RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da Almatıda, “Almalı” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olmuşdur.
Prezident İlham Əliyevlə Almatıda görüşməyindən məmnunluğunu bildirən Prezident Putin dedi ki, biz nəinki, tez-tez görüşürük, həm də ölkələrimiz arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Bu əlaqələr iqtisadi və humanitar sahələrdə xüsusilə uğurludur. Bütün bunlar Azərbaycan rəhbərliyinin illər boyu tutduğu düzgün istiqamət nəticəsində mümkün olmuşdur. Mən buna görə Sizə minnətdaram. Bizim münasibətlərimizin həcmini nəzərə alsaq, bugünkü görüş çox məhsuldar xarakter daşıyır.
Səmimi sözlərə görə təşəkkür edən Azərbaycan Prezidenti İlham Əliyev Rusiya rəhbəri ilə yenidən görüşməyindən çox şad olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, sonuncu dəfə Azərbaycanda Rusiya İlinin açılışı zamanı görüşmüşük və ikitərəfli məsələləri müzakirə etdik. Hazırda Rusiya İli çox uğurla davam edir. Ölkələrimiz arasında əlaqələr müsbət istiqamətdə inkişaf edir və bundan çox məmnunuq. Əlaqələr bütün istiqamətlərdə, o cümlədən siyasi sahədə də inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də iki dəfə artıb və bunun daha da genişləndirilməsi üçün yeni imkanlar var. Humanitar sahədə də çox yaxşı əməkdaşlığın mövcud olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, Rusiya ilə münasibətlər bizim üçün prioritet xarakter daşıyır. Ölkələrimiz arasındakı dinamik inkişafdan məmnunuq. Bu münasibətlər dostluq, qardaşlıq, qonşuluq və tərəfdaşlığa əsaslanır.