AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident seçkilərinin ilkin nəticələrinin geniş çoxluqla qələbə qazanmağınıza ümid verə bildiyi bir vaxtda, Sizə ən səmimi təbriklərimi çatdırıram.
Atanızın başladığı nümunəvi fəaliyyətin davamı olaraq ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin gücləndirilməsi naminə gələcəkdə Sizinlə əməkdaşlıq etməkdən sevinc duyuram. Keçən yazda Sizi Parisdə qəbul etdikdən sonra, təqviminizin imkan verdiyi ən qısa zamanda Sizi rəsmi səfərlə Parisdə qəbul etməyə şad olaram.
Bundan sonra, Azərbaycan xalqının Sizə göstərmiş olduğu etimadla ölkənizin qarşılaşdığı problemləri aradan qaldıra, xüsusilə də sülhə nail ola biləcəksiniz. Fransanın Mİnsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həlli uğrundakı öhdəliyi Sizə məlumdur. Fransız həmsədr, rus və amerikalı həmkarları ilə birgə öz vasitəçilik missiyalarını davam etdirmək üçün mümkün bildiyiniz bir vaxtda Sizinlə görüşməyə hazırdırlar.
Bakıda baş vermiş faciəli hadisələr ölkənizin ATƏT və Avropa Şurası çərçivəsində götürdüyü öhdəliklərə uyğun olaraq, demokratik islahatlar və Azərbaycanda hüquqi dövlətin gücləndirilməsində qətiyyətinizi davam etdirməyə əsas verir. Bu fəaliyyətinizdə bizim tam dəstəyimizə və əməkdaşlığımıza əmin ola bilərsiniz.
Cənab Prezident, Sizi bir daha təbrik edir, ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm.
Ən səmimi dostluq hisslərimlə,
Jak Şirak
Fransa Respublikasının Prezidenti