AZƏRBAYCAN RESPUBLİKASININ NÜMAYƏNDƏLƏRİ BEYNƏLXALQ FONDUN SESSİYASINA DƏVƏT OLUNMUŞLAR
Ölkəmizin İFAD-la əməkdaşlığı 1997-ci ildən başlamışdır. Bu əlaqələr kənd təsərrüfatının hansı sahələrini əhatə edir və Azərbaycan hökuməti ilə Beynəlxalq Fondun birgə maliyyələşdirdiyi layihələrin aqrar sahənin inkişafına təsiri barədə nə demək olar? Həmin layihələrin rəhbəri, agentliyin direktorunun müavini Vüqar Mehdiyev demişdir:
-Ötən illər ərzində ölkəmizin müxtəlif regionlarında “Dağətəyi və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi layihəsi”, “Təsərrüfatların özəlləşdirilməsi layihəsi”, “Şimal-şərq inkişaf layihəsi” həyata keçirilmişdir. Kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən, əkinçilik, maldarlıq, arıçılıq, suvarma sistemlərinin bərpası və təkmilləşdirilməsi sahəsində mühüm nəticələr əldə edilmişdir. Tətbiq olunan layihələrə uyğun olaraq fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi aqrar sektorun inkişafına, yeni iş yerlərinin açılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, kənd yerlərində infrastrukturun müasirləşdirilməsinə təkan vermişdir.
Agentlik İFAD-la birgə daha bir layihəni - “Şimal-qərb kənd inkişaf layihəsi”ni həyata keçirməyə başlamışdır.
Beynəlxalq Fondun fevralın 20-dək davam edəcək sessiyasında İFAD-ın digər ölkələrlə yanaşı, Azərbaycanla da əməkdaşlığı və bu əlaqələrin perspektivlərinə də toxunulacaq, qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcəkdir.