Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bu ölkənin mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılıb. Qəzet və saytlar xəbərlərlə yanaşı, analitik yazılara və reportaja da yer veriblər.
AZƏRTAC xəbər verir ki, “Gazeta.uz” iki ölkənin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsinin iqtisadi inkişaf perspektivi vəd etdiyini yazıb. Özbəkistan ilə Azərbaycanın iqtisadi potensialı bütün sahələr üzrə səmərəli əlaqələr qurmağa və inkişaf etdirməyə imkan verir.
“Uza.uz” saytı rəsmi xəbərlərlə yanaşı redaksiya şərhində vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Hazırda iqtisadi, siyasi, mədəni əlaqələr yüksələn xətlə inkişaf edir və bu nailiyyətin əldə olunmasında iki dövlətin prezidentlərinin mühüm rolu var.
“Kun.uz news” hələ səfərdən öncə dərc etdiyi materialda vurğulayıb ki, rəsmi Daşkənd ilə rəsmi Bakı Avrasiya regionunda enerji, nəqliyyat, tranzit sahələrində sıx əməkdaşlıq edən və bu əməkdaşlıq əlaqələrini gələcəyə aparmaq imkanına malik olan dövlətlərdir.
“Novo24.uz” saytı da Azərbaycan Prezidentinin səfərini geniş işıqlandırıb. Bu sayt səfərdən əvvəl dərc edilmiş məqalədə diqqətə çatdırıb ki, özbək və Azərbaycan xalqları oxşar mədəniyyətə, dinə və mili-mənəvi dəyərlərə malikdirlər. Bu dəyərlər hər iki dövlətin yaxın əlaqələr quraraq strateji müttəfiq kimi çıxış etmələrini şərtləndirir.
“Upl.uz” yazır ki, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev son 5 ildə 15 qarşılıqlı səfər həyata keçiriblər. Bu səfərlər və aparılan danışıqlar iqtisadi əməkdaşlığı tərəflər üçün faydalı vəziyyətə gətirib və 2025-ci ildə ticarət dövriyyəsi 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin ilk 5 ayında isə 33 faiz artım qeydə alınıb.
“Yuz.uz” internet resursunun materiallarında vurğulanıb ki, Azərbaycan Prezidentinin səfəri zamanı bir sıra birgə layihələrin həyata keçirilməsi müzakirə olunur və bu layihələr beynəlxalq xarakter daşıyır.
“Uznews.uz” saytı isə qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Miziyoyev ikitərəfli əlaqələrin inkişafına ciddi diqqət ayırırlar. Nəqliyyat-tranzit, energetika və mədəni-humanitar sahələrdə əldə olunan nailiyyətlər təsadüfi deyil. Beş yüz milyon dollar həcmində yaradılan birgə investisiya şirkətinin də fəaliyyəti uğurludur.
“Dunyo.info” saytı Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini tarixi hadisə adlandırıb, Prezident İlham Əliyevin möhtəşəm qarşılanma mərasimini yüksək qiymətləndirib.
“Daryo.uz” saytı vurğulayıb ki, Azərbaycan və Özbəkistan qarşılıqlı ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. Bu məqsədə nail olmaq üçün hər iki ölkənin potensialı var. İstər sənaye, istərsə də kənd təsərrüfatı sahələrində böyük imkanlara malik olan dost ölkələr dövriyyəni artıra bilərlər.
“Nuz.uz” informasiya agentliyi isə qeyd edib ki, regionda iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təkcə Azərbaycan və Özbəkistana deyil, bütün Mərkəzi Asiya respublikaları üçün faydalı olacaq.