AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YEKUN NİTQİ
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin məruzəsindən görünür ki, ötən müddətdə xeyli iş görülübdür. Mən bunu müsbət qiymətləndirirəm. Amma nöqsanlarınız barədə çox qısa danışdın, dedin ki, onları bilirsiniz. Mən də heç istəmirəm ki, bu barədə geniş danışasan. Əsas budur ki, əgər özünüz nöqsanlarınızı yaxşı bilirsinizsə, nöqsanları təhlil edə, onların aradan qaldırılmasını təmin edə bilirsinizsə, artıq söz deməyə ehtiyac yoxdur. Mən inanıram ki, siz 2003-cü ildə bunları edəcəksiniz.
Xarici ölkələrlə qısa bir müddətdə çox geniş əlaqələr qurmağınız, hesab edirəm, sərhəd xidmətinin çox əhəmiyyətli nailiyyətlərindən biridir. Çünki əgər biz dünya təcrübəsindən istifadə etməsək, onda çox irəliyə gedə bilmərik.
Sənin mənə vaxtaşırı verdiyin məlumatlardan və bugünkü məruzəndən belə başa düşürəm ki, bu əlaqələriniz təkcə təcrübə məsələsindən ibarət deyil, eyni zamanda, sizə böyük maddi-texniki yardımdır. Onlardan çox fəal və səmərəli istifadə etmək lazımdır. O ölkələr ki, xüsusən mən Avropa ölkələrini deyirəm,- bu barədə təşəbbüs göstərirlər və verdiyin məlumatlara görə, yardımlar edirlər, onlarla əlaqələri daha da genişləndirmək lazımdır.
907-ci maddənin qüvvəsi dayandırıldıqdan sonra Amerika Birləşmiş Ştatları Azərbaycana hərbi sahədə yardımını birinci növbədə sərhəd xidmətinə, sərhədlərin möhkəmləndirilməsinə yönəltməyi planlaşdırıbdır və bunu da edir. Sən bunu bilirsən, orada da olmusan, danışıqlar aparmısan. Güman edirəm, 2003-cü il üçün də yaxşı proqram var. Çalışmaq lazımdır ki, o proqramı artıqlaması ilə yerinə yetirəsiniz.
Beləliklə, biz sərhəd dəstələrimizin hamısını, zastavaları, komendantlıqları, hissələri müasir rabitə, elektron sistemləri ilə təchiz etməliyik və onlardan səmərəli istifadə etməyi bacarmalıyıq. Ona görə gərək siz bunu daha da genişləndirəsiniz ki, orada xüsusi kurslar keçirəsiniz. Nəinki zabitlərinizi, həm də əsgərlərinizi hazırlayasınız. Rabitə işlərinin əksəriyyətini həyata keçirən sıravi əsgərləri deyirəm, onları da hazırlamaq lazımdır.
Mən bunu ona görə deyirəm ki, siz bu vasitələrdən səmərəli istifadə edə biləsiniz. İkincisi də, bu cür müasir, qiymətli avadanlığı alıb onları naşı əllərə versəniz, istifadə etmək əvəzinə, onları xarab edərsiniz. Ona görə bu işlərlə çox ciddi məşğul olun. Yenə də deyirəm, xarici əlaqələri gücləndirin.
Başqa bir sözü olan var? Bir də qeyd edirəm ki, bu görüş mənim üçün əhəmiyyətlidir, amma sizin üçün daha çox əhəmiyyətli olmalıdır. Özüm üçün ona görə əhəmiyyətli hesab edirəm ki, mən fikirlərimi bilavasitə sizə çatdırdım. Tələblərimi sizin qarşınızda qoydum. Sizin üçün də bu əhəmiyyətlidir ona görə ki, bu, sizin üçün ilk görüşdür və güman edirəm, burada çox işgüzar söhbət getdi. Burada sərhəd dəstələrinin rəisləri, başqa rəhbər vəzifəli şəxslər var, hər biriniz Ali Baş Komandanın göstərişlərini aldınız. Əgər bundan səmərəli istifadə edə bilsəniz, bu, 2003-cü ildə sizin qarşınızda duran vəzifələrin yerinə yetirilməsini təmin edəcəkdir. Sağ olun.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Qəbulda Prezidentin Katibliyinin Rəisi Dilarə Seyidzadə, Prezidentin köməkçisi Vahid Əliyev iştirak edirdilər.
Foto Yaşar Xəlilovundur