AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprelin 8-də Azərbaycan Respublikası Baş Prokurorluğunda Avropa Şurası Nazirlər Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litva Respublikasının xarici işlər naziri Antanas Valionis, Litva Respublikasının Azərbaycandakı səfiri Qalina Kobeskaite, xarici işlər nazirinin müavini Darius Yurgeleviçus, Xarici İşlər Nazirliyinin Çoxtərəfli Əməkdaşlıq Departamentinin rəisi Rütis Paulauskas, Qərbi Avropa və Mərkəzi Asiya şöbəsinin rəisi Arvidas Daunoarviçus, dövlət protokolu idarəsinin səfərlər şöbəsinin rəisi İvan Kolcikov, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin başçısı, səfir Aqşin Mehdiyev və digər şəxslər iştirak etmişlər.
Baş Prokuror Z.Qaralov qonaqları səmimi salamlayaraq, qeyd etmişdir ki, Azərbaycanın yeni minilliyə Avropa Şurasının tamhüquqlu üzvü kimi daxil olması ölkəmiz üçün əlamətdar bir hadisədir. O, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar barədə qonaqlara ətraflı məlumat verərək, Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini vurğulamışdır. Baş Prokuror əldə edilmiş nailiyyətlərlə yanaşı, respublikamızda mövcud olan problemlərdən bəhs edərək, erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların nəzarətsiz qalmasından istifadə edən ermənilərin həmin ərazidə narkotik vasitələr becərmələrinə və daşımalarına, silah alveri ilə məşğul olmalarına əlverişli imkan yaranması məsələlərinə də toxunmuşdur.
Avropa Şurası Nazirlər Komitəsinin sədri Antanas Valionis öz çıxışında Azərbaycanda hüquqi islahatlar sahəsində xeyli işlər görüldüyünü qeyd edərək, qəbul olunmuş qanunların təcrübədə düzgün tətbiq edilməsinin zəruriliyini bildirmişdir. O, həmçinin bu sahədə Avropa Şurası ekspertlərinin təcrübəsindən və köməyindən istifadə olunmasını tövsiyə etmişdir.
Görüş zamanı Baş prokuror Azərbaycan və Litva arasında hüquqi yardım sahəsində əməkdaşlığa dair müqavilələr imzalanmasına da toxunaraq, bu iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlığı məsələlərinin inkişaf etdirilməsinin zəruri olduğunu qeyd etmişdir.
Görüşdə habelə, məhkəmə hakimiyyətinin müstəqilliyi, korrupsiya ilə mübarizəyə dair qanunların hazırlanması və digər məsələlər ətraflı müzakirə edilmişdir.