AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MOSKVAYA İŞĞÜZAR SƏFƏRİ
“VNUKOVO-2” HAVA LİMANINDA QARŞILANMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə sentyabrın 23-24-də Moskvada işgüzar səfərdə olmuşdur.
Azərbaycan dövlətinin başçısını “Vnukovo-2” hava limanında Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov və Rusiyanın yüksək vəzifəli digər rəsmi şəxsləri, habelə Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov, xarici işlər naziri Vilayət Quliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və ölkəmizin Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev qarşıladılar.
Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından maşın karvanının müşayiəti ilə Vorobyovıye qorıda onun üçün ayrılmış iqamətgaha yola düşdü.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNLƏ TƏKBƏTƏK GÖRÜŞÜ
Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sentyabrın 23-də Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olmuşdur.
Ali qonağı hörmətlə, ehtiramla qarşılayan, onun dəvətini qəbul edib Moskvaya işgüzar səfərə gəldiyinə görə Prezident Heydər Əliyevə minnətdarlığını bildirən Prezident Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərin intensiv inkişaf etməsindən çox məmnun qaldığını bildirdi.
Prezident Heydər Əliyevin bu il Rusiya Federasiyasına etdiyi hər üç səfərin ölkələrimizin bütün sahələr üzrə qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da möhkəmləndirilməsində xüsusi rol oynadığını nəzərə çarpdıran cənab Vladimir Putin Xəzərin dibinin bölgüsünə, təhsil məsələlərinə dair sazişlərin və imzalanacaq bəzi digər sənədlərin Azərbaycan-Rusiya əməkdaşlığının daha da sıxlaşdırılmasına yeni təkan verəcəyinə ümidvar olduğunu söylədi.
Prezident Vladimir Putin rus mədəniyyətinin, rus dilinin dəstəklənməsinə göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə bir daha minnətdarlığını bildirdi.
Rusiya Federasiyasına səfərə dəvətə, yüksək qonaqpərvərliyə və səmimi sözlərə görə Prezident Vladimir Putinə təşəkkür edən Prezident Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin intensiv inkişaf prosesinin bünövrəsinin Rusiya dövləti başçısının 2001-ci il yanvarın 9-da, yeni əsrin başlanğıcında Azərbaycana etdiyi ilk rəsmi səfərlə qoyulduğunu nəzərə çarpdırdı. Məhz həmin səfərdən sonra ölkələrimizin bütün istiqamətlərdə - iqtisadiyyat, elm, təhsil və digər sahələrdə münasibətləri durmadan inkişaf edir və daha da genişlənəcəkdir.
Bu səfər zamanı Moskvada imzalanacaq sənədlərin böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı Heydər Əliyev Xəzərin statusu məsələsinin həllində Rusiyanın, Azərbaycanın və Qazaxıstanın eyni mövqedə olmasını bir daha yüksək dəyərləndirdi.
Xəzərdəki zəngin neft və qaz yataqlarının işlənilməsi sahəsində görülən işlərdən bəhs edən Prezident Heydər Əliyev yaxın gələcəkdə Rusiya sektorunda da yüksək nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə prezidentlər Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, regionda vəziyyət, beynəlxalq terrorizmə qarşı mübarizə və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə geniş fikir mübadiləsi apardılar.
GENİŞ TƏRKİBDƏ AZƏRBAYCAN-RUSİYA DANIŞIQLARI
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Kremldəki “Predstavitelskiy kabinet”ə gəldi. Dövlətimizin başçısını burada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dostcasına, mehribanlıqla, səmimiyyətlə qarşıladı.
Prezident Vladimir Putin Azərbaycan nümayəndə heyətinin üzvlərini, Prezident Heydər Əliyev isə Rusiya nümayəndə heyətinin üzvlərini salamladılar.
Sonara hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə Azərbaycan-Rusiya danışıqları oldu. Danışıqlarda nümayəndə heyətlərinə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti Heydər Əliyev başçılıq edirdilər.
Rusiya Prezidenti VLADİMİR PUTİN Azərbaycan nümayəndə heyətinin üzvlərini salamlayaraq dedi:
- Hörmətli həmkarlar, dostlar, icazə verin, sizi Moskvada bir daha salamlayım. Mən çox şadam ki, son vaxtlar Rusiya ilə Azərbaycan arasında münasibətlər belə intensiv inkişaf edir. Mənə məlum olduğuna görə, dünən siz Bakıda bizim parlamentin sədrini qarşılayırdınız, bu gün isə nəinki qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etmək üçün, həm də çox böyük əhəmiyyət verdiyimiz sənədlərin imzalanması üçün burada, Moskvadasınız. Bunlar Xəzərin dibinin bölünməsi haqqında sənəd, təhsil məsələlərinə dair və bəzi digər problemlər haqqında sənədlərdir. Heydər Əliyeviç, mən bilirəm ki, şəxsən Siz onların üzərində xeyli müddət və gərgin işləmisiniz.
Çox ümidvaram ki, birgə işimiz bu sənədlərin imzalanması ilə başa çatacaq və gələcək üçün, uzunmüddətli perspektiv üçün münasibətlərimizi bu sənədlərin əsasında quracağıq.
Təəssüf ki, ötən illərdə əmtəə dövriyyəmizin bir qədər azaldığı müşahidə edilmişdir. lakin bu, cari ilin ilk aylarında artmışdır.
HEYDƏR ƏLİYEV: Təxminən 60 faiz. Yeri gəlmişkən, Rusiya ilə əmtəə dövriyyəmiz birinci yerdədir.
VLADİMİR PUTİN: Heydər Əliyeviç, mən bunu bilirəm. Onu da bilirəm ki, şəxsən Siz rus mədəniyyətinin, rus dilinin inkişafına və dəstəklənməsinə böyük diqqət yetirirsiniz. Buna görə biz Sizə çox minnətdarıq. Biz bunu bilir və hiss edirik.
Heydər Əliyeviç, biz Sizi görməyimizə çox şadıq və “Xoş gəlmisiniz!” deyirik.
HEYDƏR ƏLİYEV: Vladimir Vladimiroviç, sağ olun. Moskvaya gəlmək, Sizinlə görüşmək və məsələləri müzakirə etmək barədə dəvətinizə görə Sizə təşəkkür edirəm. Moskvaya hər bir səfərimizin bizim üçün böyük əhəmiyyəti var. Şübhəsiz ki, hər bir belə görüş Rusiya-Azərbaycan münasibətlərini möhkəmləndirir və inkişaf etdirir. Siz dediniz ki, - mən çox şadam ki, bunu vurğuladınız, - Rusiya-Azərbaycan münasibətləri intensiv inkişaf edir. Bu prosesin bünövrəsini Siz, 2001-ci il yanvarın 9-da Rusiya Prezidentinin Azərbaycana tarixdə ilk səfəri ilə qoymusunuz. O vaxt Siz qeyd etdiniz ki, bu, Rusiya Prezidentinin yeni əsrdə ilk səfəridir. Biz buna böyük əhəmiyyət veririk.
Deyə bilərəm ki, o vaxtdan bəri münasibətlərimiz bütün istiqamətlərdə - iqtisadi sahədə də, elm, təhsil sahəsində də intensiv inkişaf edir və edəcəkdir.
Biz Rusiya ilə təxminən 100 sənəd imzalamışıq, bunların 70-i dövlətlərarası, hökumətlərarası sənəddir və onlar Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı baxımından işimizə çox böyük köməkdir. Siz doğru dediniz ki, bu gün imzalayacağımız sənədlərin, xüsusən Xəzər dənizi haqqında sənədin böyük əhəmiyyəti var.
Bilirsiniz ki, biz Sizinlə bu mövzuda çox danışmışıq və Aşqabad sammitində bu barədə fikir mübadiləsi aparmışıq. Çox yaxşıdır ki, bir nəticə var, yəni Rusiya, Azərbaycan və Qazaxıstan bu baxımdan eyni mövqedədirlər, hesab edirəm ki, digər Xəzəryanı dövlətlər də tədricən buna gəlib çıxacaqlar. Çünki Xəzərin neft və qaz yataqlarının işlənilməsi son dərəcə mühüm məsələdir, bildiyiniz kimi, bunu bizim təcrübəmiz də təsdiqləyir. Bilirəm ki, hazırda Rusiya sektorunda çox perspektivli bir quyu qazılır. Məlumdur ki, Qazaxıstan sektorunda da qazma işlərindən sonra böyük nəticələr əldə olunmuşdur. Bunlar ancaq ilk addımlardır, çünki Rusiya sektoru barəsində deməliyəm ki, biz vaxtilə Xəzəri tədqiq etmişik, - ona görə ki, Sovetlər İttifaqının hökuməti bu işi bizə tapşırmışdı, - və çoxlu yeni yataqlar aşkara çıxarmışıq. Lakin Volqa çayına, balığa və sair məsələlərə görə Rusiya sektorunda tədqiqatlar aparmağa imkan vermirdilər. Halbuki, indi Sizin malik olduğunuz həmin böyük sektorun, - biz Sizinlə sərhədi müəyyənləşdirəcəyik, - balığa heç bir dəxli olmayacaqdır. Yeri gəlmişkən, fürsətdən istifadə edib demək istəyirəm ki, biz Xəzərdə 50 ildən çoxdur neft çıxarırıq. Biz müəyyəm etmişik ki, bu, Xəzərdəki balıqlara və mikroorqanizmlərə heç bir mənfi təsir göstərmir. Ona görə də mənə elə gəlir ki, burada böyük nəticələr əldə edəcəksiniz.
X x x
Danışıqlarda Azərbaycan tərəfdən baş nazirin birinci müavini Abbas Abbasov, xarici işlər naziri Vilayət Quliyev, təhsil naziri Misir Mərdanov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin köməkçisi Əli Əsədov, xarici işlər nazirinin müavini Xələf Xələov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev iştirak edirdilər.
AZƏRBAYCAN-RUSİYA SƏNƏDLƏRİNİN İMZALANMASI
Sentyabrın 23-də, geniş heyətdə danışıqları başa çatdıqdan sonra Kremlin “Səfir salonu”nda Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında saziş”i imzaladılar.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı surətdə tanınması sahəsində əməkdaşlıq haqqında saziş” imzalandı. Onu Rusiya Federasiyasının təhsil naziri Vladimir Filippov və Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov imzaladılar.
Sonra “Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi və Rusiya Federasiyasının Sənaye, Elm və Texnologiyalar Nazirliyi arasında “iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında saziş” və Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında hərbi təyinatlı məhsul istehsalında iştirak edən müəssisə və təşkilatlarda ixtisaslaşmanın saxlanılması haqqında saziş” imzalandı. Sazişləri Rusiya Federasiyasının sənaye, elm və texnologiyalar naziri İlya Klebanov və Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev imzaladılar.
Sənədlərin imzalanma mərasimində Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin köməkçisi Əli Əsədov, xarici işlər nazirinin müavini Xələf Xələfov, respublikamızın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev, Rusiya nümayəndə heyətinin üzvləri iştirak edirdilər.
X X X
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN BİRGƏ MƏTBUAT KONFRANSI
Azərbaycan- Rusiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə mətbuat konfransı keçirdilər. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.
RUSİYA FEDERASİYASININ PREZİDENTİ VLADİMİR PUTİNİN BƏYANATI
- Hörmətli xanımlar və cənablar!
İcazə verin, bu saatadək görülmüş işlərin nəticələri barədə sizə qısa məlumat verim. İlk öncə, mən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyeviç Əliyevi səmimi qəlbdən salamlamaq istəyirəm. Bu, cari ildə yüksək səviyyədə üçüncü Rusiya-Azərbaycan sammitidir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Prezidenti bu ilin yanvarında Moskvada dövlət səfərində olmuşdur, iyunun 9-da isə Sankt-Peterburqda bizim işgüzar görüşümüz oldu. Onda Nizaminin abidəsinin açılış mərasimi də keçirildi.
Bax, belə fəallıq var. Mən bunu görüşümüzün əvvəlində xatırladaraq dedim ki, Rusiya parlamentinin sədri dünən Azərbaycanda idi və Prezident Bakıda onu qəbul etdi. Bu cür fəallıq ölkələrimizin ənənəvi dostluğu və hərtərəfli əməkdaşlığı möhkəmlətməyə göstərdikləri qarşılıqlı səylərə parlaq sübutdur.
İndiki sammitin gündəliyinin başlıca bəndi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında sazişin imzalanması idi. Biz bu qərara doğru çox uzun bir yol keçmişik. Çox mübahisələr olmuş, hər iki tərəf gərgin işləmişdir. Lakin nəzərə çarpdırmaq istəyirəm ki, bu, marağı olan tərəfdaşların gördüyü iş idi. Çox şadam, məmnunam ki, bu iş belə müsbət nəticə ilə başa çatdı.
Rusiya ilə Qazaxıstan, habelə Qazaxıstan ilə Azərbaycan arasında əvvəllər imzalanmış sazişləri nəzərə alaraq, inamla demək olar ki, Xəzər dənizinin Mərkəzi və Şimal sahələrinin dibinin mineral ehtiyatlarının mənimsənilməsində bizim üç ölkəmizin qarşılıqlı fəaliyyəti möhkəm beynəlxalq-hüquqi baza əldə etmişdir. Əminəm ki, “dənizin dibini bölürük, su isə ümumidir” formulunun və mərhələlilik prinsipinin tətbiqi son nəticədə maraqları, - bunu vurğulamaq istəyirəm, - bütün sahilyanı dövlətlərin maraqlarını nəzərə almaqla, Xəzər dənizinin statusu probleminin qarşılıqlı surətdə faydalı həllinə gətirib çıxaracaqdır.
Təhsil haqqında sənədlərin qarşılıqlı surətdə tanınması haqqında hökumətlərarası saziş imzalandı. Dövlətlərimiz arasında humanitar, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə real köməyi baxımından bu sənədin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Bununla yanaşı, hərbi təyinatlı məhsulların istehsalında iştirak edən müəssisə və təşkilatlarda ixtisaslaşmanın saxlanılması haqqında hökumətlərarası saziş, iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında idarələrarası saziş də imzalandı. Bu, bir daha göstərir ki, bütün sahələrdə münasibətlərin daha da dərinləşməsi prosesi gedir və həqiqətən, çoxplanlı xarakter daşıyır.
Azərbaycan Prezidentinin bugünkü səfəri, əslində, beynəlxalq terrorizmlə mübarizədə dünya birliyinin səylərinin birləşdirilməsinin əsasını qoymuş Amerikadakı faciəli hadisələrin ildönümü ilə eyni vaxta təsadüf etmişdir. Rusiya artıq çox illərdir ki, bu bəla ilə mübarizə aparır. Azərbaycan, öz Prezidenti başda olmaqla, bizim fəal hərəkətlərimizi lap əvvəldən dəstəkləmişdir. Heydər Əliyeviç dəfələrlə bildirmişdir ki, terror təhlükəsi milli sərhəd tanımır, qorxulu xəstəlik kimi sürətlə yayıla bilir. Biz hüquq mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlığı sahəsində böyük əməli təcrübə toplamışıq və bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik. Bu baxımdan həmin məsələdə fəal mövqe tutduğuna görə Azərbaycan Prezidentinin rolunu bir daha xatırlatmaq və ona təşəkkür etmək istərdim. O da yadımızdadır, Azərbaycan ilk ölkədir ki, heç nəyə baxmadan cinayətkarları bizə təhvil vermişdir və onlar sonralar mühakimə olunmuşlar.
Qarşılıqlı tərəfdaşlıq, o cümlədən ticarət-iqtisadi sahədə əməkdaşlıq məsələlərinə də toxunuldu. Biz iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın rolunu möhkəmlətməyin zəruriliyi barədə yekdil rəydəyik. Aktual beynəlxalq problemlərin bəzi məsələləri də müzakirə edildi.
Sonda demək istəyirəm ki, aparılmış danışıqlar çox konstruktiv, faydalı oldu. Danışıqlar hələ başa çatmayıbdır, bu gün axşam Heydər Əliyeviçlə bizim imkanımız olacaq ki, qarşılıqlı fəaliyyətimizi bütün təfərrüatı ilə, incəlikləri ilə qeyri-formal şəraitdə arxayınca müzakirə edək. Əminəm ki, ölkələrimiz arasında son vaxtlar yaranmış yüksək etimad ruhu indiyədək mürəkkəb, həlli çətin sayılan bütün məsələlərin həllində bizə kömək edəcəkdir. Doğrudan da, Azərbaycan Prezidentinin bu gün dediyi kimi, ikitərəfli baxımdan aramızda belə məsələlər, əslində qalmayıbdır. Odur ki, Azərbaycan Prezidentinin Rusiyaya bugünkü səfəri, heç şübhəsiz, dövlətlərarası münasibətlərin qurulmasında daha bir mərhələ olacaqdır.
X x x
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI
-Hörmətli Vladimir Vladimiroviç!
Hörmətli xanımlar və cənablar!
Vladimir Vladimiroviç, bu işgüzar səfəri həyata keçirmək və məncə, Sizin artıq dediyiniz işləri görmək üçün Moskvaya gəlmək barədə dəvətə görə Sizə ürəkdən təşəkkür edirəm. Mən bir daha bəyan etmək istəyirəm ki, Rusiya-Azərbaycan münasibətləri həmişə normal olmuşdur, lakin Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana ilk rəsmi səfərindən sonra bu münasibətlər xüsusilə inkişaf etmişdir. 2001-ci il yanvarın 9-dakı həmin səfər Rusiya Prezidentinin XXI əsrdə ilk səfəri idi və bu səfəri o, Azərbaycana etmişdir. Ancaq məsələ təkcə bunda deyildir. Məsələ ondadır ki, biz o vaxt Rusiya-Azərbaycan münasibətlərinə aid bir çox məsələləri olduqca ətraflı müzakirə etdik. Doğrudur, həm bizim üçün, həm də Rusiya üçün olduqca gərəkli olan bir çox digər məsələləri də müzakirə etdik.
Rusiya-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ məhz həmin dövrdən başlanmışdır. Bu proses inkişaf edir və mən deməliyəm ki, yüksək sürətlə inkişaf edir. Heç iki il keçməyib ki, biz, ilk növbədə, iqtisadiyyat sahəsində, siyasi sahədə və bütün digər sahələrdə nəzərəçarpacaq nəticələrə nail olmuşuq.
Vladimir Vladimiroviç burada bu gün gördüyümüz işlərdən, hansı sənədləri imzaladığımızdan danışdı. Mən sizi bir daha yormayacağam, amma belə bir cəhət mühümdür ki, Vladimir Vladimiroviçin nəzərə çarpdırdığı ən mühüm məqamları mən də sözbəsöz təkrarlayardım. Bizim bugünkü münasibətlərimiz, bax, bu deməkdir.
Vladimir Vladimiroviç, Rusiya-Azərbaycan münasibətlərinə güclü təkan verdiyinizə görə mən Sizə minnətdaram. Siz əvvəllər mövcud olan bəzi maneələri məharətlə aradan qaldırdınız. Bu cəhətdən Siz özünüzü çox uzaqgörən siyasi xadim kimi göstərdiniz, o mənada ki, əvvəllər olanları arxada qoydunuz. Həmin vaxtdan biz, hər şeydən öncə, Prezident Vladimir Vladimiroviç Putinin Azərbaycana, xalqımıza səmimi münasibətini, ikincisi isə, onun münasibətlərimizin inkişafına çox böyük maraq göstərdiyini, - biz bunu daha çox istəyirik, - üçüncüsü, onun Azərbaycana, bizim işlərimizə hədsiz diqqətini hiss edirik.
Yayda Vladimir Vladimiroviçlə biz Sankt-Peterburqda görüşdük, dahi Azərbaycan şairi Nizaminin abidəsini açdıq, birlikdə açdıq. Bu faktın özünün rus və Azərbaycan xalqları, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsi üçün çox böyük əhəmiyyəti var. Mən Vladimir Vladimiroviçin orada necə gözəl nitq söylədiyini xatırlayıram. Sonra isə, onun dediyi kimi, biz yenə də bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi apardıq. Mən həmin səfərimdən çox məmnun oldum.
Vladimir Vladimiroviç, madam ki, mən Sizin dəvətinizlə artıq üç dəfə Moskvada olmuşam, - zənn edirəm ki, ilin sonunadək bəlkə yenə belə bir imkan oldu, - Sizi münasib vaxtda Azərbaycana gəvət etməyə tam əsasım vardır. Siz xalqımızın Sizə olan münasibətini bilirsiniz. Mən deməliyəm ki, Vladimir Vladimiroviç Putin elə ilk günlərdən həm Rusiyada, həm də bizim respublikada hörmət və nüfuz qazanmışdır. Çünki gördüyü işlərdən, verdiyi bəyanatlardan hamıya bəlli olmuşdur ki, o, həqiqətən, bütün MDB ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlərin möhkəmlənməsini istəyir.
Vladimir Vladimiroviç, buna görə sizə təşəkkür edirəm.
İmzaladığımız əsas sənədə gəldikdə isə, Siz ona qiymət verdiniz. Mən bu qiymətlə tam razıyam. Mən bəyan edirəm ki, bu, çox mühüm addımdır. Xəzər dənizinin statusu, onun sektorlara bölünməsi məsələsi artıq bir çox illərdir ki, gündəlikdədir və müzakirə olunmuşdur. Siz qısa vaxt ərzində bu işə qoşuldunuz və Qazaxıstanla saziş imzaladınız. Bilirəm ki, onlarla da, Azərbaycanla da bu sənədlər üzərində çox işləmisiniz. Biz də uzun müddət işləmişik. Dediyiniz kimi, biz üç Xəzəryanı dövlət mövqeyimizi müəyyənləşdirmişik və bu, digər sahilyanı ölkələr üçün nümunə olacaqdır. Başqa yol yoxdur. Biz bu məsələ ilə çox illər məşğul olmuşuq və çoxlu variantlar tapmışıq. İndiki variant, beynəlxalq hüquq normaları prinsiplərinə, orta xətt prinsiplərinə uyğundur. Bunda da Vladimir Vladimiroviçin böyük rolu olmuşdur.
Vladimir Vladimiroviç, Siz Xəzər dənizində yaxşı hərbi təlimlər keçirdiniz. Xatirimdədir, Aşqabadda şəxsi söhbətimizdə bu barədə mənə demişdiniz. Mən təəccübləndim, Siz Aşqabaddan dərhal Həştərxana getdiniz, digər işlərlə məşğul oldunuz, müvafiq adarmları oraya çağırdınız, yaxşı hazırlaşdınız. Deməliyəm ki, bu, ümumiyyətlə, Xəzərin tarixində belə böyük miqyaslı ilk təlimlər idi. Biz bu təlimlərdə iştirak edirdik, onları dəstəklədik və dəstəkləyirik.
Bir daha bəyan etmək istəyirəm ki, Rusiya-Azərbaycan münasibətləri bizim xarici siyasətimizin öncül istiqamətidir. Biz təxminən iki əsr birlikdə olmuşuq və o qədər qaynayıb-qarışmışıq, o qədər yaxınlaşmışıq ki, bu əlaqələri qırmaq olmaz. Dövlət müstəqilliyi qazanmağımız bir-birimizdən uzaqlaşmağa heç bir əsas vermir, əksinə, bu münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək lazımdır. Biz öz tərəfimizdən bunları edirik. Vladimir Vladimiroviç, bir daha çox sağ olun.
X X X
Sonra Azərbaycan və Rusiya prezidentləri jurnalistlərin suallarına cavab verdilər.
SUAL: Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının indiki vəziyyətini necə qiymətləndirirsiniz və onun miqyasından razısınızmı?
VLADİMİR PUTİN: Miqyasa gəldikdə, biz, əlbəttə, bunun nə miqyasından, nə də keyfiyyətindən razıyıq. Mən tamamilə əminəm ki, biz həm malların nomenklaturu, həm qarşılıqlı ticarət, həm sərmayələrin həcmi, həm də fəaliyyətin istiqamətləri üzrə, əlbəttə, daha yaxşı nəticələr əldə edə bilərdik. Buna baxmayaraq, cari ilin ilk ayları ərzində əmtəə dövriyyəsinin xeyli artıdığını müşahidə edirik, lakin məsələ heç bunda da deyildir. Məsələ ondadır ki, bizim uzun müddət üçün nəzərdə tutulan bir sıra perspektivli istiqamətlərimiz var. Mən təkcə energetika sahəsində əməkdaşlığı nəzərdə tutmuram, hərçənd bu da çox vacibdir. Bilirsiniz ki, ötən il Rusiya ərazisi ilə 2,3 milyon ton Azərbaycan nefti nəql edilmişdir. Cari ildə bunu 2,5 milyon tona çatdıracağıq. Biz 2003-cü il üçün müvafiq həcmi razılaşdırırıq. Mən bu gün belə bir ehtimal irəli sürdüm ki, biz və görünür, Azərbaycan tərəfi də müvafiq uzunmüddətli sazişin imzalanmasıni istəyirik. Azərbaycanlı həmkarlarımız ümumən bizi dəstəklədilər. O mənada ki, bunun əvəzində Rusiya Azərbaycanın təbii qazla təmin olunması vəzifəsini getdikcə daha çox öz üzərinə götürür. Qəribədir ki, Azərbaycan enerji ehtiyatları ilə zəngin bir dövlət olmasına baxmayaraq, enerji balansının strukturunda qaza ehtiyac duyur. Biz buna kömək etməyə və özümüzün boru kəmərləri sistemi vasitəsilə Azərbaycana getdikcə daha çox həcmdə qaz göndərməyə hazırıq. Azərbaycan iqtisadiyyatının yüksəlişi nəzərə alınmaqla, gələcəkdə qaz daha çox lazım olacaqdır.
Biz elektroenergetika, qarşılıqlı fəaliyyətimizin bir sıra digər istiqamətləri barədə də danışdıq. Bu gün sənaye kooperasiyası sahəsində bizi mahiyyətcə daha keyfiyyətli qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq saziş imzaladıq. Bununla yanaşı, nəzərinizi təhsil sahəsində imzalanmış sənədə yönəltmək istərdim. Mən tam əminəm ki, diplomların qarşılıqlı surətdə tanınması, əslində, bizi iqtisadiyyat sahəsində daha keyfiyyətli əməkdaşlığa gətirib çıxaracaqdır.
Biz mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdən danışdıq. Bildiyimə görə, Azərbaycanda rus dilinin tədrisinin həcmi azalmır. Azərbaycan çox az respublikalardan biridir ki, burada rus dilinin tədrisinin həcmi nəinki azaldılmır, əksinə, bilirəm ki, hətta respublikanın rəhbərliyi bu həcmin saxlanmasına səy göstərir. Bu, bizim üçün çox vacibdir. Bu il Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirildi. Prezident açılış mərasimində şəxsən iştirak etdi və Rusiya Federasiyasının mədəniyyət xadimləri ilə görüşdü. Bütün bunlar iqtisadi əlaqələrin inkişafı üçün əlverişli mühit yaradır. Biz bu baxımdan məmnunuq.
HEYDƏR ƏLİYEV: Mənim deməyə sözüm yoxdur. Vladimir Vladimiroviç hər şey barəsində danışdı, mən onun dediklərinin hamısı ilə tamamilə razıyam. Vladimir Vladimiroviçin dediyi kimi, iqtisadi münasibətlərin səviyyəsindən və keyfiyyətindən mən də razı deyiləm. Lakin biz birgə işləyirik, biz bunu Rusiyadan heç də az istəmirik. Odur ki, bu işi davam etdirəcəyik.
Mən təfərrüata varmayacağam, çünki bütün bunlar barədə Vladimir Vladimiroviç yaxşı, müfəssəl, çox dəqiq danışdı. Sözün düzü, mən hətta düşünürəm ki, Vladimir Vladimiroviç Azərbaycan haqqında hər şeyi bilir. Mən belə qənaətə gəlirəm ki, o, başqa ölkələr, xüsusən MDB ölkələri barəsində də hər şeydən xəbəri var. Buna görə də ona çox sağ olun deyirəm.
SUAL: Heydər Əliyeviç, biz bilirik və görürük ki, Rusiya cəmiyyətində, Azərbaycanla əlaqələrin daha da inkişaf etdirmək əhval-ruhiyyəsi var. Bu baxımdan Azərbaycan cəmiyyətində vəziyyət necədir? Burada iki prezidentin əməkdaşlığından danışıldı, biz isə ictimaiyyətin əhval-ruhiyyəsini bilmək istərdik.
HEYDƏR ƏLİYEV: Azərbaycanda ictimaiyyət Rusiya Federasiyası ilə əməkdaşlıq haqqında daha çox fikirləşir və bunu çox istəyir. Vladimir Vladimiroviçin rus dilinə, özü də təkcə ona deyil, həm də onun orta məktəblərdə öyrədilməsinə göstərdiyimiz münasibətə dair gətirdiyi bir neçə misal bunu təsdiq edir. Universitetlərin fakültələrində tədrisin rus dilində aparıldığı bölmələrin olması və Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, mədəniyyətlə bağlı dediklərinin hamısı, əlbəttə, Azərbaycanın mənafelərinə tamamilə uyğundur.
Rusiyaya münasibətdə vəziyyətin necə olduğunu görmək üçün, sadəcə, Azərbaycanda olmaq lazımdır. Siz şəhərin küçələri ilə keçsəniz, ünsiyyətdə olsanız, rus dilində danışan adamlara Azərbaycan dilində danışanlardan daha tez-tez rast gələ bilərsiniz. Axı, münasibətlərimizin daha da inkişaf etməsinə maraq olmasaydı, bu, çətin ki, belə olardı. Bir halda ki, Siz Rusiya cəmiyyətində belə əhval-ruhiyyə olduğunu dediniz, mənim yeganə arzum budur ki, Azərbaycanda görülən işlərin hamısını düzgün qiymətləndirsinlər. Mən çox istəmirəm, qoy, Prezident Putinin qiymətləndirdiyi kimi qiymətləndirsinlər. Lakin biz bəzi mənfi hallarla, münasibətlərimizin yanlış qiymətləndirilməsi ilə, mətbuatda Azərbaycanın ünvanına, bəzən olur ki, mənim ünvanıma mənfi çıxışlarla rastlaşırıq. Başa düşürəm ki, indi sizdə də, bizdə də mətbuat azadlığı var, istədiyini yaza bilərsən. Məsələn, bizim müxalifət qəzetlərində də xoşagəlməz sözlər yazırlar, mən bunu istisna etmirəm və demirəm ki, kimsə bunun üçün məsuliyyət daşıyır, lakin bunu tənzimləmək lazımdır. Mən, sadəcə olaraq, Rusiya cəmiyyətinə müraciət edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün Azərbaycanda görülən işlər düzgün qiymətləndirilsin, ölkəmizə tez-tez gəlsinlər ki, hər şeyi öz gözləri ilə görsünlər. Biz buna hazırıq.
Mən 2 il bundan əvvəl Rusiya jurnalistlərinin böyük bir qrupunu qəbul etmişdim, onlarla üç saat söhbətim oldu. Biz jurnalistləri, mədəniyyət xadimlərini sevinclə qəbul edəcəyik. İndi çox yaxşı oldu ki, təhsil nazirlikləri arasında çox böyük imkanlar yaradan belə bir sənəd imzalandı. Bir sözlə, mən xahiş edirəm, hamı bilsin ki, münasibətlərimizin inkişafını Azərbaycanda Rusiyadakından heç də az istəmirlər.
X X X
Sentyabrın 23-də axşam Rusiya dövlət başçısının iqamətgahında Prezident Vladimir Putinin adından Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət verildi.
Prezident Heydər Əliyev və Prezident Vladimir Putin elə həmin gün Kremldə təkbətək və geniş tərkibdə keçirdikləri görüşləri zamanı müzakirə etdikləri məsələlər barədə bir daha ətraflı fikir mübadiləsi apardılar.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ İQOR İVANOVU QƏBUL ETMİŞDİR
Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev sentyabrın 24-də Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanovu qəbul etmişdir.
Cənab İqor İvanov dövlətimizin başçısı Heydər Əliyevi səmimiyyətlə salamladı, Azərbaycan Prezidentinin Moskvaya işgüzar səfərinin ölkələrimizin sürətlə inkişaf edən əlaqələrinin daha da möhkəmləndirilməsinə yeni təkan verəcəyini bildirdi.
Rusiya xarici siyasət idarəsinin başçısı sentyabrın 23-də Moskvada Xəzərin dibinin bölgüsünə, təhsil məsələlərinə dair sazişlərin və bəzi digər sənədlərin imzalanmasının Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da sıxlaşdırılması üçün əsaslı zəmin yaradacağını söylədi və bu əlaqələrin Prezident Heydər Əliyevin və Prezident Vladimir Putinin birgə səyləri sayəsində intensiv inkişaf etdiyini vurğuladı.
Nazir İqor İvanov Azərbaycan Prezidenti Heydər Əliyevi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) fəxri doktoru adı alması münasibətilə bir daha təbrik etdi.
Dövlətimizin başçısı Heydər Əliyev ona Moskva Beynəlxalq Münasibətlər İnstitunun (Universitetinin) fəxri doktoru adının və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 200 illiyi münasibətilə yubiley nişanının verilməsindən məmnun qaldığını bildirərək, ölkələrimiz arasında möhkəm dostluq, sıx əməkdaşlıq münasibətlərinə həmişə böyük əhəmiyyət verdiyini vurğuladı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, regionda vəziyyət, beynəlxalq terrorizmə qarşı mübarizə və ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İNTERFAKS BEYNƏLXALQ İNFORMASİYA QRUPUNUN RƏHBƏRİNİ QƏBUL ETMİŞDİR
Sentyabrın 24-də Azərbaycan Prezidenti Heydər Əliyev onun üçün ayrılmış iqamətgahda İNTERFAKS beynəlxalq informasiya qrupunun rəhbəri Mixail Komissarı qəbul etmişdir.
Söhbətin əvvəlində Mixail Komissar səfər proqramının gərgin olmasına baxmayaraq, onu qəbul etməyə imkan tapdığına görə Azərbaycan Prezidenti Heydər Əliyevə təşəkkürünü bildirdi.
Mixail Komissar Rusiyada informasiya sahəsində vəziyyət barədə məlumat verərək dedi: “Biz şadıq ki, bugünkü Rusiyada çoxlu müxtəlif KİV-lər var. Məsələn, İNTERFAKS-ın İTAR-TASS və RİA ilə informasiya sahəsində nəzakətli rəqabəti ictimaiyyətə hadisələrdən müxtəlif mövqelərdən xəbər tutmağa imkan verir. Biz həmkarlarımızın peşəkarlığına hörmət bəsləyirik və çoxsaylı informasiya kanallarının olmasını faydalı hesab edirik”.
M.Komissar İNTERFAKS-AZƏRBAYCAN layihəsinin həyata keçirilməsinə başlandığını bildirərək vurğuladı ki, bu, Azərbaycanın informasiya məkanında da bu cür vəziyyət yaratmağa kömək edəcəkdir.
Azərbaycan Prezidenti Heydər Əliyev İNTERFAKS-ın yeni layihəsini - bu yaxınlarda yaradılan İNTERFAKS-AZƏRBAYCAN informasiya agentliyini dəstəklədiyini bildirərək dedi ki, onun fəaliyyətə başlaması Azərbaycanın siyasi və iqtisadi həyatında baş verən hadisələr barədə obyektiv informasiyanın dünyada yayılması imkanını xeyli yaxşılaşdıracaqdır.
Prezident Heydər Əliyev dedi: “Biz ümidvarıq ki, dünyada və Rusiyada Azərbaycanla maraqlananlar - siyasətçilər, biznesmenlər, kütləvi informasiya vasitələri yeni agentliyin kanalları ilə obyektiv və peşəkarlıqla hazırlanmış informasiya alacaqlar. Bu, hamının xeyrinədir”.
Aslan Aslanov,
Asya Hacızadə
Oqtay Aydınoğlu (foto)
AZƏRTAC-ın xüsusi müxbirləri,
Rafiq Bağırov(foto)