AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FRANSA BEYNƏLXALQ ƏLAQƏLƏR İNSTİTUTUNUN DİREKTORUNU QƏBUL ETMİŞDİR
Prezident İlham Əliyevi bir daha görməsindən çox şad olduğunu söyləyən cənab Tyerri de Montbiral bildirdi ki, Azərbaycan dövləti başçısının Parisə istər rəsmi, istərsə də işgüzar səfəri çox əlamətdar hadisədir.
Azərbaycan Prezidenti İlham Əliyev hələ Fransaya rəsmi səfəri zamanı bu institutda keçirdiyi görüşdən yaxşı təəssürat aldığını vurğulayaraq dedi ki, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün təkcə dövlət başçıları səviyyəsində deyil, eyni zamanda, müxtəlif təşkilatlar, o cümlədən ali təhsil müəssisələri, diplomatlar səviyyəsində də görüşlərin olması zəruridir.
Cənab Montbiral Azərbaycana böyük məhəbbəti olduğunu söyləyərək dedi ki, mən ölkənizin Parisdəki səfirliyi ilə daim əlaqə saxlayıram. İnstitutumuz azərbaycanlı tələbələrin burada təhsil alması ilə bağlı proqram həyata keçirmək niyyətindədir.
X X X
Görüşdən sonra Fransa Beynəlxalq Əlaqələr İnstitutu adından Azərbaycan dövləti başçısının şərəfinə nahar təşkil olundu.
Prezident İlham Əliyev, Azərbaycan nümayəndə heyətinin üzvləri, ölkəmizin Parisdəki səfiri Eleonora Hüseynova, institutun rəhbərliyi naharda iştirak edirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri davam edir.