RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASININ PREZİDENTİ BORİS YELTSİNLƏ GÖRÜŞMÜŞDÜR
VİKTOR ÇERNOMIRDİNLƏ GÖRÜŞMÜŞDÜR
Oktyabrın 21-də Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdinlə təkbətək görüşü olmuşdur. Söhbət zamanı Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin mövcud durumu və iqtisadi əməkdaşlığa mane olan problemlərin həlli yolları müzakirə edilmişdir. Söhbətdə tərəflər iki ölkə arasında ticarət-iqtisadi və digər əlaqələrin bundan sonra daha da genişləndirilməsi barədə ümumi razılığa gəlmiş və bu istiqamətdə konkret tədbirlər müəyyənləşdirmişlər. Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdin Qərbin nüfuzlu neft şirkətləri ilə Azərbaycan arasında bağlanmış neft sazişi haqqında öz dövlətinin belə bir mövqeyini bir daha açıqlamışdır ki, Rusiya bu məsələdə heç bir problem görmür və neft yataqlarının işlənməsinə Rusiya şirkətinin cəlb olunmasını təqdir edir. Görüş zamanı Xəzər dənizinin ekoloji problemlərinə və balıqçılığın inkişafı məsələlərinə də toxunulmuşdur.
Görüşdə qeyd olunmuşdur ki, iki il ərzində Rusiya ilə Azərbaycan arasında dövlət borcları məsələsi həll edilmədiyindən ölkələrimiz arasındakı iqtisadi əlaqələr acınacaqlı hala düşmüşdür. Tərəflər arasında müxtəlif səviyyələrdə dəfələrlə aparılmış danışıqlar nəticəsiz qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Rusiya Federasiyasının Baş naziri V.Çernomırdinin görüşündə əldə olunan razılıq əsasında, nümayəndə heyətləri arasında bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər - ilk növbədə borcun məbləğinin respublikamızın xeyrinə azaldılması, onun ödənilmə müddətinin bundan sonra iki ildən artıq uzadılması, ödənişə 1995-ci ilin 4-cü rübündən başlanılması təklifləri imzalanmış müqavilədə öz əksini tapmışdır. Həmin razılaşma 1994-1995-ci illər üçün ticarət-iqtisadi əlaqələr üzrə müqavilənin imzalanmasına da şərait yaratmışdır. İqtisadi-ticarət müqaviləsində ilk növbədə hər iki tərəfə lazım olan xammal və digər zəruri mallarla təminat məsələsi əks olunmuşdur. Müqaviləyə əsasən bir neçə gündən sonra Moskva şəhərində Azərbaycan və Rusiyanın kimya sənayesini təmsil edən nümayəndə heyətləri arasında görüş keçiriləcəkdir. Həmin görüşdə potensial imkanlardan daha geniş və səmərəli istifadə olunmasına dair əlavə müqavilə imzalanacaqdır.
Prezident Heydər Əliyev və Baş nazir Viktor Çernomırdin arasında Rusiya tərəfindən Azərbaycanın taxıl ehtiyaclarının təmin olunması haqqında razılıq əldə edilmişdir.
Görüş zamanı Azərbaycanın milli valyutasının Rusiya tərəfindən tanınması barədə də müqavilə imzalanmışdır.