətdə işin daha da canlandırılmasına xüsusi diqqət yetirməlidir.
Respublika Prezidenti Ermənistan-Azərbaycan müharibəsinin sülh yolu ilə dayandırılması yönümündə həyata keçirilən tədbirlərdən bəhs edərək, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt Zirvə toplantısında bölgəyə çoxmillətli sülhü mühafizə qüvvələrinin göndərilməsi barədə qəbul olunmuş qətnamənin əhəmiyyətini qeyd etdi. Dövlət başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətindən də söhbət açaraq dedi ki, Azərbaycan tərəfi münaqişənin beynəlxalq təşkilatlar vasitəsilə həll olunmasını istəyir və davam edən atəşkəs rejimindən istifadə edərək tezliklə böyük sülh sazişinin bağlanacağına ümid bəsləyir.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.