SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Avqustun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 80 saylı Oğuz-Şəki-Qəbələ referendum dairəsi dairə seçki komissiyasının üzvü Sodyar Ağammədovun komissiya üzvlüyündən azad edilməsini, Qərib Qəribovun həmin dairə seçki komissiyasının üzvü təyin edilməsini qərara almışdır. İclasda Təranə Məlikova 83 saylı Sabirabad-Saatlı referendum dairəsi dairə seçki komissiyasının üzvü təyin edilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iclas iştirakçılarına Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2002-ci il avqustun 24-nə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanması və keçirilməsi ilə bağlı referendum dairələrində dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün avqustun 12-dən 18-dək keçirilmiş seminar-müşavirələrin nəticələri haqqında məlumat vermişdir. Məzahir Pənahov həmin tədbirlərin bütün referendum dairələrində böyük maraq və razılıq doğurduğunu, dairə və məntəqə seçki komissiyaları üzvlərinin hamısı üçün faydalı olduğunu diqqətə çatdırmışdır. Məlumatlandırıcı və təlimatlandırıcı bu tədbirlərin lazımi səviyyədə keçirilməsinin təmin edilməsində rayon icra hakimiyyəti strukturlarının rolunu xüsusi dəyərləndirmişdir. Seminar-müşavirələrin hazırlanıb keçirilməsində MSK Katibliyi aparatı əməkdaşlarının da fəal iştirak etdiklərini diqqətə çatdmışdır. Komissiya keçirilmiş seminar-müşavirələrin nəticələrini məqbul saymışdır.
İclasda Fransanın Bakıdakı səfirliyinin, “Röyter”, Frans-Press, İTAR-TASS agentliklərinin, habelə Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MSK-nın mətbuat xidməti