AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN BAŞ KATİBİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Prezident sarayında ATƏT-in baş katibi Mark Perrən de Brişambonu qəbul etmişdir.
ATƏT-in baş katibi Prezident İlham Əliyevi İslam Konfransı Təşkilatı kimi nüfuzlu qurumun Xarici İşlər Nazirləri Şurasının növbəti sessiyasının Azərbaycanda keçirilməsi münasibətilə təbrik edərək dedi ki, bu, Azərbaycanın beynəlxalq aləmdə gedən proseslərdə yaxından iştirakını bir daha sübut edir.
Bu yaxınlarda Rumıniyada keçirilmiş “Dialoq və tərəfdaşlıq naminə” Qara dəniz forumunda iştirakını xatırladan Mark Perrən de Brişambo bildirdi ki, Azərbaycan Prezidentinin forumdakı çıxışı iştirakçılarda böyük təəssürat doğurmuşdur.
Prezident İlham Əliyev dedi ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının Bakıda keçirilməsi və bu konfransa Azərbaycanın sədrlik etməsi regional və beynəlxalq əməkdaşlıq baxımından ölkəmiz üçün böyük önəm daşıyır.
Dövlətimizin başçısı Azərbaycanın müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etməsinin əhəmiyyətini vurğuladı, ölkəmizin çoxşaxəli uğurlu xarici siyasət yeritdiyini bildirdi.
Görüş zamanı Azərbaycanın ATƏT ilə əməkdaşlığı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edildi.