AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN “LA LETTRE DİPLOMATİGUE” JURNALINA MÜSAHİBƏSİ
Bu yaxınlarda Fransanın nüfuzlu “La Lettre Diplomatigue” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş müsahibə dərc etmişdir. Müsahibə fransız oxucuları tərəfindən maraqla qarşılanmışdır. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.
-Cənab Prezident, bu il yanvarın 29-31-də Fransaya ilk dövlət səfəriniz baş tutdu. Səfərin gedişi ilə bağlı təəssüratlarınızı bölüşə və əldə olunmuş nəticələr barədə məlumat verə bilərsinizmi? Sizin fikrinizcə, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağla bağlı ölkənizlə Ermənistan arasında münaqişənin həllində vasitəçilik səylərini gücləndirmək iqtidarındadırmı?
-Qeyd edim ki, Prezident seçildikdən sonra mənim xaricə ilk rəsmi səfərim 2004-cü ilin yanvarında məhz Fransaya olmuşdur. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də dövlət başçısı kimi ilk rəsmi səfərini məhz Fransaya etmişdi. Bu, ölkəmizin Fransa ilə əlaqələrə verdiyi önəmin yaxşı göstəricisidir. Azərbaycan-Fransa ikitərəfli münasibətləri müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf etməkdədir. Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirilir. Fransanın aparıcı şirkətləri uzun illərdir ki, ölkəmizin energetika sahəsində, habelə qeyri-neft sektorunda uğurla fəaliyyət göstərir.
Bu ilin yanvar ayında Fransaya dövlət səfərim də çox uğurlu keçdi. Səfər zamanı keçirdiyim görüşlər ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur. Səfərin nəticəsi olaraq Birgə bəyannamə qəbul edilmiş, iki ölkə arasında iqtisadiyyat, humanitar, turizm, sosial sahələri əhatə edən doqquz sənəd imzalanmışdır. Fransa şirkətləri bir daha Azərbaycan iqtisadiyyatının inkişafına sərmayə qoyuluşunda çox maraqlı olduqlarını bildirdilər. Səfərin yekunlarında öz əksini tapan məqamlardan biri də Fransada Azərbaycan İlinin və Azərbaycanda Fransa İlinin keçirilməsinin qərara alınması olmuşdur.
Sualınızın ikinci hissəsinə gəlincə, bildirməliyəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə birbaşa cəlb olunmuşdur və bu prosesdə fəal iştirak edir. Fransa münaqişə ilə bağlı mövqeyini dəfələrlə ifadə etmişdir. Bu mövqe indiki dövlət səfərim zamanı qəbul edilmiş Birgə bəyannamədə də əks olunmuşdur. Orada deyilir ki, Fransa Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda keçirdiyim görüşlərdə də Fransa rəhbərliyi dəfələrlə qeyd etmişdir ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində çox maraqlıdır. Başda Prezident cənab Jak Şirak olmaqla, bütün səviyyələrdə Fransa rəsmiləri qeyd etdilər ki, Fransa bu münaqişənin həlli üçün bütün səylərini əsirgəməyəcəkdir.
-Avropa İttifaqı və Azərbaycan arasında təzəlikcə qəbul olunmuş fəaliyyət planı çərçivəsində ölkənizin və onun strukturlarının, xüsusən də iqtisadi inteqrasiya baxımından, Avropaya yaxınlaşmada hansı uğurlara nail olunmuşdur? Milli qanunvericiliyinizin Avropa İttifaqının qanunvericiliyinə yaxınlaşdırılması istiqamətində hansı tədbirlər görülmüşdür? Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması üçün Avropa İttifaqından hansı dəstəyi gözləyirsiniz?
-Avropa İttifaqı ilə əməkdaşlığımız uğurla inkişaf edir və hazırda yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizlə Avropa İttifaqı arasında “Yaxın qonşuluq siyasətinə dair fəaliyyət planı” çərçivəsində beşillik tədbirlər planı var. Bu sənəd əməkdaşlığımızın gələcəkdə bir neçə istiqamətlərdə daha geniş şəkildə həyata keçirilməsi üçün möhkəm əsas yaradır. Bu proseslər Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaqdır. Qarşıdakı beş il ərzində yeni qonşuluq siyasətinin həyata keçirilməsi sayəsində meyarlarımız Avropa İttifaqının meyarlarına yaxınlaşdırılacaqdır. Bu istiqamətdə ölkəmiz tərəfindən fəal iş aparılır, o cümlədən milli qanunvericiliyin dünya və Avropa standartlarına uyğunlaşdırılması, beynəlxalq təşkilatlarla, həmçinin Avropa İttifaqı ilə sıx əməkdaşlığın hüquqi bazasının yaradılması istiqamətində konkret işlər həyata keçirilir. Biz Azərbaycanı müasir, demokratik, iqtisadi və siyasi baxımdan güclü və etibarlı tərəfdaş ölkəyə çevirmək əzmindəyik. Ümid edirəm ki, Avropa İttifaqının yeni qonşuluq siyasəti bu məqsədə nail olunması işinə öz töhfəsini verəcəkdir. Gələn beş il ərzində biz iqtisadi islahatları davam etdirəcək, regional əməkdaşlıq səviyyəsində, Azərbaycan-Avropa İttifaqı səviyyəsində əməkdaşlığımızı daha da genişləndirəcəyik. Biz siyasi islahatları davam etdirmək əzmindəyik. Azərbaycanda qanunun aliliyinin tam bərqərar olunması, demokratikləşmə prosesinin davam etdirilməsi bütün bu məqsədlərimizə çatmaqda bizə yardımçı olacaqdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı suala gəldikdə, deməliyəm ki, digər beynəlxalq təşkilatlar kimi, Avropa İttifaqı da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqının bu mövqeyi mənim keçən il Brüsselə səfərim zamanı bir daha ifadə olunmuşdur. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam tanıyır və dəstəkləyir. Bu mövqe Avropa İttifaqı ilə “Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı”nda da öz əksini tapmışdır. Həmin sənəddə deyilir ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü Avropada sülhün və sabitliyin qorunmasına öz töhfəsini verəcəkdir.
Lakin təəssüflər olsun ki, Ermənistan, bütün digər beynəlxalq təşkilatların mövqeyi kimi, Avropa İttifaqının da mövqeyinə məhəl qoymur. Ermənistan beynəlxalq hüququn bütün normaları və prinsiplərini pozur. Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymur. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunmuşdur. Ermənistan Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirmişdir. Bu siyasətin nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənilər Dağlıq Qarabağda heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan, qanunsuz referendumlar keçirirlər. Belə mövqe beynəlxalq davranış, beynəlxalq hüquq normalarına tam ziddir. Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiya, habelə Türkiyə bu yaxınlarda keçirilmiş qondarma referendumu pisləmişdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Azərbaycanın ərazi bütövlüyü BMT və bütün beynəlxalq birlik tərəfindən tanınmışdır. Buna görə də, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağa yüksək özünüidarə və muxtariyyət statusu verilməklə həll olunmalıdır. Bir çox ölkələrdə milli azlıqlar yaşayır. Lakin milli azlıq olmaq o demək deyil ki, sənin hansısa ərazini ölkədən ayırmaq hüququn var. Təsəvvür edin ki, ermənilər dünyanın yaşadıqları bütün ölkələrində öz müqəddəratını təyin etməyə çalışsalar, nə baş verər? Neçə yeni erməni dövləti yarana bilər?! Ermənistan rəhbərliyi aydın başa düşməlidir ki, Azərbaycan ərazi bütövlüyü məsələsi ilə bağlı heç bir güzəştə getməyəcəkdir. Biz ümid edirik ki, Ermənistan rəhbərliyi tezliklə özündə güc taparaq, danışıqlarda konstruktiv mövqe tutacaq, işğalçı qüvvələri torpaqlarımızdan çıxaracaqdır. Əks təqdirdə, biz münaqişənin digər həll yolları üzərində düşünməli olacağıq. Bu gün Azərbaycan Ermənistandan çox güclüdür.
Eyni zamanda hesab edirəm ki, beynəlxalq təşkilatlar da münaqişənin həlli ilə bağlı daha fəal və qəti mövqe nümayiş etdirməlidir. Son genişlənmə prosesindən bəri Cənubi Qafqaz Avropanın qonşusuna çevrilmişdir. Zənnimcə, Avropa İttifaqı qonşuluğunda münaqişə ocaqlarının mövcudluğuna biganə qala bilməz. Belə ki, bu münaqişə ocaqları yalnız Cənubi Qafqaz regionu üçün deyil, bütünlükdə Avropa üçün, onun sabit iqtisadi inkişafı üçün təhlükə yaradır.
-Azərbaycan Gürcüstan, Ukrayna və Moldovanın daxil olduğu GUAM-ın üzvüdür. Qafqazda qonşuluq münasibətlərinin yaxşılaşdırılması üçün qurum daxilində birliyin və əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan bu təşkilatın addımlarını necə qiymətləndirirsiniz? Rusiya və Gürcüstan arasında münasibətlərin səviyyəsi necədir? Sizin fikrinizcə, bu yaxınlarda Türkmənistanda keçirilmiş prezident seçkiləri bu ölkə ilə siyasi, enerji, iqtisadi və mədəni sahədə geniş əməkdaşlığa perspektivlər açırmı?
-GUAM yarandığı dövrdən bəri bir neçə mərhələdən keçmişdir. Hazırda GUAM dəqiq fəaliyyət mexanizmi olan beynəlxalq bir təşkilata çevrilməkdədir. GUAM yaradılan zaman ölkələrimiz müstəqilliyini yenicə qazanmışdı və təbii ki, həmin illərdə mövcud olmuş problemlər ümumi xarakter daşıyırdı. Ötən 10 il ərzində təşkilata üzv olan dövlətlər müstəqilliyini möhkəmləndirmiş, demokratik təsisatların gücləndirilməsi, iqtisadi potensialın artırılması sahəsində böyük nailiyyətlər əldə etmişdir. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə sıx əməkdaşlıq həyata keçirilir. Ölkələrimizin yerləşdiyi region son vaxtlar dünya işlərində getdikcə daha mühüm rol oynayır. GUAM ölkələri dünyada gedən iqtisadi, siyasi proseslərə real şəkildə inteqrasiya olunmağı arzulayır. Bu baxımdan ötən ilin may ayında Kiyevdə keçirilmiş sammitdə GUAM-ın Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata çevrilməsi məntiqi proses idi.
Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, GUAM-ın üzvü olan 4 ölkədən üçünün - Azərbaycan, Moldova və Gürcüstanın ərazi bütövlüyü təcavüzkar separatizm nəticəsində pozulmuşdur. Mühüm faktdır ki, keçən il təşkilatın üzvləri ərazilərində olan dondurulmuş münaqişələrlə bağlı vəziyyətin müzakirəsinin BMT Baş Məclisinin gündəliyinə salınmasına nail oldular. Bu, çox çətin məsələ idi və yalnız birgə səylərimiz nəticəsində mümkün oldu.
İnanıram ki, ölkələrimiz GUAM çərçivəsində əməkdaşlıqlarını dərinləşdirməklə iqtisadi, siyasi, demokratikləşmə və digər sahələrdə daha böyük uğurlar qazanacaq və xalqlarımız bu uğurlardan bəhrələnəcəkdir.
Rusiya ilə Gürcüstan arasındakı münasibətlərə gəlincə, hər ikisi bizimlə qonşu ölkələrdir və hər ikisi ilə yaxşı münasibətlərimiz var. Bu münasibətlər strateji tərəfdaşlıq münasibətləridir. Qonşu ölkələrlə münasibətlərimiz mehriban qonşuluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan heç bir başqa ölkənin daxili işlərinə qarışmır, digər dövlətlər arasında olan münasibətlərə müdaxilə etmir. Qeyd etməliyəm ki, ölkələr diqqətlərini öz problemləri üzərində cəmləşdirsələr, regionda, dünyada daha təhlükəsiz və sabit şərait təmin etmək olar.
Sualınızın üçüncü hissəsi ilə bağlı deyə bilərəm ki, Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial vardır. Xalqlarımız arasında etnik, mədəni köklərin yaxınlığı əlaqələrimizin genişlənməsi üçün möhkəm əsas yaradır. Biz Türkmənistan ilə əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə hazırıq. Türkmənistan rəhbərliyi də Azərbaycan ilə münasibətlərin daha da genişləndirilməsinə böyük maraq göstərir. Biz Türkmənistanın yeni seçilmiş Prezidenti ilə artıq bu sahədə konkret işlərin həyata keçirilməsi məsələlərini müzakirə etmiş və ümumi razılığa gəlmişik.
-Təhlükəsizlik sahəsində ölkənizin ABŞ-la yaxınlaşması, Xəzər dənizi də daxil olmaqla, neft və qaz kəmərlərinin qorunmasında özünü xüsusilə büruzə verir. Bu əməkdaşlığın ümumi əsaslarını və əhatə etdiyi aspektləri göstərə bilərsinizmi? Bu əməkdaşlıq daimi forma alacaqmı? Müdafiə imkanlarınızın möhkəmləndirilməsi və müasirləşdirilməsi daxil olmaqla, bu cür əməkdaşlıq başqa hansı tərəfdaşlarla inkişaf etdirilə bilər? Bu perspektivdə Rusiya Federasiyasına hansı yer ayrılmışdır?
-ABŞ ilə yaxın əməkdaşlıq, Avratlantik strukturlarına inteqrasiya Azərbaycanın strateji seçimidir. ABŞ ilə ikitərəfli əlaqələrimiz çox yüksək səviyyədədir. Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən energetika, iqtisadiyyat, təhlükəsizlik, siyasət, cəmiyyətin demokratikləşməsi sahəsində sıx əməkdaşlıq edir. Biz ABŞ-ın Azərbaycanın enerji sektorunun inkişafında, təşəbbüskarı olduğumuz qlobal enerji layihələrinin reallaşmasında rolunu yüksək qiymətləndiririk. Antiterror əməliyyatları sahəsində də fəal əməkdaşlıq edirik. Biz Əfqanıstandakı koalisiya qüvvələrinə dərhal qoşulduq, Kosovoya əsgərlərimizi göndərdik. İraqda müharibə başlayanda biz oraya əsgərlərini göndərən ilk ölkələrdən biri olmuşuq. Bu bizim ABŞ ilə möhkəm tərəfdaşlığımızın aydın göstəricisi idi.
Ötən il ABŞ-a rəsmi səfərim, orada aparılmış danışıqlar ikitərəfli münasibətlərimizin inkişafı baxımından çox əhəmiyyətli olmuşdur.
Rusiya ilə münasibətlərə gəldikdə, deməliyəm ki, bu münasibətlər uğurla inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığımız daim genişlənir. Digər qonşularla olduğu kimi, Azərbaycanın Rusiya ilə münasibətləri də mehriban qonşuluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, xarici siyasətimizdə rəhbər tutduğumuz, amil təbii ki, Azərbaycanın dövlət maraqlarıdır. Bu mənada hər hansı bir ölkə ilə əməkdaşlığımız heç vaxt hansısa başqa bir ölkəyə qarşı yönəldilən əməkdaşlıq kimi qiymətləndirilə bilməz. Biz bütün ölkələrlə yaxın münasibətlər qurmağa, sıx əməkdaşlıq etməyə çalışırıq. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olduğunu artıq sübut etmişdir.
-Xəzər dənizində sahilyanı dövlət və qonşunuz olan, böyük sayda azərbaycanlı yaşayan İranla münasibətlər sizin üçün vacibdir. Siz təsdiq etdiniz ki, ölkəniz İrana qarşı hərbi addımları dəstəkləməyəcək və ona münasibətdə sanksiyaların tərəfdarı deyilsiniz. İranın öz nüvə proqramını davam etmək qətiyyətində olduğu zaman, regionda hökm sürən vəziyyəti necə qiymətləndirərdiniz? Nüvə silahlanmasının davam etməsinin nüvə arsenallarının tənzimlənməsinə xidmət edən mexanizmlərin fəaliyyət qabiliyyətini şübhə altına almasından ehtiyat etmirsinizmi? Necə bilirsiniz, İran və ABŞ arasında gərginliyin azaldılması və dialoqun bərpası üçün hər hansı əhəmiyyətli yardım göstərə bilərsinizmi? Ümumi baxımdan isə milli dəniz ərazilərinin müəyyən edilməsi və Xəzərdə milli sektorların delimitasiyası ilə bağlı İranla və digər qonşu dövlətlərlə məsələ nə yerdədir?
-İranla çox yaxşı münasibətlərimiz, fəal iqtisadi əlaqələrimiz var. Qeyd etdiyiniz kimi, orada xeyli sayda azərbaycanlı yaşayır. Bizim İranla min kilometrdən artıq sərhədimiz vardır. Əlbəttə ki, bütün bu amillər nəzərə alınmaqla, biz İran ətrafında gedən prosesləri yaxından izləyirik. Orada vəziyyəti gərginləşdirəcək istənilən potensial addım, ümumilikdə, regional inkişafa böyük təsir göstərə bilər. Bu da öz növbəsində bizi narahat etməyə bilməz. Biz İranın nüvə proqramı ilə bağlı mövqeyimizi ifadə etmişik. Bu mövqe ondan ibarətdir ki, hər bir ölkə beynəlxalq hüquq normalarına uyğun olaraq, dinc məqsədlər üçün nüvə enerjisinə malik ola bilər. Hesab edirəm ki, bu istiqamətdə konstruktiv danışıqlar aparılmalı, bütün mübahisəli məsələlər dinc yolla, beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll olunmalıdır. Ümid edirik ki, məsələ ilə bağlı danışıqlar prosesində iştirak edən bütün tərəflər problemin həllinin dinc formatına sadiq qalacaqlar.
Xəzər dənizinin delimitasiyası məsələsinə gəlincə, deməliyəm ki, bu məsələdə Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeləri tam üst-üstə düşür. Bu mövqe beynəlxalq hüquq normalarına əsaslanır. Qeyd etdiyim dövlətlər arasında Xəzər dənizindən istifadə qaydalarının əsaslarını müəyyən edən sazişlər də imzalanmışdır. İran ilə müntəzəm danışıqlar aparılır və deyə bilərəm ki, mövqelərimizdə yaxınlaşma vardır. Hazırda sahilyanı dövlətlər Xəzərin hüquqi statusuna dair konvensiya layihəsi ətrafında müzakirələr aparır. İnanıram ki, ortada olan bütün məsələlər tezliklə tam həllini tapacaqdır.
-Beynəlxalq ictimaiyyət İraq münaqişəsinin inkişafını narahatlıqla izləyir. Azərbaycana və regiona bunun necə təsiri ola bilər? İraqda yaranmış vəziyyətdən çıxışı necə görürsünüz və xarici qoşunların ölkədən çıxarılmasının sabitliyin başlanmasına gətirib çıxara biləcəyinə inanırsınızmı?
-Qeyd etdiyim kimi, Azərbaycan əsgərləri hərbi əməliyyatların ilk günündən İraqda xidmət göstərməyə başlamışlar və bu xidmət indiyə kimi davam edir. Əlbəttə ki, İraqda baş verən hadisələr bütün beynəlxalq birliyi, o cümlədən beynəlxalq birliyin bir üzvü kimi bizi də narahat edir. Biz İraqda sülhün bərqərar olunmasını, zorakılığın, xalqın üzləşdiyi bu dəhşətli faciənin sona çatmasını istəyirik. Azərbaycan İraqda sülhün və təhlükəsizliyin bərpa olunması işi üçün əlindən gələni etməyə hazırdır.
-Qara dəniz və Xəzər dənizi regionunda dialoq və enerji əməkdaşlığı ilə bağlı hər hansı irəliləyiş əldə olunubmu? Əsas qonşu dövlətlərlə münasibətlərdə neft və qaz diplomatiyası sahəsində Azərbaycanın mövqeyi nədən ibarətdir? BTC-nin ən yüksək istismar səviyyəsinə çatdığı və Azərbaycan neftinin Avropa bazarlarına çıxarıldığı bir vaxtda neft və qaz kəmərlərinin tikilməsi sahəsində hansı yeni layihələriniz var? Asiyada, xüsusən də Çin və Hindistan kimi hazırkı və potensial müştərilərinizlə hansı münasibətləri inkişaf etdirmək niyyətindəsiniz?
-Demək olar ki, biz bütün enerji layihələrimizi başa çatdırmışıq. İki boru kəməri inşa edilmişdir - Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri. Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə biz gündə təqribən bir milyon barrel neft ixrac edəcəyik. Bir trilyon kubmetr təbii qaz ehtiyatına malik olan nəhəng “Şahdəniz” yatağından hasil olunan qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Türkiyəyə və oradan Yunanıstan vasitəsilə Avropaya ixrac ediləcəkdir. Bundan əlavə, Azərbaycan nefti iki digər boru kəməri vasitəsilə Qara dənizə çıxarılır. Beləliklə, bizim neftimiz və qazımızın artıq Avropa və dünya bazarlarına çıxışı var. Buna görə də yaxın perspektivdə əlavə boru kəmərlərinin inşasına ehtiyac görmürük. Lakin əgər gələcəkdə daha əlavə həcmdə neft hasil edilərsə və kommersiya baxımdan zəruri hesab olunarsa, biz başqa istiqamətləri də nəzərdən keçirə bilərik. Biz bu fikirdəyik ki, alternativ marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Buna görə də boru kəmərlərinin çoxluğu siyasəti Azərbaycan üçün və enerji ehtiyatlarımızdan, infrastrukturumuzdan gələcəkdə faydalanacaq tərəflər üçün ən yaxşı seçimdir.
Bakı-Tbilisi-Ceyhan boru kəməri bütünlükdə Xəzər dənizi və Qara dəniz regionunun ümumi inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu gün Qara dəniz və Xəzər dənizi regionu müxtəlif sahələrdə əməkdaşlıq edir. Azərbaycanın birbaşa təşəbbüsü və iştirakı ilə tərəfdaşlarımız və qonşularımızın genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlıq layihələrinə cəlb edilməsinə imkan verən çox mühüm infrastruktur yaradılmışdır. Deməliyəm ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri, sadəcə olaraq, neftimizin xarici bazarlara nəql edilməsinə imkan verən dəhliz deyildir. Bu, regional əməkdaşlığa, sülh və sabitliyə, xalqların rifah halının yaxşılaşdırılmasına xidmət edən bir layihədir. Bu gün bizim apardığımız siyasət Xəzər dənizi regionundan kənara çıxır. Biz artıq regional əməkdaşlığın daha geniş mənada yeni elementlərini görürük.
Hazırda digər bir qlobal beynəlxalq layihə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzərində çalışırıq və bu sahədə konkret işlər görülmüşdür. Asiya ilə Avropanı Azərbaycan vasitəsilə birləşdirəcək dəmir yolu layihəsinin reallaşdırılması məqsədi ilə artıq Azərbaycan hökuməti tərəfindən böyük maliyyə vəsaiti ayrılmışdır. Biz ümid edirik ki, yaxın illərdə layihənin həyata keçirilməsi başa çatacaq və bunun nəticəsində yük və sərnişinlərin bu yol vasitəsilə qatarlarla Çindən Avropaya daşınması mümkün olacaqdır.
-Neft və qazdan əldə etdiyiniz gəlirlər 2006-cı ildə Azərbaycana təxminən 35 faiz artımla dünya iqtisadiyyatında ən yüksək göstəriciyə nail olmağa imkan verdi. Neftdən alınan gəlirlərdən necə istifadə etməyi planlaşdırırsınız? Neft Fondu ilə infrastrukturun və sosial vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş sərmayələr arasında bölüşdürməni necə nəzərdə tutmusunuz? Azərbaycan əhalisinin bir hissəsinin yaşadığı yoxsulluğa qarşı mübarizə sahəsində tədbirlərin nəticələri barədə nə deyə bilərsiniz? İqtisadiyyatın şaxələndirilməsi üçün hansı tədbirlər görəcəksiniz və bundan nə gözləyirsiniz?
-1994-cü ildən həyata keçirilən layihələr yalnız 2005-ci ildən başlayaraq, ölkəmizə əhəmiyyətli dərəcədə neft gəlirləri gətirməyə başlamışdır. Biz qarşıdakı illərdə ölkəyə nəhəng neft gəlirlərinin axını ərəfəsindəyik. Sizin də qeyd etdiyiniz kimi, iqtisadiyyatımız böyük sürətlə artır. 2007-ci ilin dövlət büdcəsi təxminən 6,5 milyard dollar təşkil edir. Müqayisə üçün deyim ki, 2003-cü ildə bu rəqəm 1,5 milyard dollar olmuşdur. 2005-ci ildə ümumi daxili məhsul 26 faiz, 2006-cı ildə isə 34,5 faiz artmışdır. Xüsusi vurğulamaq istəyirəm ki, bu artım, sadəcə, neft sektorunun inkişafı sayəsində əldə edilməmişdir. Biz qeyri-neft sektorunun inkişafına da xüsusi önəm veririk. 2006-cı ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 46,4 faiz təşkil etmişdir. Onu da deməliyəm ki, ümumi daxili məhsulda özəl sektorun payı 81 faizdir. Əlbəttə, biz indidən neftin hasilatı aşağı düşdükdən sonra nələrin baş verəcəyi barəsində düşünürük. Hazırda ölkəmizdə təhsil və elm sahəsinə böyük investisiyalar qoyulur. Müasir Azərbaycan naminə güclü intellektual potensialın yaradılması məqsədi ilə informasiya texnologiyalarına, iqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyulması məsələsinə böyük diqqət yetiririk. Digər proqram sənayenin inkişafı ilə bağlıdır. Qeyd etdiyim kimi, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi məsələsinə böyük önəm veririk. Xaricdən və Azərbaycandan qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi məqsədi ilə kapitalı 100 milyon ABŞ dolları təşkil edən Dövlət İnvestisiya Şirkətini yaratmışıq.
Neft Fondunun yaradılması neft strategiyamızın mühüm elementlərindən biri olmuşdur. Biz neftdən gəlir əldə etməyə başlayan zaman dərhal Neft Fondu təsis etdik. Fondun fəaliyyəti şəffaflıq prinsipləri üzərində qurulmuşdur. Onun fəaliyyəti və gəlirləri haqqında məlumatlar müntəzəm olaraq dərc edilir. Neft Fondunun gəlirlərinin nə miqdarda və hansı sahələrə xərclənməsi barədə qərarın qəbul olunmasına parlament nəzarət edir. Fondda beynəlxalq audit həyata keçirilir və o, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, beynəlxalq maliyyə təşkilatları ilə yaxından əməkdaşlıq edir. Eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan Böyük Britaniyanın hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olmuşdur. Bu təşəbbüsə regionda təkan verilməsi istiqamətində göstərdiyimiz fəaliyyət ABŞ və Böyük Britaniya tərəfindən yüksək qiymətləndirilmişdir.
O cümlədən, neft kimyası sənayesi prioritetlərimizdən biridir.
Böyük diqqət yetirdiyimiz sahələrdən biri də infrastrukturdur. İndi ölkənin bütün yerlərində böyük tikinti və yeni infrastrukturun yaradılması işləri gedir. Yeni yollar salınır, elektrik stansiyaları tikilir, su və qazpaylaşdırıcı sistemlər yeniləşdirilir, yeni xəstəxanalar, məktəblər və sair inşa edilir.
Əsas prioritetlərimizdən biri də kənd təsərrüfatının inkişafıdır. Azərbaycan əhalisinin əlli faizi kənd yerlərində yaşayır. Yaxşı potensialımız, torpağımız, iqlimimiz var. Fermer təsərrüfatlarının inkişafı üçün böyük miqdarda maliyyə vəsaiti ayrılır.
Azərbaycanda sosial sahənin inkişafına xüsusi diqqət ayrılır. 2007-ci il büdcəsində sosial sahə üçün ayrılmış xərclər 37,9 faiz, yəni 2,5 milyard dollar olmuşdur. Son üç il ərzində Azərbaycanda 520 min yeni iş yeri açılmışdır və bunun çoxu qeyri-neft sektorunda yaradılmışdır. Bu, əsasən, regionlarda baş vermişdir. Ölkədə əmək haqları, pensiyalar mütəmadi olaraq artırılır. Qeyd etmək istərdim ki, neft hasil edən bir ölkə olsaq da, biz çoxşaxəli iqtisadiyyatın olmasına böyük əhəmiyyət veririk. Bəzi neft hasil edən ölkələrin mənfi təcrübəsini təkrarlamaq istəmirik. Yəni, orada insanların bir qismi daha da zənginləşir, qalan hissəsi isə daha da kasıb vəziyyətə düşür. Ona görə biz neftdən gələn sərvəti insan kapitalına çevirmək istəyirik.
Yoxsulluğun azaldılması məsələsinə gəlincə, bu sahədə dövlət proqramı vardır. Bu proqram beynəlxalq maliyyə qurumları ilə birgə uğurla həyata keçirilir. Müvəffəqiyyətli iqtisadi siyasət nəticəsində ölkəmizdə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2006-cı ildə 20 faizə enmişdir. Biz gələn bir neçə il ərzində bunu daha da aşağı salacaq və ümumiyyətlə, yoxsulluğu aradan qaldıracağıq.
-Beynəlxalq maliyyə təsisatları kimi, Avropa İttifaqı da xarici sərmayələrin cəlb olunmasında sabit qaydaların və mülkiyyətə münasibətdə hörmət tələb edən açıq iqtisadiyyatın tərəfdarıdır. İşgüzar mühitin yaxşılaşdırılması proqramınız çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində ölkənizdə hansı tədbirlər görülüb? Özəlləşdirmə hazırda əhatə etdiyindən əlavə, başqa sahələrə də şamil olunacaqmı? Ölkənizin Dünya Ticarət Təşkilatına üzv olması məsələsi ilə bağlı vəziyyət necədir?
-Korrupsiya bütün keçmiş sovet ölkələri üçün ciddi problemə çevrilmişdir. Bu, totalitar, qərarların inzibati qaydada qəbul edildiyi sistemdən miras qalmış bir məsələdir. Bununla yanaşı, deməliyəm ki, bu, dünyanın bir çox, hətta inkişaf etmiş ölkələrinin də üzləşdiyi problemdir. Hesab edirəm ki, bu sahədə inzibati vasitələrlə müsbət nəticələr əldə etmək mümkün deyildir. Fikrimcə, korrupsiya ilə güclü iqtisadi tədbirlər və mükəmməl qanunlar vasitəsilə mübarizə aparmaq lazımdır. Ölkəmizdə bu sahədə konkret işlər görülür. Parlament korrupsiya ilə mübarizəyə dair qanun qəbul etmişdir. Azərbaycan Respublikası Prokurorluğunun tərkibində korrupsiya ilə mübarizə üzrə xüsusi idarə yaradılmışdır. Qeyd etdiyim kimi, korrupsiya ilə mübarizədə iqtisadi vasitələr böyük önəm daşıyır. Bunun üçün insanların həyat səviyyəsini yüksəltməli, əmək haqlarını artırmalıyıq və güclü ictimai nəzarət təmin edilməlidir. Bildirdiyim kimi, bu istiqamətdə konkret tədbirlər görülür.
Siz özəlləşdirmə məsələsinə toxundunuz. Hesab edirəm ki, genişmiqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsi davam etdirilməlidir. Azərbaycan rəhbərliyi özəlləşdirmə məsələsinə böyük diqqət yetirir və bu proses çox uğurla gedir. Ölkəmizdə özəlləşdirmənin əsas fazası başa çatdırılmışdır. Dediyim kimi, hazırda Azərbaycanda ümumi daxili məhsulun 81 faizi özəl sektorun payına düşür. Özəlləşdirmənin sürətlə həyata keçirilməsi orta təbəqənin yaradılması, bürokratik aparatın ixtisar edilməsi və iqtisadiyyatın maksimum dərəcədə sərbəstləşdirilməsi sahəsində gördüyümüz işlər Azərbaycanın gələcəkdə də güclü iqtisadi inkişafı üçün möhkəm zəmin yaradır.
Dünya Ticarət Təşkilatına üzvlük məsələsinə gəlincə, demək istəyirəm ki, artıq üzvlüklə bağlı müvafiq sənədlər təşkilata təqdim edilmişdir və təşkilata daxil olmaq üçün ölkə daxilində zəruri olan bütün prosedurlar uğurla həyata keçirilməkdədir.
-Avropa İttifaqının və Avropa Şurasının əsas fəaliyyət istiqamətlərindən biri demokratiyanın, xüsusən də ədalətli və şəffaf seçki vasitələrinin gücləndirilməsidir. Sizin fikrinizcə, insan hüquqlarının müdafiəsi, fundamental azadlıqlar və hüquqi dövlət quruculuğu sahəsində hansı addımlar atılmalıdır? Azərbaycan dinə və xüsusən də İslama hansı yeri ayırır? İslam fanatizminin artmasını və Əl-Qaidə kimi radikal ekstremist qrupların beynəlxalq aləmə təhlükəsini necə qiymətləndirirsiniz?
-Biz ölkəmizdə demokratik inkişaf prosesinə böyük önəm veririk. Ümumiyyətlə, demokratikləşməyə, siyasi plüralizmə, qanunun aliliyinin təmin olunmasına gələcək inkişafımızın əsas amilləri kimi baxırıq. Ölkənin ümumi inkişafından danışdıqda, hansısa bir elementə üstün, digərinə isə az əhəmiyyət vermək olmaz. İqtisadi artım, siyasi inkişaf və demokratikləşmə prosesi paralel getməlidir. Yalnız bu halda uğur qazanmaq olar. İndi Azərbaycanda demokratik inkişaf istiqamətində böyük irəliləyişlərə nail olunmuşdur. Müasir cəmiyyət qurmaq, qanunun aliliyini və sosial ədalət prinsipini tam təmin etmək, insanlar üçün bərabər şərait yaratmaq və güclü iqtisadiyyat qurmaq qarşımızda duran əsas məqsədlərdəndir. Bu sahədə həyata keçirdiyimiz konkret işlər yaxın gələcəkdə həmin məqsədlərə nail olacağımıza əminlik yaradır.
Sualınızın ikinci hissəsi ilə bağlı deyə bilərəm ki, Azərbaycan dünyəvi ölkədir və ölkəmizin ali qanununa görə, din dövlətdən ayrıdır. Bununla yanaşı, İslam dini bizim tariximizin, keçmişimizin və hazırkı həyatımızın ayrılmaz bir hissəsidir. Biz öz dinimizə, eyni zamanda, ölkəmizdə mövcud olan bütün digər dinlərə böyük hörmətlə yanaşırıq. Bu gün fəxr hissi ilə deyə bilərik ki, Azərbaycanda yüksək dini tolerantlıq mövcuddur. Ölkəmizdə dini zəmində heç bir mübahisə yoxdur. Etnik və dini zəmində qarşıdurmaların baş verdiyi bugünkü dünyada bunu nadir vəziyyət adlandırmaq olar. Azərbaycan müxtəlif millətlərə və dinlərə mənsub olan insanların birgə yaşadığı ölkədir. Azərbaycan xalqının tarixi mentaliteti və hazırda ölkədə dini azadlığın təmin olunması sahəsində görülən işlər müxtəlif dini konfessiyaların mehribanlıq şəraitində, bir ailə kimi yaşaması üçün möhkəm əsas yaradır. Ölkəmizdə heç zaman dini fanatizm olmamışdır və olmayacaqdır. Biz hər cür fanatizmin və ekstremizmin əleyhinəyik. Hesab edirəm ki, bu sahədə Azərbaycanın müsbət təcrübəsindən istifadə oluna bilər.
Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edən ölkələrdən biridir. Lakin onu da bildirmək istəyirəm ki, terrorizmin, fanatizmin, radikal ekstremizmin İslam dini ilə bağlanması çox səhv və təhlükəli bir yanaşmadır. Azərbaycan özü uzun müddət erməni terrorçu təşkilatlarının terrorizminin qurbanı olmuşdur. Erməni terror təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən vəhşi terror aktları nəticəsində xeyli sayda insanımız həlak olmuş və yaralanmışdır. Bir daha demək istəyirəm ki, terrorizmin və radikal ekstremizmin hər hansı bir din ilə bağlanmasına yol vermək olmaz.
-Sizin məqsədiniz iqtisadiyyatın şaxələndirilməsini gücləndirmək və tarazlı iqtisadi inkişafa nail olmaqdır. Bu perspektivdə, ölkənizdə Fransanın və onun şirkətlərinin rolunu necə dəyərləndirirsiniz? Fransada olduğunuz müddətdə enerji ilə bağlı sahələrlə yanaşı, ətraf mühit, bank, sığorta, yeyinti sənayesi, gömrük kimi sahələrdə əməkdaşlıq baxımından hər hansı irəliləyişə nail oldunuzmu? Sizin fikrinizcə, hər iki dövlətin marağında olan davamlı inkişaf və ətraf mühitin qorunması kimi sahələrdə əməkdaşlığı artırmaq olarmı?
-Azərbaycanın enerji sektorunda və qeyri-neft sektorunda Fransanın bir sıra aparıcı şirkətləri uğurla fəaliyyət göstərir. Demək olar ki, Fransaya hər səfərim zamanı bu ölkənin işgüzar dairələri ilə görüşlərim olur. Dövlət səfəri çərçivəsində də Fransanın nüfuzlu “Qaz de France”, “VİNCİ”, “BNP PARİBAS”, “SOCIÉTÉ GÉNÉRALE” kimi şirkətlərinin, Lill şəhəri işgüzar dairələrinin nümayəndələri ilə görüşlərim olubdur. Bundan əlavə, bir sıra nüfuzlu Fransa şirkətlərinin nümayəndə heyətlərinin ölkəmizə xeyli sayda səfərləri zamanı mən onlarla görüşmüşəm. Hazırda qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatında prioritet məsələdir. Hesab edirəm ki, bu sahədə Fransa şirkətləri Azərbaycanda daha da fəal işləyə bilərlər.
Ətraf mühitlə bağlı məsələyə gəlincə, deyə bilərəm ki, bu sahədə bizə Sovet İttifaqından çox mənfi bir miras qalmışdır. Belə ki, o zamanlar ekologiya haqqında anlayış belə yox idi. Heç kim təbiətin vəziyyətinə fikir vermirdi. Hazırda bu sahəyə ölkəmizdə böyük diqqət yetirilir. Mənim tərəfimdən imzalanmış sərəncam əsasında ekologiya sahəsində proqram qəbul olunmuşdur. Biz bu proqram çərçivəsində gələn 5-10 il ərzində yüz milyonlarla dollar sərf edərək, Bakı ətrafında və digər yerlərdə neftlə çirklənmiş gölləri tamamilə təmizləyəcəyik. Fransa şirkətlərinin ətraf mühitin qorunması sahəsində xeyli təcrübəsi vardır. Bu mənada biz həmin istiqamətdə Fransanın şirkətləri, habelə müvafiq strukturları ilə əməkdaşlıq etməyə hazırıq.
-Azərbaycan ilə Fransa arasında mədəni və humanitar əlaqələrin perspektivləri barəsində nə deyə bilərsiniz?
-Azərbaycan ilə Fransa arasında mədəni və humanitar əlaqələr, digər sahələrdə olduğu kimi, uğurla inkişaf edir. Ölkələrimiz və xalqlarımız qədim və zəngin tarixə, mədəniyyətə malikdir. Ölkələrimizin mədəni sahədə əməkdaşlığı, sözsüz ki, xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Qeyd etməliyəm ki, Fransaya dövlət səfərim zamanı Azərbaycanda Fransa İlinin, Fransada isə Azərbaycan İlinin keçirilməsi barədə qərarın qəbul edilməsi bu baxımdan çox önəmli hadisədir. Eyni zamanda, bu səfər zamanı elm, mədəniyyət və humanitar sahələri əhatə edən dörd sənəd imzalanmışdır. Əminəm ki, humanitar və mədəni sahələrdə əlaqələrimiz bundan sonra da genişlənəcəkdir.