RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BUDAPEŞTƏ SƏFƏRİ
Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi Respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazirin vəzifəsini icra edən Fuad Quliyev, Ali Sovetin sədrinin müavinləri, dövlət müşavirləri, Baş nazirin müavinləri və digər rəsmi şəxslər yola salmışlar.
Dekabrın 6-da Azərbaycan Prezidenti Heydər Əliyevin zirvə toplantısında çıxışı gözlənilir.
Məclisin gündəliyinə ATƏM-in möhkəmləndirilməsi, Avropa problemlərinin həllində və qitədə təhlükəsizliyin təmin olunmasında, o cümlədən sülhyaratma səylərinin genişləndirilməsində ATƏM-in rolunun artırılması və başqa məsələlər daxil edilmişdir. Zirvə toplantısında müzakirə və qəbul olunmaq üçün bir sıra sənədlər, o cümlədən siyasi bəyannamə, İkinci dünya müharibəsinin qurtarmasının 50 illiyinə həsr edilmiş xüsusi bəyannamə, habelə hərbi-siyasi məsələlərə dair sənədlər hazırlanmışdır. Təklif edilən sənədlər arasında Moldova və Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına dair sənədlər də vardır. Zirvə toplantısında Dağlıq Qarabağa ATƏM-in sülhməramlı qüvvələrinin göndərilməsi barədə qərar qəbul ediləcəyi də istisna olunmur.
ABŞ Prezidenti Bill Klinton dekabrın 5-də zirvə toplantısında çıxış edərkən demişdir ki, ATƏM Dağlıq Qarabağa sülhməramlı çoxmilli qüvvələr göndərmək barədə razılığa gəlmək yolundadır. O qeyd etmişdir ki, bu münaqişə zonasında atəşin etibarlı şəkildə dayandırılmasını təmin etmək üçün hər şeyi etmək lazımdır.
Həmin gün Azərbaycan dövlətinin başçısı öz iqamətgahında Çexiya Prezidenti Vatslav Havel ilə də görüşmüşdür. İki ölkə arasında münasibətlərin genişləndiriməsi, habelə Dağlıq Qarabağ münaqişəsinə son qoyulması ilə əlaqədar məsələlər müzakirə olunmuşdur. Vatslav Havel Qarabağ məsələsi ilə yaxından tanış olduğunu söyləmişdir. O həmçinin bildirmişdir ki, yaxın vaxtlarda Çexiya Respublikasının nümayəndə heyəti Azərbaycana gələcəkdir.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri