AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TAİLANDIN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Prezident sarayında Tailand Krallığının xarici işlər naziri Kantathi Suphamonqkonu qəbul etmişdir.
Tailandın xarici siyasət idarəsinin başçısı Azərbaycana ilk dəfə səfər etdiyini və bundan böyük məmnunluq duyduğunu bildirdi. O, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının Bakıda yüksək səviyyədə keçdiyini və ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu söylədi.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün böyük potensial imkanların olduğunu bildirdi. Dövlətimizin başçısı əlaqələrimizin müxtəlif sahələrdə inkişaf edəcəyinə əminliyini vurğuladı.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı.