RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ KOLLEKTİVİNƏ VƏ ÜZVLƏRİNƏ
Dünyada sivil maliyyə nəzarəti forması kimi tanınan auditin Azərbaycanda inkişafı ölkədə iqtisadi münasibətlərin bazar prinsiplərinə əsaslanması və azad sahibkarlığa geniş meydan verilməsi ilə bilavasitə bağlıdır. Eyni zamanda, Azərbaycanın bir sıra transmilli layihələrin reallaşmasında fəal iştirakı, xarici investisiyaların ölkəmizə axını, birgə müəssisələrin uğurlu fəaliyyəti auditor xidmətinin iqtisadi proseslərdə rolunu və əhəmiyyətini daha da artırmışdır.
Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir.
Audit sisteminin beynəlxalq təcrübə və standartlar əsasında təkmilləşdirilməsi ölkə iqtisadiyyatında maliyyə şəffaflığını, büdcə vəsaitlərindən təyinatına uyğun istifadəni təmin etməklə, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət edir.
Auditorlar Palatasının ilk onilliyi münasibətilə sizi bir daha təbrik edir, Azərbaycan Respublikasının tərəqqisi naminə məsul fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2006-cı il.