AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMQOŞUN TƏLİM MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Təlim mərkəzinin qərargahının qarşısında dövlətimizin başçısını Baş nazirin müavini Abid Şərifov və müdafiə naziri, general-polkovnik Səfər Əbiyev qarşıladılar.
Müdafiə naziri Ali baş komandan İlham Əliyevə raport verdi.
Sonra Prezident İlham Əliyev Ümumqoşun təlim mərkəzinin qərargah binası ilə tanış oldu. Dövlətimizin başçısı ilk olaraq növbətçi mərkəzi və hərbi mütəxəssislər hazırlanacaq kabinələrlə maraqlandı. Müdafiə naziri Səfər Əbiyev məlumat verdi ki, burada ən müasir səviyyədə hərbi mütəxəssislər hazırlanacaq və onlara müvafiq vəsiqələr veriləcəkdir.
Ali baş komandan qərargahın binasında müşavirə salonuna, tədris otaqlarına da baxdı.
Baş nazirin müavini Abid Şərifov dövlətimizin başçısına məlumat verdi ki, ümumi sahəsi 9 min kvadratmetr olan binalar cəmi 4 ay müddətində inşa edilmişdir. Halbuki, mütəxəssislər bu mərkəzin ən azı 2 ilə tikiləcəyini proqnozlaşdırırdılar. Mərkəzə su, rabitə, elektrik və qaz xətləri çəkilmiş, burada hər birinin tutumu 500 kubmetr olan 2 hovuz da tikilib istifadəyə verilmişdir.
Sonra Prezident İlham Əliyev əsgər yataqxanasına gəldi, silah otağı, idman salonu, yataq otaqları ilə tanış oldu. Məlumat verildi ki, “Aqrartikinti” Səhmdar Cəmiyyəti tərəfindən inşa olunmuş 2 əsgər yataqxanasında hər cür şərait yaradılmışdır. Burada şəhərlərarası avtomat telefonlar da qoyulmışdur.
Ali baş komandan daha sonra hərbçilər üçün tikilmiş yaraşıqlı yeməkxana ilə də tanış oldu. Burada komandir heyəti və əsgərlər bir yerdə nahar edəcəklər.
Prezident İlham Əliyev “Qafqaztikintiquraşdırma” Səhmdar Birliyinin tikdiyi hamam-camaşırxana, “Azərsutikinti”nin inşa etdiyi tibb məntəqəsi ilə də yaxından tanış oldu.
Prezident İlham Əliyev yuxarıda sadalanan qurumların, habelə “Azərkommunlayihə”, “Dövlətsənayelayihə” və “Aqrolayihə” institutları əməkdaşlarının fəaliyyətindən razılığını bildirdi və onlarla xatirə şəkli çəkdirdi.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevə bir daha minnətdarlığını bildirdi.