AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN FRANSA MİLLİ MƏCLİSİ SƏDRİ FİLİP SEGEN İLƏ GÖRÜŞÜ
Dövlətimizin başçısını hərarətlə salamlayan və bu görüşdən çox məmnun qadığını bildirən cənab Segen Fransa Milli Məclisinin strukturu, tərkibi və fəaliyyəti barədə ona ətraflı məlumat verdi. Azərbaycan-Fransa əməkdaşlığının hazırkı vəziyyətindən razılıqla söhbət açan spiker parlamentlərarası əlaqələrin də sıxlaşdırılmasının vacib olduğunu vurğuladı.
Cənab Segen görkəmli siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının dünya birliyində layiqli yer tutmaq sahəsində son illər atdığı inamlı addımları yüksək qiymətləndirdi və həmin gün Yelisey sarayında neft şirkətlərimiz arasında imzalanmış müqavilədən söhbət açdı.
Milli Məclislə tanışlıqdan və cənab Segenin ölkəmiz haqqında söylədiyi xoş sözlərdən məmnun olduğunu bildirən Prezident Heydər Əliyev Azərbaycanın bütün Avropa ölkələri ilə, o cümlədən çox nüfuzlu dövlət kimi tanınan Fransa ilə əlaqələrinin durmadan genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirdi.
Demokratik inkişaf və bazar münasibətləri yolunu seçmiş müstəqil Azərbaycan Respublikasında ilk demokratik Konstitusiyanın qəbul olunmasından və demokratik parlamentin formalaşmasından bəhs edən dövlətimizin başçısı ölkəmizin parlamentində bir sıra partiyaların təmsil olunduğunu nəzərə çarpdırdı. Ölkə parlamentinin Azərbaycanın ictimai-siyasi həyatında geniş iştirak etdiyini və müstəqil respublikamızda demokratik hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsi üçün mühüm qanunlar qəbul olunduğunu bildirən respublikamızın rəhbəri zəngin ənənələrə malik Fransa parlamentinin iş təcrübəsinin öyrənilməsinin zəruriliyini vurğuladı.
Prezident Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzündən də ətraflı söhbət açdı. Respublikamızın rəhbəri dedi ki, səkkiz il bundan əvvəl başlanmış hərbi təcavüz nəticəsində Azərbaycanın ərazi bütövlüyünə qəsd olunmuş, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş,1 milyondan çox vətəndaşımız öz doğma yurdlarından zorla qovulmuşdur və onlar neçə ildir çadırlarda çox ağır vəziyyətdə yaşayırlar.
Münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində və bir sıra böyük dövlətlərin vasitəçiliyi ilə aparılan danışıqlardan bəhs edən Prezident Heydər Əliyev respublikamızın ağır zərbələrə məruq qalmasına baxmayaraq, bu məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi. Ötən il dekabrın əvvəlində ATƏT-in üzvü olan dövlət başçılarının Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasının əsas prinsiplərini özündə əks etdirən bəyanatın qəbul edilməsindən ətraflı söhbət açan respublikamızın rəhbəri beynəlxalq təşkilatların qətnamələrinə, dünyanın bütün ölkələri tərəfindən tanınan normalara Ermənistanın məhəl qoymadığından təəssüfləndiyini bildirdi.
Lissabon Zirvə görüşündə Fransanın Azərbaycanın mövqeyini dəstəkləməsindən razı qaldığını söyləyən Prezident Heydər Əliyev əmin olduğunu bildirdi ki, Fransa Minsk qrupunun üzvü kimi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında öz səylərini durmadan artıracaqdır.
Görüşdə Fransa-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən, ölkələrimizin parlamentlərinin qarşılıqlı əlaqələrinin daha da canlandırılması üçün həlli vacib olan məsələlərdən də ətraflı söhbət açıldı.