AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MOSKVAYA SƏFƏRİ RUSİYA KİV-LƏRİNİN DİQQƏT MƏRKƏZİNDƏDİR
Rusiya KİV-ləri Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu bildirir və dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi ilə bağlı hər iki prezidentin bəyanatlarını sitat gətirirlər. Rusiya jurnalistləri prezidentlər İlham Əliyevin və Vladimir Putinin fikirlərinə əsaslanaraq yazırlar ki, Azərbaycan və Rusiyanın dövlət başçıları arasında səmimi və etibarlı münasibətlər yaranmışdır, beynəlxalq və regional əməkdaşlığın əsas məsələlərində tam qarşılıqlı anlaşma vardır.
Məqalələrdə Azərbaycan Prezidentinin belə bir fikri sitat gətirilir ki, Azərbaycan və Rusiya tərəfdaşlardır, bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə qalxmışdır, regional və beynəlxalq siyasət məsələlərində Bakının və Moskvanın mövqeləri oxşardır. Mən bu cür qarşılıqlı fəaliyyətin davam etdirilməsi üçün səylərimi əsirgəməyəcəyəm. Mətbuatda Vladimir Putinin çıxışından da sitat gətirilir: Rusiyada ürəkdən istəyirlər ki, Azərbaycan sabit, təhlükəsiz, iqtisadi cəhətdən güclü dövlət olsun. Əminəm ki, biz böyük zəhmət və qan bahasına əldə edilmiş mehriban qonşuluq və əməkdaşlıq kimi çox dəyərli nailiyyətimizi qoruyub saxlamalıyıq.
Qəzetlər həmçinin məlumat verirlər ki, səfər zamanı iktərəfli əməkdaşlıq məsələlərinin bütöv kompleksi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, qarşılıqlı siyasi və iqtisadi fəaliyyət probleminə, beynəlxalq terrorizmlə mübarizə və Xəzərin hüquqi statusu məsələlərinə dair geniş fikir mübadiləsi aparılmışdır.