AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MOLDOVA PREZİDENTİ PETRU LUÇİNSKİ İLƏ GÖRÜŞÜ
Cənab Luçinskini səmimiyyətlə salamlayan dövlətimizin başçısı Moldova ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu nəzərə çarpdırdı və bu imkanlardan hərtərəfli istifadə edilməsinin vacibliyini vurğuladı.
Prezident Heydər Əliyev ilə görüşdən məmnun qaldığını bildirən cənab Luçinski Azərbaycanla əlaqələrin durmadan inkişaf etdirilməsinə Moldovanın xüsusi diqqət yetirdiyini nəzərə çarpdırdı və əməkdaşlığın daha da canlandırılması məsələlərini öyrənmək üçün mütəxəssislərdən ibarət xüsusi nümayəndə heyətini respublikamıza göndərmək niyyətində olduğunu bildirdi.
Cənab Luçinskinin təklifini razılıqla qarşılayan Prezident Heydər Əliyev Azərbaycan ilə bir sıra dövlətlər arasında yaradılmış müştərək komissiyaların bu sahədə faydalı iş gördüyünü xatırladaraq, Azərbaycan-Moldova müştərək komissiyasının da fəaliyyətə başlamasına ehtiyac olduğunu vurğuladı.
Ötən il Sərəxsdə dörd dövlətin iştirakı ilə Avroasiya dəhlizinin yaradılması barədə imzalanmış sazişə Qazaxıstanın, Qırğızıstanın, Ukraynanın da qoşulduğunu bildirən respublikamızın rəhbəri Moldovanın da bu sazişə qoşulmasını faydalı hesab etdiyini nəzərə çarpdırdı. Dövlətimizin başçısı Heydər Əliyev bildirdi ki, bu magistral vasitəsilə yüklərin daşınması əvvəlki vaxtdan 30 faiz ucuz başa gəlir.
Cənab Luçinski Moldovanın bu magistrala qoşulmağa xüsusi maraq göstərdiyini söyləyərək, respublikamızla geniş əlaqələrin yenidən qurulmasını hər iki ölkə üçün çox faydalı və əhəmiyyətli hesab etdiyini bildirdi.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqlardan söhbət açıldı, Azərbaycan-Moldova əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olundu.
Görüşdə Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və respublikamızın Türkiyədəki səfiri Məmməd Əliyev iştirak edirdilər.