RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AŞQABADA SƏFƏRİ BAŞA ÇATDI
Hərbi parad və nümayişdən sonra dövlət başçılarına təntənəli surətdə Axaltəkin atları bağışlandı. Sonra dövlət başçıları Türkmənistan-İran-Türkiyə-Avropa qaz kəmərinin rəmzi açılışı mərasimində iştirak etdilər. Mərasimdə İran İslam Respublikasının Prezidenti Haşimi-Rəfsəncani, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Pakistanın Baş naziri Bənəzir Bhutto, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Türkmənistan Prezidenti Saparmurad Niyazov çıxış etdilər.
Axşam Azərbaycan Prezidenti Heydər Əliyev İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani ilə görüşdü.
Aşqabat hava limanında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Türkmənistan Respublikasının Prezidenti Saparmurad Niyazov arasında görüş oldu.
Sonra təntənəli yolasalma mərasimi keçirildi. Azərbaycan Prezidenti Heydər Əliyevi Türkmənistan Prezidenti Saparmurad Niyazov və ölkənin digər rəhbər xadimləri yola saldılar.
Binə hava limanında respublika Prezidenti Heydər Əliyevi Ali Sovetin sədri Rəsul Quliyev, Baş nazirin vəzifəsini icra edən Fuad Quliyev, Ali Sovet sədrinin müavinləri, dövlət müşavirləri və digər rəsmi şəxslər qarşılamışlar.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bakı-Aşqabad-Bakı