SİYASƏT
Azərbaycan Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub
![](/files/galleryphoto/2021/3/1200x630/w_1616402485845867752711_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/w_1616402485844858640063_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/w_1616402485852011128470_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/w_1616402485853705511447_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/w_1616402485852666642553_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/w_1616402485856285311992_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/w_1616402485854424742878_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/w_161640248585530660528_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/w_161640248585484335005_1200x630.jpg)
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova tariximizin həlledici məqamlarını əks etdirən sənədlərin mühafizə olunduğu bu mənəvi xəzinənin 2021-ci ilin dekabrında 100 yaşının tamam olduğunu deyib. O, İctimai-Siyasi Sənədlər Arxivinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, Arxivin əməkdaşlarına müzəffər xalqımızın şanlı tarixinin araşdırılması istiqamətində məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb.
Leyla Məmmədova bildirib ki, tariximizin güzgüsü olan bu Arxiv hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin göstərdiyi diqqət və qayğının davamlı olaraq bu gün Prezident İlham Əliyev də Arxivdə mühafizə edilən sənədlərə böyük diqqət ayırır. Prezidentin 2007-ci il 21 iyun tarixli 2247 saylı Sərəncamı ilə ozamankı Siyasi Partiya və İctimai Hərəkatlar Dövlət Arxivi Milli Arxiv İdarəsinin tabeliyindən çıxarılaraq Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin tabeliyinə verilib. 2009-cu il 22 iyul tarixli 404 saylı Sərəncamla isə Arxiv adı dəyişdirilərək Siyasi Sənədlər Arxivi adlandırılıb. Hazırda Arxiv öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 oktyabr tarixli 1465 saylı Fərmanı ilə İctimai-Siyasi Sənədlər Arxivi adı altında davam etdirir.
Leyla Məmmədova qeyd edib ki, İctimai-Siyasi Sənədlər Arxivi tarix üçün çox mühüm əhəmiyyət kəsb edən sənədlərlə zəngindir. XX əsrin siyasi, iqtisadi, sosial və mədəni mənzərəsini geniş əks etdirən bu qiymətli sənədlər tariximizin yenidən işlənməsi və müstəqillik düşüncəsi baxımından dəyərləndirilməsi üçün zəngin baza hesab olunur. Arxivin zəngin elmi kitabxanası da mövcuddur. Elmi kitabxanada sovet dönəminə, habelə müasir dövrümüzə aid ədəbiyyatla yanaşı, nadir kitablar, XX əsrin əvvəllərinə aid nadir mətbu orqanları mühafizə olunur. Sənədlərin və ədəbiyyatın qorunub saxlanılması, ömrünün uzadılması və gələcək nəsillərə çatdırılması üçün Arxivin bərpaçıları yeni üsullarla bərpa işləri həyata keçirirlər.
Sonra İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Tariximizin keşiyində duran yüz yaşlı xəzinə” adlı məruzə ilə çıxış edib. O bildirib ki, Arxiv böyük tarixi keçmişə malikdir. 1960-cı illərdə Arxiv elə bir səviyyəyə çatmışdır ki, orada sənədlərin mühafizəsi diqqətdən kənarda qalmışdır. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Arxivin fəaliyyətində böyük canlanma baş verdi. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra respublikamızda quruculuq, dinamik inkişaf və yüksəliş dövrü başlandı. 1969-1982-ci illər bütün Azərbaycanda olduğu kimi, Partiya Tarixi İnstitutu üçün də çox uğurlu illər oldu. Hakimiyyətə gəlişindən cəmi iki həftə sonra, yəni, iyulun 29-da ümummilli lider Heydər Əliyevin şəxsi qayğı və təşəbbüsü ilə MK Katibliyinin iclasında Partiya Tarixi İnstitutu və Partiya arxivi üçün yeni binanın layihəsinin hazırlanması haqqında məsələ müzakirə edildi, bu barədə xüsusi Qərar qəbul olundu. Beləliklə, indiki İctimai-Siyasi Sənədlər Arxivinin yerləşdiyi binanın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu.
E.Ələkbərova diqqətə çatdırıb ki, İctimai-Siyasi Sənədlər Arxivi və onun fondları tarix üçün çox mühüm və xüsusi əhəmiyyət kəsb edir. Hazırda Arxivdə 3683 fond mövcuddur. Bu zəngin baza dünyanın bir sıra arxiv və institutları ilə beynəlxalq əməkdaşlıq sayəsində gündən-günə daha da zənginləşdirilir və yeni sənədlər tədqiqatçılarımızın istifadəsinə verilir.
Yubiley tədbirində, həmçinin Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Sənədlər şahidlik edir”, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Arxiv materialları elmi araşdırmaların əsası kimi”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov “Azərbaycanın siyasi arenasının bir əsrlik güzgüsü - İctimai-Siyasi Sənədlər Arxivi” adlı məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, bu Arxivə yalnız bir tarix kimi yanaşmaq olmaz. Burada Azərbaycan cəmiyyətinin ictimai, siyasi, iqtisadi, mədəni və mənəvi, sosial həyatını özündə əks etdirən bir salnamə, qiymətli xəzinə yerləşir.
Sonra İctimai-Siyasi Sənədlər Arxivinin yaranma tarixindən və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan qiymətli sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş etdirilib. Bələdçilər tərəfindən tədbir iştirakçılarına sərgidə nümayiş olunan hər bir stend üzrə geniş məlumat verilib.