AZƏRBAYCAN RESPUBLİKASI XİN-İN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Azərbaycan bütün bunları ən yüksək səviyyədə dəfələrlə bəyan etmişdir. Bu faktlar Azərbaycan Respublikası Prezidentinin BMT Baş Məclisinin 59-cu sessiyasında çıxışında, habelə Azərbaycan Respublikası xarici işlər nazirinin öz həmkarlarına müvafiq məktublarında açıqlanmışdır. Həmin çıxışda və məktublarda beynəlxalq birliyin diqqəti yaranmış vəziyyətə cəlb olunmuşdur. Bu vəziyyət isə nəinki hüquqa zidd olduğundan qeyri-məqbuldur, həm də son dərəcə təhlükəlidir, çünki münaqişənin nizama salınması prosesi baxımından çox pis nəticələrə gətirib çıxara bilər.
Azərbaycan, əvvəllər olduğu kimi, yenə də münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə həll olunması imkanlarından tamamilə istifadə etmək niyyətindədir və danışıqları ATƏT-in Minsk prosesi çərçivəsində davam etdirmək xətti götürmüşdür.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada keçirilmiş dörd görüşünün faydalı olduğunu Azərbaycan artıq qeyd etmişdir və Praqada növbəti görüşün təxirə salınmasından təəssüfləndiyini bildirmişdir. Məlum olduğu kimi, bu görüş ilk dörd görüşün nəticələrini araşdırmaq və onların üzərində düşünmək ehtiyacı ilə əlaqədar Ermənistanın xahişinə əsasən təxirə salınmışdır.
Azərbaycan Praqa görüşləri zamanı əldə edilmiş irəliləyişləri pozmaq üçün Ermənistan tərəfinin göstərdiyi aşkar cəhdlərdən narahat olduğunu bildirir. Bu cəhdlər baş verən hadisələrin mahiyyətini və qiymətləndirilməsini ənənəvi olaraq saxtalaşdıran və təhrif edən Ermənistan rəhbərliyinin bəyanatlarında aydın görünür.
Minsk prosesinin səmərəli surətdə davam etdirilməsində maraqlı olan və işğal edilmiş ərazilərdə Ermənistanın həyata keçirdiyi əməllərin – danışıqlara mənfi təsir göstərən və Cenevrə konvensiyalarına zidd olan əməllərin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” bəndin BMT Baş Məclisi 59-cu sessiyasının gündəliyinə daxil edilməsi təşəbbüsünü irəli sürmüşdür. Həmin təşəbbüsdən məqsəd bütün dünya birliyi üçün qeyri-məqbul və yolverilməz olan bu vəziyyətin BMT-də müzakirə edilməsidir.
Ermənistan tərəfinin növbəti iftiralarını qabaqcadan görərək, bildirək ki, Azərbaycan danışıqların Minsk prosesi çərçivəsində davam etdirilməsinə tərəfdardır və münaqişənin nizama salınmasını başqa məcraya yönəltmir.
Azərbaycan Ermənistan tərəfinin nizamasalmanın nəticəsini işğal olunmuş ərazilərdə hüquqa zidd əməllər yolu ilə əvvəlcədən müəyyənləşdirmək cəhdlərinin qarşısını almağa çalışır və bu işdə BMT-nin və bütün beynəlxalq birliyin dəstəyinə ümid bəsləyir.
Uzunmüddətli sülh özbaşınalıq və tarixi saxtalaşdırmaq əsasında deyil, ancaq hüquq və ədalət prinsiplərinin sağlam bünövrəsi üzərində yaradıla bilər.