AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
Biz ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə etdik. Biz regionda enerji təhlükəsizliyi məsələlərinin təşviq olunmasında Birləşmiş Ştatların dəstəyinə görə, Xəzər dənizində neft və qaz yataqlarının işlənilməsində və enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılmasına imkan verən möhkəm nəqletmə infrastrukturunun yaradılmasında göstərilmiş köməyə görə minnətdarıq.
Biz terrorçuluğa qarşı mübarizədə müttəfiq ölkələrik. Biz ilk günlərdən Birləşmiş Ştatlarla birgə dünyanın müxtəlif yerlərində çiyin-çiyinə olmuşuq və regionda sülhün və sabitliyin bərqərar olunmasına töhfəmizi davam etdirəcəyik.
Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirələrimizin əsas mövzusunu təşkil etmişdir. Mən cənab Prezidentə danışıqların son vəziyyəti haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, münaqişənin dinc yolla həlli baş tutacaq və bu, bütün regionda sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcəkdir.
Ümumiyyətlə, demək istəyirəm ki, mən səfərimdən çox razıyam və Azərbaycanın gələcəkdə müasir dünyəvi, demokratik ölkə kimi inkişafında bunu mühüm hesab edirəm. Bizim eyni dəyərlərimiz var. Biz siyasi proseslərin, cəmiyyətimizin demokratikləşməsi prosesinin təşviq olunmasında Birləşmiş Ştatların göstərdiyi yardıma görə minnətdarıq və gələcəkdə bu əməkdaşlığın davam etdirilməsinə çox sadiqik.
Çox sağ olun, cənab Prezident.
X X X
Prezident CORC BUŞ: Son sözü deyim. Mən cənab Prezidenti və Birinci xanımı onların qızının həftənin sonunda olacaq toy məclisi münasibətilə təbrik etmək istəyirəm. Toy mərasiminə hazırlığın getdiyi vaxtda cənab Prezidentin burada olması əsil qəhrəmanlıqdır. Biz Sizə və Birinci xanıma uğurlar arzulayırıq və ən başlıcası isə, qızınıza böyük səadət diləyirik.
X X X
Prezident İLHAM ƏLİYEV: Sağ olun, cənab Prezident.
Prezident CORC BUŞ: Sağ olun.