AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA İTTİFAQI “ÜÇLÜYÜ”NÜN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Prezident sarayında Avropa İttifaqı “Üçlüyü”nün nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı nümayəndə heyətinin Cənubi Qafqaz regionuna səfərinin böyük əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyev dedi ki, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir və ümid edirəm ki, əlaqələrimiz gələcəkdə daha da genişlənəcəkdir.
Nümayəndə heyətinin başçısı, Avstriya Xarici İşlər Nazirliyinin dövlət katibi Hans Vinkler bildirdi ki, Bakıya səfərdən məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirməkdən ibarətdir. Avropa İttifaqı Cənubi Qafqaz ölkələri ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir.
Prezident İlham Əliyev əmin olduğunu vurğuladı ki, Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi regionun inkişafına müsbət təsir göstərəcəkdir.