Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası olmuşdur.
AZƏRTAC xəbər verir ki, iclasda vətəndaş Biçə Xəlilovanın şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2012-ci il 5 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxılmışdır.
Plenum iş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, G.Musayeva və A.Musayevin cavabdehlər Zaqatala Rayon Aqrar İslahat Komissiyasına, B.Xəlilovaya və M.Xəlilova qarşı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının B.Xəlilovaya torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2012-ci il 5 sentyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci, 92.0.3-cü və 92.0.4-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.