Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Çox sağ olun, dəvətinizə görə minnətdaram.

Mən MEDEF-də yenidən olmağıma çox şadam və ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı fikir mübadiləsi üçün yaradılmış şəraitə görə minnətdaram.

Qeyd etdiyiniz kimi, mən iki il yarım öncə burada olmuşdum. Həmin görüşümüz mənim Fransaya 2004-cü ilin əvvəlində etdiyim ilk rəsmi səfər zamanı baş tutdu. İkitərəfli münasibətlərimizin sürətlə inkişafının əsas göstəricilərindən biri də odur ki, həmin vaxtdan etibarən mən Fransaya bir neçə səfər etmişəm. bu səfərlər əlaqələrimizin dinamik inkişafından xəbər verir və onların müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün olan çox böyük imkanlar göz qabağındadır.

Axırıncı görüşümüzdən sonra Azərbaycanda iqtisadi artım uğurla davam etmişdir. Biz çox mühüm müxtəlif iqtisadi və sosial proqramlar həyata keçirməyə başladıq. Onların hamısı uğurla davam etdirilir. Regional inkişaf proqramı, işsizliyin və yoxsulluğun azaldılması proqramının, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsində və təbii ki, ölkə üçün ən vacib olan neft və qaz sənayesinin inkişafında yaxşı nəticələr əldə etmişik. Mən son iki il yarım ərzində əldə olunmuş nailiyyətləri təsəvvür etmək üçün bəzi rəqəmləri Sizin nəzərinizə çatdırmaq istəyirəm.

Regional inkişaf proqramının həyata keçirilməsi nəticəsində Azərbaycanda təqribən 400 min yeni iş yeri yaradılmışdır. Onların əksəriyyəti qeyri-neft sektorunda və rayonlarda açılmışdır. Ötən il ərzində Azərbaycanda ÜDM-in artımı 26 faiz təşkil etmiş, cari ilin ilk dörd ayı ərzində isə təqribən 40 faizə bərabər olmuşdur. Sənaye istehsalının artımı təxminən 40-45 faiz səviyyəsində olmuşdur. 2005-ci ildə yoxsulluğun səviyyəsi 20 faiz aşağı düşmüş, yəni, yoxsulluq şəraitində yaşayanların sayı 20 faiz azalmışdır. Bizim Azərbaycanda yoxsulluğun tam aradan qaldırılmasına yönəlmiş çox ciddi proqramımız var. Əhalinin gəlirləri, pensiya və təqaüdlər artmaqdadır. Biz infrastrukturun yaradılmasına dair olduqca mühüm proqram həyata keçiririk.

Hazırda Azərbaycanda 6 elektrik enerjisi stansiyası tikilir və onların ümumi gücü 1000 meqavata bərabərdir. Bu cür imkanlarla biz inkişaf edən iqtisadiyyatın artan tələbatını ödəyə biləcəyik. Yolların çəkilməsi proqramı da uğurla yerinə yetirilir. Bu proqramda magistral yollar və ölkənin müxtəlif bölgələrinə aparan yollar nəzərdə tutulur. Çünki biz iqtisadiyyatımızı şaxələndirmək istəyiriksə, onda müasir infrastruktura malik olmalıyıq.

Son illər ərzində iqtisadi inkişaf sahəsində əsas diqqətimiz qeyri-neft sektoruna yönəlmişdir. Neft və qaz layihələrinə gəldikdə, bu sahədə hər şey əladır, işlər cədvələ uyğun gedir və çox böyük nailiyyətlər əldə olunmuşdur. Təbii ki, qarşıdakı illər ərzində neft və qazdan gələn gəlirlər ölkə büdcəsinin mədaxil hissəsinin əsasını təşkil edəcəkdir. Lakin biz, eyni zamanda, gələcək on və ya iyirmi il haqqında düşünməliyik və nəyin baş verəcəyini bilməliyik. Enerji təchizatçısı kimi Azərbaycanın yaxşı imkanlarından istifadə edərək, yüksək texnologiyalara və lazımi avadanlığa malik güclü və müasir sənaye yaratmalıyıq və lazımi satış bazarlarını formalaşdırmalıyıq. Biz bu işi bu gün görməliyik və yubanmaya yol vermək olmaz. Beləliklə, biz iqtisadiyyatımızın birtərəfli inkişafından yan keçəcəyik və neft hasilatından və neftin qiymətlərindən asılılığı tam aradan qaldıracağıq.

Bir sözlə, məqsədimiz güclü qeyri-neft sektoruna, sənayeyə və infrastruktura, eləcə də peşəkar mütəxəssislərə malik müasir ölkənin yaradılmasıdır. Biz kadrların formalaşması işinə çox böyük diqqət yetiririk. Çünki əgər dünyanın müxtəlif ölkələrində uğur gətirmiş nümunələrə nəzər salsaq görərik ki, uğur, tərəqqi və yeni texnologiyalar, yüksək peşəkarlığı ilə seçilən insanlar və mütəxəssislər olduğu təqdirdə qazanılır. Bu səbəbdən də Azərbaycanda təhsil proqramları prioritet xarakter daşıyır. Kadr hazırlığı sahəsinə yatırılan sərmayələr uzunmüddətlidir və onların nəticəsində müasir iqtisadiyyat barədə bilik və bacarığa malik olan çox peşəkar insanlar yetişəcəkdir.

Mən bir daha qeyd edirəm ki, başladığımız bütün işlərdə biz uğurlar əldə etmişik. Bütün proqramlarımızın həyata keçirilməsinin çox dəqiq mexanizmləri var. Burada maliyyələşmə mənbəyi də nəzərdə tutulubdur. Biz əsasən öz resurslarımıza arxalanırıq. Əlbəttə ki, bu gün iqtisadiyyatımızın inkişaf etdiyi və istismara verilən boru kəmərlərinin olduğu şəraitdə, hər hansı böyük krediti, milyard yarım, bir milyard və ya ondan da artıq, - almaq Azərbaycan üçün çətin iş deyildir. Azərbaycana əvvəllər milyardlarla dollar məbləğində kreditlər verilibdir. Bu sahədə ölkəmiz etibarlı tərəfdaşdır. Lakin biz öz resurslarımıza arxalanmağa üstünlük veririk. Bundan da məqsəd ölkənin iri həcmdə borclarının yaranmasına imkan verməməkdir.

Büdcəmiz çox sürətlə artır. Üç il bundan öncəki vəziyyətlə müqayisə etsək, büdcəmiz üç dəfə artmışdır. Lakin gəlirlərin daha da artırılması üçün böyük imkanlarımız var. Maliyyə sahəsində çox güclü intizamın, hesablaşmalar, neft gəlirlərinin toplanması və bölünməsində şəffaflığın təmin olunması çox vacibdir. Azərbaycan hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olmuşdur. Bu təşəbbüs indi dünyanın müxtəlif ölkələrində yayılır. Proqramın rəhbərliyinin məlumatına görə, Azərbaycan bu təşəbbüsün iştirakçıları içərisində aparıcı ölkədir.

Azərbaycanın Neft Fondu çox şəffaf şəkildə fəaliyyət göstərir. Neft satışından əldə olunan bütün gəlirlər bu Fondda cəmləşir və onun üzərində beynəlxalq audit həyata keçirilir. Neft Fondunun fəaliyyəti barədə məlumatlar müntəzəm olaraq açıq şəkildə dərc olunur. Beləliklə, hər bir vətəndaş Neft Fondunun gəlirləri barədə məlumat əldə edə bilər. Bununla yanaşı, neft gəlirlərinin bölgüsü də şəffaf şəkildə həyata keçirilir. Neft gəlirlərinin birbaşa və ya gizli şəkildə xərclənməsi mümkün deyildir. Bu, yalnız parlament tərəfindən, büdcə vasitəsilə həyata keçirilə bilər. Şəffaflığın təmin edilməsində ilk məqsəd ondan ibarətdir ki, gəlirlərdən sui-istifadənin qarşısı alınsın. Bundan əlavə, insanların gəlirlərin haraya xərclənməsi barədə məlumat almaq və bu məsələ ilə bağlı qərarların qəbul olunmasında iştirak etmək hüququ vardır. Artıq qeyd etdiyim kimi, neft və qaz layihələrinin həyata keçirilməsi iqtisadi artımın təmin olunmasında aparıcı rolu oynamaqda davam edir.

Biz mayın 28-də tarixi bir hadisəni qeyd etdik. Azərbaycan nefti Ceyhan terminalına çatmışdır və artıq onun çənlərə doldurulmasına başlanmışdır. Bir neçə gündən sonra Azərbaycan nefti ilə dolu tanker Ceyhan limanından yola düşəcəkdir. Bu, o deməkdir ki, biz əfsanəni reallığa çevirə bildik. Biz Xəzər dənizi ilə Aralıq dənizini dünyanın ən böyük enerji layihəsi hesab olunan boru kəməri vasitəsilə birləşdirə bildik. Bizim neft hasilatımız get-gedə artmaqdadır. İki il ərzində hasilatı iki dəfə artıracağıq. 2008-ci ildə neft hasilatı gündə ən azı bir milyon barrelə çatacaqdır. Əlbəttə ki, bu, ölkənin bütün tələbatını ödəyəcək və sosial problemlərin, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyona yaxın insanın, yoxsulların problemlərinin həllinə kömək edəcəkdir.

Eyni zamanda, Azərbaycanın qaz yatağından hasil ediləcək qazın Türkiyə bazarına və potensial qaydada Avropa bazarlarına nəql olunmasını təmin edəcək enerji layihəsi də həyata keçirilməkdədir. Bu layihə cari ilin payızında başa çatdırılacaqdır. Həmin layihələr Azərbaycan və regionun başlıca enerji layihələridir və bunların dünya ölkələri üçün də əhəmiyyəti var. Bunlar dünya bazarlarının enerji daşıyıcıları ilə təmin olunmasında yeni mənbədir. Həmin layihələr yeni bir vəziyyət yaradır. İlk növbədə, iqtisadi baxımdan, ölkəmiz daha böyük maliyyə vəsaitləri əldə edəcəkdir.

Daha sonra, həmin layihələrin regional əməkdaşlıq üçün də əhəmiyyəti vardır. Biz artıq belə bir əməkdaşlığı sınaqdan keçirmişik. Eyni zamanda, bu layihələrin regionun ümumi inkişafı, buradakı siyasi proseslər, demokratikləşmə prosesi üçün də əhəmiyyəti vardır. Yəni bütün bunlar bir-birilə çox bağlıdır. Ölkənin möhkəm iqtisadi bünövrəsi olmalıdır. İnsanlar özlərini məmurların təsirindən azad hiss etməlidirlər. Bunun üçün isə ölkədə kapital qoyuluşuna əlverişli şərait yaradılmalı, liberal bazar iqtisadiyyatı təmin olunmalıdır.

Azərbaycanda özəl sektorun ÜDM-dəki payı təxminən 75 faiz təşkil edir. Neft sənayesinin dövlət inhisarında olmasını nəzərə alsaq, bu, böyük rəqəmdir. Biz eyni zamanda özəl sahibkarlara kömək göstərməyə çalışırıq və bunun üçün onlara güzəştli kreditlər verilir. Cari ildə büdcəmizdə qeyri-neft sektorunun inkişafı üçün güzəştli kreditlərə 100 milyon ABŞ dolları həcmində vəsait ayrılmışdır. Çünki kapital olmadan sahibkar uğurla fəaliyyət göstərə bilməz. Eyni zamanda, bu yaxınlarda ölkəmizdə dövlətin mülkiyyətində olan Sərmayə Şirkəti yaradılmışdır. Şirkətin ilkin kapitalı 100 milyon ABŞ dollarıdır. Gələcək illərdə bu məbləğin artırılması gözlənilir. Bu şirkətin yaradılmasından əsas məqsəd həyata keçiriləcək müxtəlif sənaye layihələri üçün texniki əsaslandırma hazırlamaq, özəl şirkətlər arasında həmsərmayəçi axtarmaq və digər kommersiya layihələrinin hazırlanmasına kömək etməkdən ibarətdir.

Hesab edirəm ki, bu, potensial sərmayədarların böyük etimadını qazanacaqdır. Belə ki, əgər dövlət şirkəti hər hansı bir layihəyə kapital qoyuluşunun 30-40 faizini təmin edirsə, onda sərmayədar konkret fəaliyyətin aparılmasında özünü daha rahat hiss edəcəkdir. Layihə həyata keçirildikdə, dövlət sərmayə şirkəti öz payını başqa sərmayədara sata bilər. Bu, qeyri-neft sektoruna təkan verilməsinin yollarından biridir. Bu baxımdan, mən potensial sərmayədarları bizimlə işləməyə dəvət edirəm. Bunun üçün çox yaxşı imkanlarımız var. Bir daha demək istəyirəm ki, ölkəmizin iqtisadi imkanları artır.

Bununla yanaşı, Fransanın bir çox şirkətləri Azərbaycanın neft və qaz sənayesində və digər sahələrdə fəaliyyət göstərir. Gələn ildən etibarən Azərbaycana milyardlarla dollar həcmində neft gəlirləri daxil olacaq və bunun əsasında ticarət əməliyyatları daha da genişlənəcəkdir. Beləliklə, Azərbaycan xarici kreditlər olmadan ölkənin əsas infrastruktur layihələrini öz maliyyəsi, vəsaitləri hesabına həyata keçirəcəkdir. Biz ölkənin on ildən sonrakı tələbatını indidən fikirləşməliyik. Gələcək inkişafın özülü indidən qoyulmalıdır. İnşaat, su təchizatı və kanalizasiya şəbəkəsi, elektrik stansiyaları, qazpaylama sistemləri, yolların çəkilməsi, başqa sözlə desək, bütün infrastruktur inkişaf etdirilməlidir. Çünki bütün bunlar bir çox illər öncə, sovet vaxtlarında yaradılmışdır və hazırda köhnəlmişdir.

Biz indi iki mühüm sosial proqram həyata keçiririk. Burada məktəb və xəstəxanaların tikilməsi nəzərdə tutulur. Təkcə ötən il ərzində ölkəmizin müxtəlif regionlarında 300-dən çox orta məktəb binası inşa edilmişdir. Bu ildən başlayaraq, artıq ölkənin müxtəlif bölgələrində 10 yeni xəstəxana tikilməkdədir və bu, yalnız başlanğıcdır. Həmin işlər Azərbaycanın bütün rayonlarında yerinə yetiriləcəkdir. Çünki insanlar daha çox bunlara ehtiyac duyurlar. Bizim lazımi maliyyə imkanlarımız var və bu işlər görürük.

Fransa şirkətləri ölkəmizdə həyata keçirilən bütün layihələrdə iştirak edə bilər. Öz imkanlarını qiymətləndirmək üçün müəyyən məlumatlara çıxışın təmin edilməsi vacibdir. Bu baxımdan Azərbaycan çox açıq ölkədir. Azərbaycanın bütün layihələri məlumdur və planlaşdırılan bütün işlər haqqında məlumat mövcuddur. Əlbəttə ki, sərmayədarlar onları maraqlandıran sahələri seçib orada fəaliyyət göstərə bilərlər. Lakin əgər hökumətin bu sahədə tövsiyəsinə ehtiyac duyularsa, biz buna yardım edə bilərik.

Hesab edirəm ki, Azərbaycan və Fransanın iş adamları arasındakı əməkdaşlıq bu iki yolla,- yəni birbaşa xarici sərmayələr və podratçı qismində işin aparılması,- inkişaf edə bilər. Hər iki variantda biz əməkdaşlığı genişləndirmək istəyirik. Çünki mən bir daha demək istəyirəm ki, Fransa bizim üçün dost ölkədir. Bizim çox yaxşı siyasi münasibətlərimiz var. Fransa müxtəlif sahələrdə Azərbaycanın tərəfdaşıdır. İki ölkə arasındakı ticarət dövriyyəsi artır. Fransanın nəinki enerji, o cümlədən digər sahələrdə çalışan şirkətləri Azərbaycanda get-gedə daha da fəallaşır.

Bir sözlə, hörmətli dostlar, mən sözümü artıq yekunlaşdırır və bir daha bildirmək istəyirəm ki, bizim böyük planlarımız və yaxşı imkanlarımız var. Ən mühüm olanı isə budur ki, biz hazırda proqramları uğurla həyata keçirməkdəyik. İki il yarım ərzində əldə etdiyimiz təcrübə onu göstərir ki, inkişafımız uğurlu olmuşdur və gələcəkdə biz sizinlə işləməkdən çox şad olardıq.

Sağ olun.

Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.

X X X

APARICI: Cənab Prezident, sağ olun. Biz bilirik ki, ölkəniz düzgün istiqamətdə addımlayır. Lakin biz yerli sənayeyə yeni təkan verməli, ölkənizə daha çox sərmayə yatırmağa çalışmalı və əməkdaşlığı genişləndirməliyik. Bir sözlə, buraya toplaşmış şəxslər Fransanın işgüzar dairələrini təmsil edirlər. Əminəm ki, onların Sizə bir çox sualları olacaqdır.

Xahiş edirəm, özünüzü təqdim edin.

FİLİP OŞAR (“Gaz de France” şirkətinin vitse-prezidenti): Biz, “Gaz de France” şirkəti Avropada aparıcı qaz şirkətlərindən biriyik. Azərbaycanda təbii qazın hasilatına artıq başlanmışdır.

Cənab Prezident, mən Sizin Avropaya qaz təchizatı ilə bağlı siyasətiniz barəsində məlumat almaq istərdim. Sualımın ikinci hissəsi Transxəzər qaz layihəsinə aiddir. Onun həyata keçirilməsi nə dərəcədə mümkündür?

İLHAM ƏLİYEV: Bəli, siz haqlısınız. Azərbaycan həm də böyük qaz hasilatçısına çevrilməkdədir. 1996-cı ildən etibarən xarici tərəfdaşlarımızla nəhəng “Şahdəniz” qaz layihəsi üzərində işləyirik. Hesablamalarımıza görə, bu yataqda bir trilyon kubmetr həcmində təbii qaz var və orada Fransanın “Technip” şirkəti tərəfindən çox nadir platforma inşa edilmişdir. “TPG-500” platforması buradan istədiyimiz qədər qazın hasilatına imkan yaradacaqdır.

Həmin qazın nəql ediləcəyi bazara gəldikdə isə, etiraf edim ki, layihə başlayanda, Avropa potensial bazar kimi nəzərdə tutulmurdu. Biz Türkiyə və Gürcüstan hökumətləri ilə sazişlər imzalamışıq və qazı yalnız bu ölkələrə ixrac etmək istəyirdik. Lakin görünür ki, Avropanın təbii qaza olan tələbatı get-gedə artır. Ona görə də bu məsələ nəzərdən keçirilməlidir. Əgər Avropanı potensial bazar kimi qəbul etsək, onda biz inkişaf və sərmayə proqramlarımıza dəyişiklik etməliyik. Çünki bizim “Şahdəniz” yatağındakı hasilat potensialı Türkiyə və Gürcüstan bazarları üçün nəzərdə tutulur.

Lakin, əlbəttə ki, siz dediyiniz məsələ də mümkündür. Qaz hasilatımızın həcmi böyük olacaq və o, Avropadakı istehlakçıların tələbatını ödəyə bilər. Bir məsələni də nəzərə almaq lazımdır ki, artıq bu yaxınlarda qazın Avropaya nəqli üçün imkan yaranacaqdır. Belə ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin inşası sentyabr-oktyabr aylarında başa çatdırılacaqdır. Daha sonra isə bu, Türkiyənin qaz paylaşdırıcı sistemi ilə birləşdiriləcəkdir. Həmin sistem isə, öz növbəsində, Yunanıstanın qaz sistemi ilə bağlıdır.

Transxəzər qaz layihəsinə gəldikdə isə, təəssüflər olsun ki, bu layihə həyata keçirilmədi. Bu, bir neçə il bundan əvvəl nəzərdə tutulurdu. Azərbaycan bunu daim dəstəkləyirdi. Həmin layihə Azərbaycana tranzit ölkəyə çevrilmək imkanı yaradacaqdı. Əgər o, təzədən gündəliyə gələrsə, Azərbaycan onu yenidən dəstəkləyəcəkdir. Biz özümüz belə bir təşəbbüslə çıxış etməyəcəyik. Çünki burada söhbət Azərbaycanın qazından getmir. Bu məsələdə biz yalnız tranzit ölkə ola bilərik və öz dəstəyimizi verməyə hazırıq.

PASKAL LÖ MYER (“Veolia” şirkətinin nümayəndəsi): Cənab Prezident, mən “Veolia” qrupunu təmsil edirəm. Siz yəqin bilirsiniz ki, bizim şirkət Fransada su təchizatı və kanalizasiya xidmətləri sahəsində bir nömrəli şirkətdir. Biz Sizin hökumətinizlə Bakı və Bakı ətrafında suyun təmizlənməsi xidmətləri ilə bağlı niyyət protokolu imzalamışıq. Bu sənəd Fransa ilə Azərbaycan arasında gözəl iqtisadi əlaqələrin olmasından xəbər verir. Layihə, əsasən, Fransa şirkəti tərəfindən maliyyələşdirilir.

Mənim sualım belədir: su təchizatı və onun təmizlənməsi məsələsi ölkəniz üçün nə dərəcədə vacibdir? Biz bu sahədə artıq birinci addımı atmışıq. Ətraf mühit və su təchizatı ilə bağlı növbəti planlarınızı da bilmək istərdik.

İLHAM ƏLİYEV: Sağ olun. Bu, bütün ölkələr üçün vacib olan bir məsələdir. Sovet vaxtlarında “ətraf mühit” ifadəsindən ümumiyyətlə istifadə edilmirdi. Bilirsiniz, həmin vaxt bu məsələ heç müzakirə mövzusu da deyildi. Neft və qazın kəşfiyyatı, hasilatı və nəqli ətraf mühitə heç bir diqqət yetirilmədən aparılırdı. Ona görə də hazırda bizim üçün əsas problem Abşeron yarımadasında çirklənmiş zonaların təmizlənməsidir. Eyni zamanda, kanalizasiya şəbəkəsi və suyun təmizlənməsi ilə bağlı proqramlar getdikcə böyük əhəmiyyət kəsb etməyə başlayır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu cür proqramlar hər zaman əhəmiyyətli hesab edilmişdir. Lakin onların həyata keçirilməsi üçün bizim kifayət qədər resurslarımız olmayıbdır. Həmin vaxt ölkənin malik olduğu məhdud vəsaitlər yalnız əhalinin tələbatlarının ödənilməsinə sərf edilirdi. Bu gün isə, ölkənin iqtisadi imkanları artdıqca, biz artıq Neft Fondunda və Milli Bankın ehtiyatlarında 2,6 milyard ABŞ dollarının toplanmasına nail olmuşuq. Lakin gələcəkdə həmin vəsaitin həcmi on milyardlarla dollara çatacaqdır. Təbii ki, həmin vəsaitlərin müəyyən hissəsi çirklənmiş zonaların təmizlənməsinə sərf ediləcəkdir. Ona görə də mən ətraf mühitin qorunması ilə bağlı xüsusi proqramın hazırlanması üçün Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş vermişəm. Bu proqram təxirəsalınmaz xarakter daşıyır. Nazirlik çirklənmiş zonaların xəritəsini tərtib etmişdir. Xəritədə göstərilir ki, çirklənmiş zonaların əksəriyyəti Bakının neft hasil olunan ətraf ərazilərində yerləşir. Buna görə də gələcəkdə bir çox oxşar layihələr həyata keçiriləcəkdir və sizin şirkət bu cür layihələrdə iştirak edə bilər.

Mən çox şadam ki, sizin şirkətlə layihə artıq başlanılıbdır. Bu layihə Azərbaycan üçün ayrılmış kredit hesabına həyata keçirilir. Lakin növbəti layihələr birbaşa bizim büdcəmizdən maliyyələşdirilə bilər və biz 2007-ci il üçün büdcəmizdə ətraf mühitin qorunması ilə bağlı gözəçarpan həcmdə vəsait ayıracağıq.

LAN FRANKİ (“Kastel” şirkətinin hüquqi məsələlər üzrə müşaviri): İcazənizlə, mən öz dostlarımıza şirkətimiz və Azərbaycandakı təcrübəmiz haqqında məlumat vermək istəyirəm. Biz ölkənizin qeyri-neft sektorunda ilk sərmayədarlardan biri olmağımızdan çox şadıq. “Kastel” şirkəti Qafqaz və Mərkəzi Asiya regionunda pivə istehsalına böyük sərmayələr qoymuşdur. Hazırda Azərbaycanda pivə bazarının 85 faizi bizim məhsullarla təmin edilir.

Burada əyləşən dostlarımız üçün məlumat vermək istəyirəm ki, biz Azərbaycana ilk dəfə 1999-cu ildə gəlmişik. Fəaliyyətimizin ilk illərində şirkətimiz, əsasən, pivə və alkoqolsuz içkilərin istehsalına sərmayə qoymuşdur. Bakının yaxınlığında yerləşən pivə zavoduna 40 milyon ABŞ dolları həcmində sərmayə qoymuşuq. Biz eyni işləri Özbəkistan və Qırğızıstanda da görmüşük, lakin ən böyük uğuru məhz Azərbaycanda qazandıq. Ötən il “Kastel” şirkəti Azərbaycanın Cəlilabad rayonundakı üzüm bağlarının inkişafına vəsait ayırmışdır və böyük fərəh hissi ilə qeyd edirəm ki, gələn ilin sonunda həmin bağlardan yığılmış üzümdən ilk yüksək keyfiyyətli şərab istehsal edəcək və onu Rusiya bazarlarına çıxaracağıq.

Mən mühüm bir məsələni qeyd etmək istəyirəm. Şirkətin fəaliyyəti zamanı biz müəyyən çətinliklərlə üzləşmişdik. Bu halda məhkəməyə müraciət etdik. Problem vergi orqanları ilə bağlı idi və şirkətimiz bu işi məhkəmədə uddu. Bir hüquqşünas kimi dostlarımıza demək istəyirəm ki, əgər siz öz maraqlarınızı və hüquqlarınızı qorumaq istəyirsinizsə, məhkəməyə müraciət edə, bu yolla problemlərinizi həll edə bilərsiniz. Bu amil xarici sərmayədar üçün vacibdir. Hazırda Bakıdakı nümayəndəliyimizdə 8 Fransa vətəndaşı işləyir. Bundan başqa, heyətimizdə iki alman var. Onlar pivə istehsalı sahəsində peşəkar mütəxəssislərdir. Digər işçilərin isə hamısı azərbaycanlıdır. Onlar çox çalışqandırlar. Bir sözlə, biz Azərbaycandakı fəaliyyətimizdən çox razıyıq. Cənab Prezident, mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çox sağ olun.

İLHAM ƏLİYEV: Söylədiyiniz xoş sözlərə və Azərbaycanda həyata keçirdiyiniz proqramlara görə minnətdaram. Mən çox məmnunam ki, Siz Azərbaycandakı fəaliyyətinizi genişləndirirsiniz və bu, ölkəmizdə lazımi biznes mühitinin olmasının göstəricisidir. Azərbaycan kimi ölkələr sərmayədarları cəlb etmək üçün mümkün olan bütün işləri görməli və əlverişli sərmayə şəraiti yaratmalıdır. Bu baxımdan, məhkəmə sistemi çox vacib rol oynayır. Əgər xarici şirkət ölkənin Vergilər Nazirliyinə qarşı məhkəmə prosesini udursa, bu, ölkə inkişafının mühüm göstəricisidir. Beləliklə, mən bu münasibətlə sizi təbrik edirəm.

APARICI: Bir sözlə, digər şirkətlər problemlərlə üzləşdikdə, sadəcə məhkəməyə müraciət edə bilər.

İLHAM ƏLİYEV: Lakin təəssüflər olsun ki, hər zaman belə olmur. Bunun da səbəbi odur ki, Azərbaycan müstəqil olmazdan əvvəl, buradakı məhkəmələr tamamilə fərqli idi. Sovet İttifaqı dövründə məhkəmələr azad deyildi və onlar hakimiyyətin bir qolu kimi deyil, hansısa nazirliyin bir hissəsi kimi fəaliyyət göstərirdi. Buna görə də, məhkəmə islahatlarının həyata keçirilməsi çox vacibdir. Mən tam əminəm ki, qanunun aliliyi, ictimai nəzarət olmadan, sadəcə, neft ehtiyatları əsasında iqtisadi uğur əldə etmək mümkün deyildir. Biz Azərbaycandan daha çox neft və qaz ehtiyatlarına malik olan ölkələrin təcrübəsi ilə tanışıq. Bu təcrübə heç də həmişə uğurlu olmamışdır. Biz müsbət təcrübədən istifadə edərək, şəffaf sistem yaratmalıyıq. Bu baxımdan Avropa ölkələrinin təcrübəsi bizim üçün vacibdir. Biz siyasi islahatlar və məhkəmə islahatları ilə bağlı Avropanın müxtəlif təşkilatları ilə əməkdaşlıq edirik. Hazırda Yeni Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq edirik. Avropa İttifaqının sərhədləri regionumuza get-gedə daha da yaxınlaşır.

Biznes ölkənin ümumi inkişafının vacib bir elementidir. Əgər biz müstəqillikdən, siyasi inkişafdan danışırıqsa, ölkə öz maraqlarını müdafiə etmək və müstəqil siyasətini qorumaq üçün kifayət qədər güclü olmalıdır. Azərbaycan əhalisinin yarısı kənd təsərrüfatı sahəsində işləyir. Buna görə də neft sənayesindən sonra kənd təsərrüfatı Azərbaycan üçün ikinci mühüm sahədir, ölkəmizdə fəaliyyət üçün yaxşı imkanlar mövcuddur. Sizin də bu sahədəki işiniz, xüsusilə şərabçılıqda, böyük əhəmiyyət daşıyır. 1970-ci illərdə Azərbaycan Sovet İttifaqının ən böyük şərab istehsalçısı idi. Bu sahədəki fəaliyyətinizə görə sizə təşəkkürümü bildirirəm.

DAVİD SKİLS (“EADS İnternational” şirkətinin vitse-prezidenti): Cənab Prezident, mən “Avropa Aeronavtika və Müdafiə Sistemləri” (EADS İnternational) şirkətinin vitse-prezidentiyəm. İlk növbədə, mən Sizi Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına çatması münasibətilə təbrik edirəm.

Biz Azərbaycanın şimalla cənub, şərqlə qərb və Xəzər dənizi ilə Aralıq dənizi arasında mühüm ərazidə yerləşməsini nəzərə alaraq, ölkənizdə mülki aviasiyanın inkişaf etdirilməsi planları barədə bilmək istərdik.

İLHAM ƏLİYEV: Sağ olun. Ümumiyyətlə, biz bütün nəqliyyat layihələrinə çox böyük diqqət yetiririk. Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Lakin bu rolun əhəmiyyətini artırmaq üçün güclü infrastruktur yaratmaq lazımdır. Hazırda nəqliyyat sahəsində bir sıra layihələr həyata keçirilməkdədir. İlk növbədə, demək istəyirəm ki, biz hazırda bir neçə yeni neft tankeri almağı planlaşdırırıq. İrihəcmli yeni tankerlər Xəzər dənizinin şərq sahilindən ildə 20 milyon tondan çox xam neft daşımağa imkan yaradacaqdır. Bu gün mövcud olan neft tankerləri ilə böyük həcmdə neft daşımaq imkanlarımız var və gələcək illər ərzində buna tələbat daha da artacaqdır.

Mən artıq öz nitqimdə qeyd etdim ki, biz hazırda əsas diqqətimizi magistralların inşa edilməsinə yönəldirik. Hazırda biz Bakıdan qərb sərhədimizə qədər 500 kilometrlik şose çəkirik və bu işlər qədim İpək Yolunun bərpasının bir hissəsidir. Eyni zamanda, Bakıdan Rusiya və İran sərhədlərinə qədər magistral yollar da çəkilməkdədir. Lakin aviasiya Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq, ölkəmiz regional daşımaların şəbəkəsinə çevrilməkdədir. Avropa və Asiyadan gələn bir çox mallar Bakıdan keçir. Bu məqsədlə bizim yenicə tikilmiş yük terminalından istifadə olunur.

Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Fransanın istehsal etdiyi “Aerobus” markalı bir neçə təyyarə almışdır. Biz bundan çox məmnunuq. Eyni zamanda, biz Fransada istehsal olunan bir neçə vertolyot almışıq. Onlar yurokopter adlanır. Yəni biz Fransa texnologiyalarının məhsullarından istifadə edirik. Mən Fransaya səfərim zamanı Tuluza şəhərində yerləşən aviazavodda oldum. Əlbəttə ki, bu əməkdaşlığı biz gələcəkdə də davam etdirəcəyik.

Mən həmçinin demək istəyirəm ki, hazırda Azərbaycanın 3 şəhərində yeni hava limanı tikilməkdədir. Ölkə coğrafi baxımdan böyük deyil, lakin müasir infrastrukturun olması çox vacibdir. Hava limanlarından biri ölkəmizin qərbində yerləşən Gəncədə, cənubda Lənkəranda, şimalda Zaqatalada tikilir. Onların hamısı, ən son nəhəng “Aerobus” modeli istisna olmaqla, bütün növ təyyarələri qəbul edə biləcəkdir. Yəni ən böyük yük təyyarələri orada enə bilər. Bu, elə bir infrastrukturdur ki, bütün ölkə gələcəkdə ondan bəhrələnəcəkdir. Mən bir daha demək istəyirəm ki, biz əməkdaşlığımızın səviyyəsindən çox razıyıq və gələcəkdə onu davam etdirəcəyik.

PATRİK ALVARES (“Aclae” şirkətinin Şərq ölkələri üzrə direktoru): Mən “Aclae” şirkətini təmsil edirəm. Şirkətimiz beynəlxalq inkişaf üzrə məsləhətçi xidmətləri göstərir. Mən mart ayında ölkənizə səfər etmişəm. İyun ayında Azərbaycana yenidən səfər etməyi planlaşdırıram. Biz həmin ayda “Sahibkar qadınlar” mövzusunda seminar keçirməyi planlaşdırırıq.

Səfərdən öncə mən ölkəniz haqqında çox oxumuşdum və səfərdən sonra tamamilə fərqli reallığı seyr etdim. Azərbaycanın gözəl ölkə olmasının bir daha şahidi oldum. Mən orada müxtəlif qonaqpərvər adamlarla görüşdüm. Lakin Bakıdan başqa yerlərə - Quba və Şəkiyə getdikdə, gördüm ki, regionlara yardım göstərilməlidir. Biz orada yerli həmkarlarımızla birgə planlarımızı müzakirə etdik və gələcək üçün strategiyanı müəyyənləşdirdik.

Siz rayonların inkişafında Fransa şirkətlərinin iştirakını necə görürsünüz? Mən həm də fürsətdən istifadə edərək, Respublika günü münasibətilə Sizi təbrik edirəm.

İLHAM ƏLİYEV: Təşəkkür edirəm. Müstəqilliyini yenicə qazanmış ölkə olan Azərbaycan kimi dövlətlər özlərini dünyada tanıtmalıdır. Çünki onlar haqqında məlumat çox məhduddur. Bəzən beynəlxalq mətbuat səhifələrində dərc olunan məlumat birtərəfli olur və ölkədəki reallığı əks etdirmir. Təəssüflər olsun ki, heç vaxt Azərbaycanda olmamış insanlar televiziyada və ya mətbu orqanlarında Azərbaycanda yalnız neft, münaqişələr, problemlər və keçid dövrünün olması haqqında danışırlar. Əlbəttə ki, bütün bunlar mövcuddur, lakin bu o demək deyil ki, Azərbaycan yalnız bu amillərdən ibarətdir. Ölkənin yaşadığı həyat başqa cürdür.

Siz söylədiniz ki, paytaxt şəhərdən başqa iki rayona getdiniz və vəziyyəti müqayisə etdiniz. Bizim isə, məqsədimiz həmin fərqin azaldılmasından ibarətdir. 2004-cü ilin fevral ayından həyata keçirilməyə başlamış regionların inkişafı proqramının əsas vəzifəsi Bakı ilə regionlar arasındakı inkişaf fərqinin azaldılmasıdır. Azərbaycanın 8 milyonluq əhalisinin 2 milyonu Bakıda yaşayır. Bu, böyük uyğunsuzluqdur.

Regionların inkişafı proqramının məqsədi həm də rayonlarda yaşayanların Bakıya axınını azaltmaq, insanların həyat tərzini yaxşılaşdırmaqdan ibarətdir. Yeni açılmış 400 min iş yerinin əksəriyyəti regionlarda yaradılmışdır. Bizim çox füsunkar təbiətimiz, gözəl çimərliklərimiz, Xəzər dənizimiz, uca dağlarımız, yaşıl meşələrimiz var. Bakıdan maşınla iki saat getsəniz, özünüzü tamamilə fərqli aləmdə hiss edəcəksiniz. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanda var. Lakin bunu təşviq etmək lazımdır. Məqsədimiz ölkəni yalnız biznes imkanları ilə tanıtmaq yox, eyni zamanda, digər sahələri təbliğ etməkdən, Azərbaycanın nailiyyətlərini və problemlərini göstərməkdən ibarətdir. İctimai əlaqələrin əhəmiyyəti bu baxımdan get-gedə artır.

Mən Azərbaycana gələn çoxsaylı xarici qonaqlarla görüşürəm və ölkəmizə birinci dəfə səfər edənlərin ilk sözü ondan ibarət olur ki, “ölkəniz necə də gözəldir, biz bunu başqa cür təsəvvür edirdik”. Bunu dövlət başçıları və digər yüksək rütbəli şəxslər də deyirlər. Beləliklə, biz öz ölkəmizi təbliğ etmək üçün çox işlər görməliyik.

Avropada elə insanlar var ki, Azərbaycanın harada yerləşdiyini bilmir. Bu, təbiidir, çünki ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsinə yalnız on beş il bundan öncə düşübdür. Lakin vaxt keçdikdə, daha çox fransız ölkəmizi tanımağa başlayır.

Buraya gəlməzdən öncə Azərbaycanın Fransadakı səfirliyinin yeni binasının açılışı mərasimində iştirak edirdim. Hökumətimiz səfirlik üçün çox gözəl bina almışdır. Mən səhər qeyd etdim ki, səfirliyin eyvanına çıxıb sağ tərəfə baxanda Zəfər Tağını, sol tərəfə baxanda isə Eyfel qülləsini gördüm. Yəni Azərbaycan səfirliyindən Parisin iki rəmzi görünür. Belə bir gözəl və tarixi yerdə səfirlik üçün binanın alınması ölkəmizin inkişafından xəbər verir və müəyyən mənada, reklam xarakteri daşıyır. Lakin hesab edirəm ki, gələcəkdə daha böyük işlər görülməlidir.

NİKOLYA FURNİYE (”LaFarge” şirkətinin Mərkəzi Avropa regionu üzrə prezidenti): Mən dünyada ən böyük sement istehsalçısı sayılan “LaFarge” şirkətini təmsil edirəm. Sizin ölkənizdəki sement bazarı ilə maraqlanıram. Bilmək istəyirəm ki, Siz ölkənizdə artan inşaat şəraitində sementə olan tələbatın ödənilməsini necə görürsünüz?

İLHAM ƏLİYEV: Ölkəmizdə inşaat işlərinin artması ilə əlaqədar sement istehsalı sahəsindəki potensial imkanlar da genişlənir. İndi Bakıda 300-dən çox hündürmərtəbəli bina tikilməkdədir. Burada yaşayış evləri, biznes mərkəzləri, mehmanxanalar nəzərdə tutulur. Bir sözlə, böyük həcmdə inşaat işləri gedir və bu işlər nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif yerlərində görülür. Gələcəkdə yeni binaların tikilməsi daha da sürətlənəcəkdir. Bütün bunlar maliyyə resursları ilə bağlıdır. İlk öncə, dövlət tərəfindən nəzarət olunan və maliyyələşdirilən inşaat işləri aparılacaq və sonra isə əhalinin imkanları artacaq və insanlar yeni, rahat yaşayış mənzilləri almaq iqtidarında olacaqlar.

Bildiyiniz kimi, Azərbaycanda sement istehsalı kifayət qədər deyil və biz xarici ölkələrdən sementi idxal edirik. Ölkəmizdə yeni sement zavodunun tikilməsinə böyük ehtiyac duyulur. Ola bilsin ki, bizim yenicə yaratdığımız Sərmayə Şirkəti gələcəkdə bu sahədə müəyyən layihələr həyata keçirsin. Bunun üçün böyük potensial var və ölkəmizin sementə olan tələbatı getdikcə artır.

ANRİ NEJAD (“Societe Generale” bankının vitse-prezidenti və xarici əlaqələr üzrə baş direktoru): Mən “Societe Generale” bankını təmsil edirəm. Bankımızın Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Ölkənizdə müşahidə olan böyük iqtisadi artım şəraitində hökumətinizin bank işinin inkişafı ilə bağlı strategiyasını necə görürsünüz?

İLHAM ƏLİYEV: Təbii ki, bank sektoru sürətlə inkişaf etməlidir. Əfsuslar olsun ki, ölkəmiz çox güclü bank sisteminə malik deyildir. Yeganə bir bank üstün mövqedədir və bu, keçid dövrü üçün təbii haldır. Əlbəttə, biz istəyirik ki, bir çox banklar, o cümlədən xarici banklar ölkəmizdə fəaliyyət göstərsin. Arzu edirik ki, Azərbaycanda beynəlxalq səviyyədə tanınmış xarici banklar fəaliyyətini genişləndirsin. Gələcək illər ərzində görəcəyimiz işlər çoxdur.

Mən burada qeyd etdim ki, Azərbaycan kimi ölkələr üçün kredit almaq çətin iş deyildir. Əksinə, biz bir çox hallarda onun şahidi oluruq ki, banklar kredit ayırmaq üçün hətta bir-birilə rəqabətə də girir. Lakin indiki vəziyyət on il öncə mövcud olmuş vəziyyətdən xeyli fərqlənir. On il bundan əvvəl banklar ölkəmizə vəsait ayırmaq istəmirdi. Onlar hökumət zəmanətini tələb edir, əməkdaşlıqda sərt şərtlər qoyurdu. İndi isə vəziyyət tamamilə başqa cürdür. Hazırda banklar bizə kreditləri təklif edir, biz isə həmin təklifləri qiymətləndirir, götür-qoy edirik.

Mən öncə qeyd etdim ki, Azərbaycanın tələbatlarının ödənilməsi öz vəsaitləri hesabına mümkün ola bilər. Biz özümüzə arxalanan ölkəyik və hansı modelə uyğun inkişaf edəcəyimizlə bağlı öz proqram və planlarımız var. Biz öz proqramlarımıza uyğun addımlar atmağa üstünlük veririk. Lakin maliyyə cəhətdən güclü olmaq heç də o demək deyil ki, biz kreditlərdən imtina etməliyik. Hətta milyardlarla dollar ehtiyat vəsaitlərinə malik olan ölkələr də beynəlxalq bankların xidmətlərindən istifadə edir. Bu, təbiidir. Beləliklə, bank sistemi inkişaf etdirilməlidir və biz buna öz köməyimizi göstərməyə çalışırıq. Lakin yaddan çıxarmaq lazım deyil ki, bazar iqtisadiyyatıdır. Biz özəl banklara subsidiya verə bilmərik və onlar üçün süni qaydada yaradılmış güzəştli maliyyə rejimi təmin etməli deyilik.

Orta səviyyəli şirkətlərə kreditlərin ayrılması ilə bağlı vəziyyət yaxşılaşmaqdadır. Biz elə misallar çəkə bilərik ki, özəl şirkətlərimiz beynəlxalq banklardan kreditlər alır. Çünki onların layihələri kommersiya baxımından faydalıdır.

Neft gəlirlərinə gəldikdə, makroiqtisadi sabitlik üçün təhlükəli olan və məni narahat edən ən vacib məsələ inflyasiya ilə bağlıdır. Çünki biz ehtiyatda olan bütün vəsaitləri lazımi layihələrə xərcləsək, böyük problemlərlə üzləşəcəyik. Hazırda biz makroiqtisadi sabitliyin pozulmaması məqsədi ilə ölkə üçün vacib hesab edilən layihələrlə bağlı tələbatların ödənilməsi, əmək haqlarının və pensiyaların artırılması ilə inflyasiyanın normal çərçivədə saxlanılması arasında tarazlığı qoruyub saxlamalıyıq.

JİL REMİ (“CIFAL” qrupunun baş direktoru): “CIFAL” qrupu Azərbaycanda fəaliyyətə başlayan ilk şirkətlərdən biridir. Mən ölkənizin müstəqilliyinin ilk illərində üzləşdiyi çətinlikləri yaxşı bilirəm. Fəxr edirəm ki, hətta həmin çətin anlarda ilk fransız şirkəti olaraq, biz ölkənizə gəldik.

Mən eyni zamanda qeyd etmək istəyirəm ki Azərbaycanda təmsil etdiyim şirkətlərin əksəriyyəti bütün regionda fəaliyyət göstərir. Yəni Rusiyanı, Xəzər dənizi bölgəsi və Mərkəzi Asiya ölkələrini nəzərdə tuturam.

Qonşu ölkələrlə münasibətlərinizin inkişafı barədə nə deyə bilərsiniz?

İLHAM ƏLİYEV: Bizim bütün qonşularla çox yaxşı münasibətlərimiz var. Qonşularla yaxşı münasibətdə olmaq hər bir ölkə üçün vacibdir. Bizim qonşu ölkələrlə müxtəlif iqtisadi layihələrimiz var, onlarla birgə enerji layihələrini həyata keçiririk. Qonşu ölkələrlə ticarət dövriyyəmiz get-gedə artır. Bu regional əməkdaşlığın, sabitlik və təhlükəsizliyin çox vacib elementidir. Çünki Azərbaycan ayrıca bir ada deyil, onun ətrafında qonşular var. Təbii ki, qonşu ölkələrdə baş verən hadisələr Azərbaycana da müəyyən təsir göstərir. Öz növbəsində, ölkəmizdə gedən proseslər qonşu ölkələrdə cərəyan edən proseslərə təsir edir. Bunlar bir-birilə bağlıdır.

Bizim üçün qonşu ölkələrlə dostluq əlaqələrinin inkişafı böyük əhəmiyyət kəsb edir və Azərbaycan buna nail olubdur. Münasibətlərimiz olmayan yeganə qonşu ölkə Ermənistandır. Çünki bu dövlət azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır, Azərbaycan ərazisinin böyük bir hissəsini işğal altında saxlayır. Lakin digər qonşularımızla əlaqələrimiz yaxşıdır və siyasi, iqtisadi baxımdan, nəqliyyat, kommunikasiya və enerji sahələrində daha da möhkəmlənir. Bu, bizim üçün faydalıdır və əməkdaşlığımızın konkret nəticələri görünür, qonşularımızla heç bir problemlərimiz yoxdur.

NİKOLYA FURNİYE: Cənab Prezident, GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması barədə nə düşünürsünüz?

İLHAM ƏLİYEV: GUAM təşkilatı 10 il bundan öncə yaradılmışdır. Bu yeni bir təşkilat deyil və 1997-ci ildən etibarən fəaliyyət göstərir. Bu qurum müxtəlif sahələrdə, xüsusən də enerji, nəqliyyat, iqtisadi inkişaf sahələrində maraqları üst-üstə düşən bir neçə ölkəni birləşdirir. Azərbaycan GUAM-ın həmtəsisçisidir. Ona görə mən bəzən beynəlxalq mətbuat səhifələrində görəndə ki, GUAM yeni təşkilat kimi təsvir olunur, bunu səhv yanaşma sayıram. GUAM-ın adına müəyyən dəyişikliklər edilib, lakin təşkilatın özü eyni olaraq qalır. Ona görə də hazırda GUAM təşkilatı çərçivəsində xüsusi bir yenilik yoxdur, yəni 5 və ya 10 il öncə mövcud olan təşkilat kimi qalır.

GUAM-a üzv olan ölkələr arasında çox yaxşı münasibətlər, o cümlədən iqtisadi əməkdaşlıq var. Bildiyiniz kimi, son zamanlar enerji daşıyıcıları məsələsi get-gedə daha qabarıq şəkildə özünü büruzə verir. Azərbaycan GUAM çərçivəsində yeganə dövlətdir ki, təkcə özünün enerji daşıyıcılarına tələbatını ödəmir, eyni zamanda, onun ixracı ilə də məşğuldur. Asiyadan Avropaya və əks istiqamətdə malların daşınmasında Azərbaycandan yan keçmək mümkün deyildir. Azərbaycanın iştirakı olmadan heç bir ciddi regional iqtisadi layihə həyata keçirilə bilməz. Biz bütün bu layihələrdə iştirak edirik və onların həyata keçirilməsində aparıcı rol oynayırıq.

GUAM-a daxil olan ölkələrin, demək olar ki, eyni tarixi var və son 15 il ərzində onlar təqribən eyni yolu keçmişlər. Həmin ölkələr beynəlxalq ictimaiyyətə sübut etdilər ki, müstəqil dövlət kimi yaşamağa qadirdirlər. Hazırda iqtisadi əməkdaşlıq və enerji təchizatı məsələsinin əhəmiyyəti artdıqca, Azərbaycanın aparıcı enerji daşıyıcıları təchizatçısı kimi əhəmiyyəti də artır. Bizim xarici siyasətimiz də bu istiqamətə yönəlir.

Son iki il yarım ərzində Azərbaycanın Prezidenti kimi mən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bütün beş ölkəyə səfər etmişəm. Azərbaycan böyük dövlət deyil və onun rəhbərinin dünyanın beş aparıcı dövlətinə səfər etməsi ölkəmizin artan əhəmiyyətinin və rolunun göstəricisidir. Oynadığımız rol və tutduğumuz mövqe daha da güclənir. Buna görə Azərbaycanın müxtəlif təşkilatlardakı iştirakı bu qurumların daha da güclənməsinə töhfə verir və güclü iqtisadi əsasını yaradır.

Demək olar ki, hər bir məsələ bu və ya digər mənada iqtisadi imkanlarla bağlıdır. Bu gün mən çox fəxr edirəm ki, Azərbaycan müstəqil siyasət həyata keçirir. Bizim siyasətimizə xarici ölkələr və qüvvələr heç bir təsir göstərmir və bu siyasət çox açıq və səmimidir. Siyasətimizin məqsədi milli maraqların təmin edilməsi, qonşularla mehriban münasibətlərin saxlanılmasıdır. Belə bir siyasətin həyata keçirilməsi iqtisadi imkanlarla şərtlənir. Biz iqtisadi və maliyyə baxımından heç kimdən asılı deyilik. Bu amil bizə imkan verir ki, Azərbaycan xalqının dəstəklədiyi siyasəti yeridək.

Bizim beynəlxalq təşkilatlardakı iştirakımız bu səbəbə görə vacibdir. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Bu təşkilatlar siyahısına İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digərləri aiddir. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi get-gedə möhkəmlənir.

APARICI: Cənab Prezident, suallarımız artıq başa çatdı. Çox səmimi və açıq müzakirəyə görə Sizə minnətdarlığımızı bildiririk. Arzulayırıq ki, Sizinlə fəaliyyətimizi bundan sonra da davam etdirək. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib

Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb

ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

MDU-nun rektoru: Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir

Nümayəndələr Palatası Ukraynaya təxminən 2 milyard dollar yardım ayırmaqla bağlı qanun layihəsini qəbul edib

“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

Türk Dünyası Qadınlar Birliyinin yaradılması ilə bağlı addımlar nəzərdən keçirilib

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

Azərbaycan və Gürcüstanın şəhər və rayonları arasında davamlı inkişaf istiqamətində təcrübə mübadiləsi aparılıb

Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb