AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABŞ-IN MÜDAFİƏ NAZİRİ DONALD RAMSFELD İLƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Vaşinqtonda ABŞ-ın müdafiə naziri Donald Ramsfeld ilə görüşmüşdür.
ABŞ-ın müdafiə naziri dövlətimizin başçısının Amerika Birləşmiş Ştatlarına səfərini yüksək qiymətləndirdi və bunun ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğuladı. O, müxtəlif dövrlərdə Azərbaycana etdiyi səfərləri xatırlatdı, ölkələrimiz arasında əlaqələrin inkişafından, o cümlədən hərbi sahədə əməkdaşlıqdan məmnunluğunu bildirdi, Azərbaycanın antiterror koalisiyasında fəaliyyətini yüksək dəyərləndirdi.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini və genişləndiyini söylədi.
Donald Ramsfeld Azərbaycan sülhməramlılarının dünyanın müxtəlif bölgələrində təhlükəsizliyin təmin olunmasında iştirakını, ölkəmizin Fərdi tərəfdaşlığın fəaliyyət proqramı çərçivəsində NATO ilə fəal əməkdaşlığını xüsusi vurğuladı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi edildi.