AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABŞ-IN ENERGETİKA NAZİRİ SAMUEL BODMAN İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Vaşinqtonda, onun üçün ayrılmış iqamətgahda ABŞ-ın energetika naziri Samuel Bodman ilə görüşmüşdür.
Samuel Bodman dövlətimizin başçısı ilə görüşündən məmnunluğunu bildirdi, onun bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkür etdi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaxın zamanlarda istifadəyə veriləcəyini və beləliklə, Azərbaycanın enerji sektorunun yeni mərhələyə qədəm qoyacağını söylədi.
ABŞ-ın energetika naziri kəmərin istifadəyə verilməsinin, ümumiyyətlə, energetika sahəsində perspektivlərin Azərbaycanın bölgədə və beynəlxalq aləmdə rolunun daha da artmasına xidmət edəcəyini xüsusi vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanda həyata keçirilən sosial-iqtisadi proqramlardan, enegetika sahəsində, qeyri-neft sektorunda görülən işlərdən danışdı.
Görüşdə Azərbaycan Prezidentinin ABŞ-a səfərinin əhəmiyyəti bir daha vurğulanaraq bildirildi ki, bu səfər həm ikitərəfli münasibətlərə, həm də energetika sahəsində əməkdaşlığa yeni təkan verəcək, gələcəkdə əlaqələrin daha da genişlənməsinə imkan yaradacaqdır.