AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi 2002-ci il 18 dekabr tarixli 198 nömrəli qərara əsasən müəyyən edilmişdir ki, atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri üçün texniki normativlər qüvvədə olan standartlar və təlimatlar ilə, atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativləri isə Azərbaycan Respublikasının üzv olduğu MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası tərəfindən təsdiq olunmuş standartlarla tənzimlənir, müvafiq standartlar olmadıqda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi texniki normativlərdən istifadə edilir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq standartları olmayan atmosfer havasını çirkləndirən mənbələr üçün texniki normativləri və hər bir stasionar mənbə üçün atılmanın yol verilən həddini müəyyən etmişdir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə tapşırılmışdır ki, atmosfer havasının çirklənmə mənbələri olan nəqliyyat və digər səyyar vasitələr üçün atılmanın texniki normativlərinin gələcəkdə Avropa standartlarına keçidini təmin etmək istiqamətində lazımi tədbirlər həyata keçirsinlər.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.