AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN LİTVAYA RƏSMİ SƏFƏRİ
KLAYPEDA DÖVLƏT DƏNİZ LİMANI İLƏ TANIŞLIQ
![]() |
![]() |
![]() |
![]() |
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Litvada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Palanqa şəhərinə gəlmişdir.
Azərbaycan dövlətinin başçısını hava limanında şəhərin meri Alvidas Kirstukas qarşıladı.
Sonra avtomaşın korteji Klaypedaya yola düşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Klaypedada şəhərin meri Rimantas Taraskyaviçus, Dövlət Dəniz Limanı Administrasiyasının və Dəniz Limanları Assosiasiyasının rəhbərləri səmimiyyətlə qarşıladılar.
Azərbaycan Prezidenti Klaypeda dövlət dəniz limanının fəaliyyəti ilə tanış oldu. Limanın inzibati binasında görüş zamanı dövlətimizin başçısına Baltik dənizinin bu donmayan limanı barədə məlumat verildi. Bildirildi ki, Litvanın mühüm nəqliyyat mərkəzi olan bu limanda Şərqdən Qərbə və daha sonra Cənub-Şərqi Asiyaya və Amerika qitəsinə gedən mühüm dəniz yolları və dəmir yol xətləri qovuşur.
Klaypeda limanı çoxfunksiyalı limandır. Burada gəmi təmiri və gəmiqayırma şirkəti, karqo-biznes sahəsində servis xidməti fəaliyyət göstərir. Limandakı 19 iri kranın köməyi ilə hər il təqribən 30 milyon ton yük emal edilir.
Prezident İlham Əliyev və Azərbaycanın nümayəndə heyətinin üzvləri limanın ərazisini gəzdilər, “Klaypedos nafta” şirkətinin neft terminalında oldular.
Dövlətimizin başçısı limanın fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.



