AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ƏFQANISTAN PREZİDENTİ HƏMİD KƏRZAİ İLƏ GÖRÜŞÜ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai və onu müşayiət edən nümayəndə heyəti ilə görüşmüşdür.
Əfqanıstan Prezidenti xalqımızın ümummilli lideri Prezident Heydər Əliyevlə Türkiyədə görüşünü və onunla apardığı danışıqları məmnunluqla xatırlatdı. O, Azərbaycanda son illərdəki inkişafdan, iqtisadi göstəricilərin yüksək səviyyəyə çatmasından məmnunluğunu söylədi. Əfqanıstanda uzunmüddətli vətəndaş müharibələrinin ağır nəticələrini xatırladan Prezident Kərzai ölkəsinin iqtisadi dirçəlişə nail olmaq üçün görülən bərpa işləri barədə məlumat verdi.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə iqtisadi inkişaf proseslərindən danışaraq dedi ki, Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğal olunsa da, biz iqtisadi inkişafa nail ola bildik. Dövlətimizin başçısı vurğuladı ki, ictimai-siyasi sabitlik iqtisadiyyatın inkişaf etməsi və ölkəyə böyük həcmdə sərmayələrin cəlb olunması üçün vacib şərtdir. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Əfqanıstanda da iqtisadi inkişaf və dirçəliş baş verəcəkdir.
Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında mümkün iqtisadi əlaqələrin genişləndirilməsinin perspektivləri, regional iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu. Əfqanıstan Prezidenti Azərbaycanda neft-qaz sektorunda həyata keçirilən layihələrlə maraqlandı. Dövlətimizin başçısı qlobal layihənin uğurla reallaşdırılması və onun əhəmiyyəti barədə məlumat verdi.