AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ
Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısını Prezident Süleyman Dəmirəl, Böyük Millət Məclisinin sədri Mustafa Qələmli, dövlət nazirləri Abdulla Gül və digər rəsmi şəxslər yola saldılar.
Yolasalma mərasimində azərbaycanlı jurnalistlərdən birinin mayın 10-nun Prezident Heydər Əliyevin ad günü olduğunu xatırlatması ilə əlaqədar Türkiyə Prezidenti Süleyman Dəmirəl dedi: - Heydər Əliyev Azərbaycan və onun xalqı üçün çox önəmli şəxsiyyət, dəyərdir. Əziz qardaşımı, sayın Cümhur başqanını cənab Allah Azərbaycanın başından əskik etməsin. Təbrik edirəm.
Azərbaycan Prezidenti Heydər Əliyevi və respublikamızın nümayəndə heyətinin üzvlərini İzmirin Adnan Menderes adına hava limanında şəhər valisi Kutlu Aktaş və digər rəsmi şəxslər qarşıladılar. İzmirdə təhsil alan azərbaycanlı tələbələr də dövlətimizin başçısını qarşılamaq üçün hava limanına gəlmişdilər. Prezident Heydər Əliyevi İzmirə səfərdə Türkiyənin dövlət naziri Namiq Kamal Zeybək müşayiət edirdi.
İzmirin 9 Eylül (sentyabr) adına Universitetində Prezident Heydər Əliyevə bu ali təhsil ocağının fəxri doktoru adı verilməsi münasibətilə mərasim keçirildi. Respublikamızın rəhbəri mərasimdə çıxış edərək, Türkiyəyə rəsmi səfəri gedişində ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə yönəldilmiş mühüm sənədlər imzalandığını və əməkdaşlığın gələcəkdə böyük vüsət alacağını bildirdi. İzmirə ilk dəfə 1992-ci ildə gəldiyini xatırladan Azərbaycan Prezidenti şəhərin gözəlliyini hələ o vaxt hiss etdiyini və o günləri heç vaxt unutmayacağını dedi. Dövlətimizin başçısı Türkiyənin Qurtuluş savaşında çox önəmli bir tarix olan 9 eylül gününün adını daşıyan universitetin fəxri doktoru seçilməsini özü üçün böyük şərəf saydığını bildirdi.
Prezident Heydər Əliyev daha sonra dedi:
- Əziz dostlar! Siz mənə çox böyük hörmət və ehtiram, çox böyük etimad göstərmisiniz. Mənə sizin universitetin fəxri doktoru adını vermisiniz. Bu barədə qəbul etdiyiniz qərarları və fəxri doktor adı vermək üçün əlinizdə olan və qərarlarınızda əks etdirilən əsasları çox diqqətlə və məmnuniyyət hissi ilə dinlədim. Mənə göstərdiyiniz bu qayğıya görə, mənim fəaliyyətimə və xüsusən Azərbaycan Respublikasının dövlət başçısı kimi fəaliyyətimə bu qədər yüksək qiymət verdiyinizə, bu qədər hörmət etdiyinizə görə sizə səmimi qəlbdən təşəkkür edirəm. Çox sağ olun.
Prezident Heydər Əliyev Ermənistan ilə münaqişədə, ölkəmizin ərazi bütövlüyünün qorunmasında Türkiyənin Azərbaycanı daim dəstəklədiyini xatırladaraq, respublikamızın digər problemlərinin həllində bu dəstəyin davam edəcəyinə ümidvar olduğunu bildirdi. Uzun illər kommunist rejimi şəraitində yaşamış Azərbaycanın hazırda hüquqi demokratik dövlət qurduğunu qeyd edən Prezident Heydər Əliyev müstəqilliyimizin göz bəbəyi kimi qorunacağını və Azərbaycanın gələcəkdə qabaqcıl bir ölkəyə çevriləcəyini vurğuladı.
İzmir universitetinin rektoru Azərbaycanın müstəqillik qazanmasında və ölkəmizin tarixinin böhranlı anlarında Heydər Əliyevin dövlət başçısı kimi göstərdiyi xidmətləri, respublikamızda demokratiyanın bərqərar olması üçün onun ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizliyi və beynəlxal aləmdə tanınması sahəsindəki uğurları, qardaş Türkiyə ilə hərtərəfli əlaqələrin genişləndirilməsindəki xidmətləri nəzərə alınaraq, Prezident Heydər Əliyevə bu təhsil ocağının fəxri doktoru adı verildiyini bildirdi.
Azərbaycan Prezidentinə universitetin fəxri doktoru mantiyası və medalı təqdim olundu.
Mərasim universitet tələbələrinin ifasında klassik musiqidən ibarət konsertlə başa çatdı.
Həmin gün İzmir valisi Kutlu Akdaş Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət verdi.
Dövlətimizin başçısı ziyafətdən sonra İzmirdə Bakı parkının açılışı mərasimində iştirak etdi.
Mayın 7-də Azərbaycan Prezidenti Heydər Əliyev İzmirdən İstanbula gəldi. Atatürk hava limanında dövlətimizin başçısını İstanbul valisi Ridvan Yenişən, digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri davam edir.