AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ RƏSMİ QƏBUL
Xəbər verdiyimiz kimi, aprelin 27-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil olunmuşdur.
Amerika-Azərbaycan Ticarət Palatasının həmsədri Ceremi Beyker çıxış edərək, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfərinin uğurlarından danışdı.
ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Rino Harniş, Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev Amerika-Azərbaycan əməkdaşlığından bəhs etdilər.
Qəbulda Xarici Özəl İnvestisiyalar Şirkətinin prezidenti Rob Mosbeyker çıxış edərək bildirdi ki, ABŞ ilə Azərbaycan arasında münasibətlər günbəgün genişlənir. Azərbaycan terrorizmə qarşı mübarizədə etibarlı tərəfdaşdır. Eyni zamanda, Azərbaycan Xəzərin enerji ehtiyatlarının tranziti baxımından vacib ölkədir. Amerika Azərbaycana böyük imkanları olan bir ölkə kimi baxır. Azərbaycan Prezidenti İlham Əliyev enerji sektoruna xarici sərmayələrin cəlb olunması üçün böyük işlər görmüş və nəticədə ölkəsinin bugünkü və gələcək inkişafının əsasını qoymuşdur. R.Mosbeyker dedi ki, cənab İlham Əliyev Prezidentliyindən əvvəl, parlamentin deputatı və Baş nazir olarkən də xalqına sədaqətlə xidmət etmişdir.
Prezident İlham Əliyev qəbulda nitq söylədi.