AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV HÖKUMƏT EVİNİN TƏMİR-BƏRPA İŞLƏRİNƏ HAZIRLIQLA TANIŞ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 4-də Bakının tarixi memarlıq nümunələrindən olan Hökumət evinə gələrək binanın təmir və bərpasına hazırlıq işləri ilə maraqlanmışdır.
Baş nazirin müavini Abid Şərifov dövlətimizin başçısına burada görüləcək təmir-bərpa işləri barədə məlumat verdi.
Azərbaycan Prezidenti İlham Əliyev binanın birinci mərtəbəsinə baxdı, buradakı şəraitlə tanış oldu və bu mərtəbənin əsaslı bərpası ilə bağlı lazımi göstərişlərini verdi.
Təmir-bərpa işləri ilə əlaqədar lazımi texniki təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirən Abid Şərifov, bərpa işlərinə yüksək səviyyəli mütəxəssislərin cəlb olunduğunu dedi.
Azərbaycan Prezidenti İlham Əliyev binanın dəniz tərəfdən işıqlandırılması layihəsi ilə də tanış oldu. Layihə reallaşdıqdan sonra Hökumət evi binasının dəniz tərəfdən işıqlandırılması tam təmin ediləcəkdir.
Hazırlıq işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev binanın yüksək səviyyədə bərpa olunmasına dair göstərişlərini verdi.