AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMA QAYDALARI QANUNLA TƏNZİMLƏNİR
Bakı, 22 dekabr (AZƏRTAC). Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirmişlər ki, viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə qalma müddətinin bitməsinə azı 7 iş günü qalmış müvəqqəti olma müddətinin uzadılmasına dair Xidmətə müraciət edə bilərlər.
Viza tələb olunmayan qaydada Azərbaycana gələn və ölkədə müvəqqəti olma müddəti 90 günədək uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu müddət bitənədək respublika ərazisini tərk etməlidirlər. Belə şəxslər 30 gün Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqdan sonra yenidən viza tələb olunmayan qaydada ölkəyə gəlmək hüququna malikdirlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitənədək Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılmasa və ona ölkədə müvəqqəti yaşamağa icazə verilməsə, o, ölkəni tərk etməlidir.
Viza əsasında və ya viza tələb olunmayan qaydada respublikamıza gələn və müvəqqəti olma müddəti uzadılmış əcnəbi bu barədə qərarı onun etibarlı olduğu müddətdə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim edərək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilər.
Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında yaşamalarını, yaşayış yeri üzrə qeydiyyatlarını rəsmiləşdirmiş olurlar.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə 1 ilədək müddətə verilir. İcazə qanunla müəyən edilmiş hallarda Dövlət Miqrasiya Xidməti tərəfindən ləğv edilə və ya onun müddəti dörd dəfədən çox olmamaq şərti ilə uzadıla bilər.